“İctimai iştirakçılıq: təşəbbüslər və yeni çağırışlar” mövzusunda konfrans keçirildi - FOTO +VİDEO
06 iyul, 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İctimai iştirakçılıq: təşəbbüslər və yeni çağırışlar” mövzusunda konfrans keçirilib.
Konfransda vətəndaş cəmiyyəti institutları, Komitə yanında İctimai şura üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər və sosial şəbəkə blogerləri iştirak edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qonaqları salamlayaraq, Komitənin öz fəaliyyət istiqamətlərinə uyğun olaraq, dövlət qurumları arasında həm vətəndaş cəmiyyəti, həm də media nümayəndələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Ölkəmizin keçdiyi tarixi yolda nailiyyətlərə və dövrün çətinliklərinə diqqət çəkən Komitə sədri əlavə edib ki, Azərbaycanın hazırki regionda və ictimai-siyasi prosesdəki yerini nəzərə alaraq könüllü şəkildə öz üzərinə götürdüyü beynəlxalq missiyaları yerinə yetirmək istiqamətində vətəndaş cəmiyyətləri ilə fəal əməkdaşlığın qurulması vacibdir.
Müəyyən edilmiş dövlət siyasətinə əsasən həyata keçirilən tədbirlərə baxmayaraq, cəmiyyətdə bizi narahat edən məişət zorakılığı, erkən nikah, təhsildən yayınma, məcburi əməyə cəlbolunma kimi insan hüquqlarını pozan mənfi halların hələ də baş verdiyini vurğulayan sədr, bu istiqamətlərin Komitə üçün prioritet olduğunu qeyd edib.
Bu gün vətəndaşların sosial problemlərinin ənənəvi üsullardan daha çox müasir texnologiyalar vasitəsilə paylaşıldığını deyən Bahar Muradova, sözügedən məsələlərin həllində dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əməkdaşlığı, xüsusilə də sosial medianın imkanlarından istifadənin böyük rol oynadığını söyləyib. O, qanunların və qəbul edilən sənədlərin qarşıya qoyduğu, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərindən, eyni zamanda müvafiq dövlət orqanların səlahiyyətlərindən irəli gələn öhdəliklərin icrası istiqamətində fəaliyyətin genişləndirilməsinin vacibliyindən söz açıb, bu sahədə gələcək layihələr barədə danışıb.
B. Muradova Dövlət Komitəsi yanında ötən iki il ərzində fəaliyyət göstərən İctimai Şuranın fəaliyyətini müsbət qiymətləndirib və seçilən yeni tərkibi təbrik edərək, qarşılıqlı əməkdaşlığın davamlı olacağını vurğulayıb.
Komitə yanında İctimai Şuranın sabiq sədri, “Vətəndaşların əmək hüquqlarını müdafiəsi liqası”nın sədri Sahib Məmmədov İctimai şuranın 2021-2023-cü illərdə fəaliyyət göstərmiş tərkibinin səlahiyyəti dövründəki fəaliyyətinə dair məruzə ilə çıxış edib. Bildirib ki, İctimai şuranın səlahiyyət müddəti COVİD pandemiyası ilə bağlı davam edən karantin dövrünə təsadüf etdiyi üçün mövcud olan məhdudiyyətlər səbəbindən ictimai şuranın tədbirləri, görüşləri, iclasları daha çox onlayn rejimdə keçirilmişdir. O, İctimai şuranın təşkil etdiyi tədbirlər, mediada edilən çıxışlar, ölkədə qadın, uşaq və ailə-məişət məsələləri ilə bağlı baş vermiş hadisələrlə bağlı hazırlanan müraciət və bəyanatlar barədə geniş məlumat verib. S. Məmmədov qeyd edib ki, iclaslarda əsasən fəaliyyət planlarının müzakirəsi və qəbul olunması, ictimai şuranın sosial şəbəkə hesablarının yaradılması haqqında məlumatlar verilmiş, üzvlərin fəallığı və fərdi hesabatlılıqla bağlı problemlərin müzakirəsi, cari məsələlər və s. müzakirə edilərək qərarlar qəbul olunmuşdur.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxışında Agentliyin fəaliyyətindən söz açıb, həyata keçirilən tədbirlərdən danışıb. Konfransın əhəmiyyətini vurğulayan A.Əliyeva dövlət qurumlarının vətəndaş cəmiyyəti ilə əməkdaşlığının cəmiyyətdə mövcud problemlərin həll edilməsində mühüm rol oynaya biləcəyini diqqətə çatdırıb. O, bu istiqamətdə maarifləndirmənin önəmini qeyd edib və ictimai şuraların müxtəlif ictimai təşəbbüslərlə çıxış etmək vəzifəsi daşıdığını əlavə edib.
