AQUPDK İctimai Şuraya namizədlərin qəbulunu elan edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün namizədlərin qəbulunu elan edir.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Dövlət Komitəsi yanında İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə fevralın 7-dən başlanılıb.
Komitə yanında İctimai Şuraya üzv seçilmək üçün namizədlərin sənədləri hər bir vətəndaş cəmiyyəti orqanından bir nəfər olmaqla martın 10-dək Komitənin seçki komissiyasına təqdim olunmalıdır.
İctimai Şuranın üzvlüyünə irəli sürülən namizədlər İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə), namizədin şəxsiyyət vəsiqəsinin surəti, namizədin tərcümeyi-halı, namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin surəti və şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər) sənədləri təqdim etməlidir.
Namizədlərin və seçicilərin qeydiyyatı məsələsinə seçki komissiyası tərəfindən baxılır. Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.
Namizədlər qeyd olunan sənədləri fevralın 7-dən martın 10-dək Dövlət Komitəsinə şəxsən təqdim edə və ya [email protected] elektron ünvan vasitəsilə onlayn formada müraciət edə bilər.