Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura

 Bahar Muradova İctimai Şura üzvləri ilə görüş keçirib - FOTO

Dekabrın 5-də  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində BMT-nin «Uşaq hüquqları Konvensiyası» ilə bağlı V və VI dövri hesabata hazırlıq məqsədilə Komitə yanında İctimai Şura ilə görüş keçirilib.

Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, ictimai şuranın hazırki tərkibi ilə 2 illik fəaliyyəti qiymətləndirərək, müsbət təcrübənin və faydalı əməkdaşlıqların formalaşdırıldığını diqqətə çatdırıb. O, dövri hesabatın hazırlanmasında ictimai şura üzvlərinin tövsiyələrinin önəmli olduğunu bildirib. B.Muradova, görüşün dövlət uşaq siyasətini həyata keçirən mərkəzi icra orqanı kimi Komitənin təqdim edəcəyi ölkə hesabatına vətəndaş cəmiyyətini təmsil edən ictimai şuranın fikir və münasibətini öyrənmək məqsədi daşıdığını qeyd edib. Sədr, müzakirələrin növbəti hesabatda hansı məqamların nəzərə alınması, vacib problemlərə diqqət edilməsi baxımından faydalı olacağına inamını ifadə edib.

Komitə yanında İctimai Şuranın sədri Sahib Məmmədov ictimai şuraların dövlət qurumlarının fəaliyyətinin qiymətləndirilməsi baxımından önəmindən bəhs edib, hesabat öncəsi belə görüş təşəbbüsünü müsbət qiymətləndirib. O, eyni zamanda uşaq hüquqlarının təmin olunması ilə bağlı mövcud vəziyyəti təhlil edərək, problemləri səsləndirib və fikirlərini bölüşüb.

Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva «Uşaq hüquqları Konvensiyası»na uyğun olaraq Azərbaycanın qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi vəziyyətinə dair məruzənin hazırlanması ilə bağlı təqdimatla çıxış edib. O, Konvensiyadan irəli gələn tövsiyələrin icrası məqsədilə aidiyyəti dövlət qurumlarının iştirakı ilə işçi qrupun yaradıldığını və lazımi məlumat mübadiləsinin həyata keçirildiyini bildirib. Qeyd olunub ki, hazırda təklif və tövsiyələrin təhlili, ümumiləşdirilməsi prosesi aparılır. G. Nağdəliyeva, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı həyata keçirilən tədbirlərdən və layihələrdən bəhs edib, bu fəaliyyətlərin dövri məruzələrdə öz əksini tapacağını bildirib.

Görüşün davamında mövzu üzrə müzakirə aparılıb, təklif və tövsiyələr dinlənilib.

 


Paylaş