Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura

İctimai Şura Zorakılıq qurbanı olmuş uşaqların vizual görüntülərinin yayılması ilə bağlı HƏYACAN TƏBİLİ

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura  Kütləvi-informasiya vasitələri, vətəndaş cəmiyyəti təmsilçiləri və sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT edib.

 

QHT.az müraciəti  təqdim edir.

 

Hörmətli media, vətəndaş cəmiyyəti nümayəndələri və sosial şəbəkə istifadəçiləri. 

 

Məişətdə, tədris müəssisələrində, o cümlədən məktəbəqədər tədris müəssisələrində və internat məktəblərində, bütövlükdə isə cəmiyyətdə həddi-buluğa çatmayanlara qarşı baş verən zorakılıq hallarına göstərdiyiniz həssas münasibətə görə hər birinizə təşəkkür edirik. 

 

Bununla belə uşaqlara münasibətdə zorakılıq hallarının ictimailəşdirlməsi zamanı zorakılıq qurbanı olan uşaqlara münasibətdə etik qaydaların pozulmasından, o cümlədən zorakılıq qurbanı olmuş uşağın (uşaqların) vizual görüntülərinin (video, foto) yayılması zamanı sifəti örtən filterdən (baby face filter) istifadə olunmamasından, onların fərdi məlumatlarının, o cümlədən adlarının, yaşayış ünvanlarının verilməsindən hədsiz narahatlığımızı ifadə edirik. Belə həssas məsələlərin ictimailəşdirilməsi zamanı ilk növbədə uşağın ən ümdə mənafeləri birinci yerdə olmalıdır.

 

Ölkəmizin tərəfdar çıxdığı müvafiq beynəlxalq normalara və milli qanunvericiliyimizə görə heç bir uşaq onun şəxsi və ailə həyatına, mənzil toxunulmazlığı, yazışma sirri hüququnun həyata keçirlməsinə özbaşına və ya qanunsuz müdaxilə və ya şərəf və nüfuzuna qanunsuz qəsdin obyekti ola bilməz. 

 

Bizlər bəzən bilməməzlikdən, bəzən səhlənkarlıqdan və ya hər hansı bir səbəbdən zorakılıq qurbanı olan uşaqlara qarşı zorakılıq hallarını ictimailəşdirərkən uşağın ümdə mənafelərinə xələl gətiririk və beləliklə zorakılıq qurbanın mənafelərinə zidd hərəkətlər etmiş oluruq. 

 

Hər birinizi zorakılıq qurbanı olmuş uşaqlara münasibətdə daha həssas olmağa, uşağın ümdə mənafelərinə zidd olan, onun şəxsi həyatına müdaxilə sayılan və fərdi məlumatlarının yayılmasına xidmət edən hərəkətlərdən çəkinməyə çağırırıq.

 

Müvafiq hakimiyyət orqanlarını tədris müəssisələrində, o cümlədən uşaq bağçaları, körpələr evləri, internat məktəbləri, ixtisaslaşmış tibb müəssisələri və digər yerlərdə də mütəmadi monitorinqlər keçirməyə və üzə çıxarılan neqativ hallarla bağlı ictimaiyyəti məlumatlandırmağa səsləyirik.

 

 


Paylaş