Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında yaradılan İctimai şuraya sədr seçildi - FOTO

İctimai şuranın yeni heyətinin üzvləri ilə baş tutan görüşdə ilk olaraq, Dövlət Komitəsinin sədr müavini, İctimai şuraya şeçkilər üzrə Komissiyanın sədri Sədaqət Qəhrəmanovanın seçkinin yekunlarına dair məlumatı dinlənilib.

 

Sonra gündəliyin əsas məsələləri müzakirə olunub. Heyət üzvləri arasında “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq şuranın sədri, onun müavinləri və şuranın katibi vəzifələrinə seçilmək üçün səsvermə keçirilmişdir.

 

İki il müddətinə fəaliyyət göstərəcək İctimai şuraya üzvlər arasından səs çoxluğu ilə Fariz Əkbərov (“Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyi) şuranın sədri, Nailə İsmayılova (“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi) və Aynur Zülfüqarova (“Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi) şuranın sədr müavinləri, Səbinə Kərimova (“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi) şuranın katibi seçilib.

 

Dövlət Komitəsinin sədri Bahar Muradova seçki prosesini uğurla apararaq şuraya üzv seçilən qeyri-hökumət təşkilatı nümayəndələrini təbrik edərək onlara bu sahədə dövlət siyasətinin həyata keçirilməsi üçün qanunla müəyyən olunmuş səlahiyyət və öhdəliklərin icrasında hər cür dəstək veriləcəyini diqqətə çatdırıb. O, Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlərin icrasında İctimai Şura ilə əməkdaşlığın səmərəli və davamlı olacağını bildirib.

 

Həmçinin Dövlət Komitəsinin öz fəaliyyətini həyata keçirərkən vətəndaş maraqlarını, o cümlədən, ictimai rəyin öyrənilməsi və nəzərə alınması sahəsində şəffaflığın və aşkarlığın təmin edilməsi işinə bu əməkdaşlığın çox böyük töhfə verəcəyinə inandığını qeyd edərək, onlara uğurlar arzu edib.

 

Sonra İctimai şuranın fəaliyyət istiqamətləri ilə bağlı rəy və təkliflər səsləndirilib. Şura üzvləri Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlərdə yaxından iştirak edəcəklərini, ictimai müzakirələrin daha səmərəli təşkilinə öz töhfələrini verəcəklərini bildiriblər.

Görüş müzakirələrlə davam edib.


Paylaş