A.Əliyeva Agentliyin qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq istiqamətində nəzərdə tutulan fəaliyyət planı haqqında məlumat verib.
Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın sədri Fariz Əkbərov şuranın tədbirlər planı haqqında məlumat verib. O bildirib ki, şuranın iclasında müxtəlif vacib məsələlərin müzakirəsi nəticəsində 3 işçi qrupu yaradılıb. Eyni zamanda sosial şəbəkələrdə təbliğat və maarifləndirmə məqsədilə şuranın sosial şəbəkələrdə səhifəsi yaradılmışdır. Bu səhifə vasitəsilə şura aktiv surətdə fəaliyyətini yayımlayır, vətəndaşların ərizə və təkliflərinə operativ reaksiya verir.
Çıxışlardan sonra sonra 2 il ərzində uğurlu fəaliyyət göstərdiyinə görə İctimai şura üzvlərinə təşəkkürnamələr təqdim edilib.
Davamında Komitə yanında İctimai şuraya seçkinin təşkili məqsədi ilə yaradılan Seçki komissiyasının üzvləri seçkilərin şəffaf şəkildə təşkilinə görə təşəkkürnamələrlə təltif edilib.
Eyni zamanda Komitəyə yeni seçilmiş İctimai şura üzvlərinə vəsiqələr təqdim edilib.
Konfrans müzakirələrlə davam edib. Fikir mübadiləsində qeyri-hökumət təşkilatı nümayəndələri qarşılıqlı əməkdaşlığın inkişafı istiqamətində təklif və tövsiyələrini səsləndiriblər.
Müzakirələrdə deyilən fikirlərə münasibət bildirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasınım Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Əli Pənahov vətəndaş cəmiyyəti institutunun son illər daha da inkişaf etdiyini, dövlət qurumları tərəfindən bu əməkdaşlığa olan diqqətin ciddi şəkildə artdığını qeyd edib. O bildirib ki, ictimai şuraların vəzifəsi dövlət qurumu və vətəndaşlar arasında kommunikasiyanı təmin etmək, vətəndaşları müvafiq xidmətlərə yönəltməkdir. Ə. Pənahov ictimai münasibətlərin formalaşması istiqamətində sosial platformalarda işin səmərəli təşkilinin vacib olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, Komitə yanında İctimai şuranın üzvləri cəmiyyətin həssas qrupları ilə işləyir və bu səbəbdən üzərilərinə də böyük məsuliyyət düşür.
Yekunda iştirakçılara təşəkkürünü bildirən Komitə sədri Bahar Muradova bildirib ki, biz belə bir müzakirənin başlanğıcını qoyduq və bir sıra suallara cavab tapdıq.
Konfransda Vətən müharibəsi qazilərinin iştirakına diqqət çəkən B. Muradova onların Komitənin fəaliyyətində, mərkəzlərin işində yaxından iştirakını yüksək qiymətləndirib və bütün vətəndaş cəmiyyəti institutu nümayəndələrinin dövlət qurumları ilə birgə əməkdaşlığının daha geniş müstəvidə davam edəcəyinə inamını ifadə edib.