Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura

İctimai Şura 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirib

Martın 31-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Komitə yanında İctimai şuranın birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dəyirmi masada çıxış edən AQUPDK yanında İctimai Şuranın sədri Sahib Məmmədov bildirib ki, öz amansızlığına və miqyasına görə təkcə Azərbaycanın deyil, bəşər tarixinin ən qanlı faciələrindən olan 1918-ci ilin mart soyqırımları ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin tərkib hissəsidir. Azərbaycanlıların kütləvi qırğını, doğma yurdlarından didərgin salınması XX əsr tarixinin ən qanlı səhifələrindən biridir. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Bakı, Şamaxı, Quba və digər bölgələrdə törətdikləri qətliamların əsas məqsədi azərbaycanlıları xalq olaraq yer üzündən silmək, onların tarixi torpaqlarına sahiblənmək idi. Bu soyqırımı zamanı minlərlə insan qətlə yetirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, tarix boyu təcavüzkar siyasət həyata keçirməklə məşğul olan, qanlı və cinayətkar əməllər törədən, “böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoyub, havadarlarının köməyi ilə əzəli torpaqlarımızı zəbt etməyi özlərinin məqsədlərinə çeviriblər.

Diqqətə çatdırılıb ki, azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılıb. Soyqırımı yalnız Ulu Öndərin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini alıb. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün və vandalizminin nəticələrinin aradan qaldırılması, erməni vəhşiliyinin dünyaya təqdim olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gerçəkləşdirdiyi mühüm layihələr xüsusi qeyd edilməlidir.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin müəllimi, tarix elmləri doktoru Lətifə Əliyeva Azərbaycan xalqına qarşı yüz illər boyu davam edən soyqırımı və təcavüz siyasətinin məqsədi, mahiyyəti və tarixi barədə məlumat verib, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı, törətdikləri vəhşiliklər barədə danışıb.

Milli Məclisin deputatları Nizami Cəfərov və Nizami Səfərov çıxış edərək erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin acı nəticələrindən söz açıblar. Bildirilib ki, o faciələrdən əsrlər, illər keçsə də, xalqımız baş verənləri unutmur, soyqırımı qurbanları olmuş günahsız insanların xatirəsini dərin ehtiramla yad edir.

Azərbaycanlılara qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətlərin ictimaiyyətə çatdırılması, gələcək nəsillərin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyan tədbirdə müzakirələr aparılıb.

Sonda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat qəbul edilib.

 

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın Dövlət Komitəsi ilə birgə təşkil etdiyi “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş konfrans iştirakçılarının

BƏYANATI

 

    Mifik “Böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədilə erməni millətçiləri tərəfindən tarixin müxtəlif  mərhələlərində Azərbaycan xalqına qarşı dəfələrlə soyqırım, insanlıq əleyhinə və  müharibə cinayətləri həyata keçirlimişdir. Bu dəhşətli cinayətlərdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakıda və sonrakı aylarda Azərbaycanın digər regionlarında baş vermişdir.  Erməni-daşnak-bolşevik qruplaşmaları tərəfindən həyata keçirilən bu dəhşətli, insanların, o cümlədən yaşlıların, qadın və uşaqların kütləvi məhvi ilə müşayət olunan cinayətlər zamanı on minlərlə insan qətlə yetirilmişdir.

 Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən 1918-ci il iyulun 15-də yaradılan Fövqəladə İstintaq Komissiyasının məlumatına görə yalnız Bakıda bir həftə ərzində 12 mindən çox insan, əksəriyyətini dinc sakinlər təşkil edən və əsasən müsəlman olan əhali vəhşicəsinə qətlə yetirilmişdi. Azərbaycanlılara qarşı törədilən soyqırım Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə etmiş, 1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16.000-dən artıq insan öldürülmüş, 167 kənd məhv edilmişdir. Həmin dövrdə Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfər, o cümlədən 1653 qadın və 965 uşağı öldürülmüşdür. Beləliklə qısa müddət ərzində 50 000-ə yaxın dinc əhali məqsədli şəkildə və kütləvi qətlə yetirilmişdir.

     Təssüflə qeyd olunmalıdır ki, törədilən soyqırım cinayətləri ilə yanaşı  ermənilər tərəfindən Azərbaycan xalqına qarşı digər, o cümlədən hazırda mövcud beynəlxalq sənədlərdə müəyyən edilən  cinayətlər də baş vermişdir. Azərbaycanlılar zaman-zaman öz doğma və minilliklər ərzində yaşadıqları  doğma torpaqlarından müxtəlif adlar və əhanələr altında məcburi olaraq köçürülmüşlər. Azərbaycanlı əhalinin davamlı olaraq sıxışdırlması, onların yaşayışının qəsdən pisləşdirlməsi və beləliklə köçüb getməyə məcbur olunması prosesləri ilə yanaşı,  1905–1920-ci, 1948–1953-ci və  1988–1992-ci illərdə kütləvi deoprtasiyalar həyata keçirlimiş və beləliklə Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər baş vermişdir.

     1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilərin zaman-zaman törətdikləri cinayətlərin davamı olan daha bir dəhşətli soyqırımı baş verdi. Hücum zamanı şəhərdəki 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı, 1275 nəfər girov götürüldü və insanı alçaldan işgəncələrə məruz qaldı. Xocalı soyqırımı ilə yanaşı Azərbaycanın digər ərazilərində soyqırım aktları, çoxsaylı müharibə cinayətləri, o cümlədən hərbi və insanlıq əleyhinə cinayətlər törədildi. Bütün dünyanın gözü qarşısında yüz minlərlə insanlar 30 ildən artıq bir müddətdə etnik təmizləməyə məruz qaldılar, öz vətənlərində qaçqına və məcburi köçkünə çevrildilər.

     44 gün davam edən müharibə zamanı Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc insanlarına qarşı məqsədyönlü şəkildə raket hücumları, qadağan olunmuş silahlar, o cümlədən kasetli bombalar, kimyəvi silahlar tətbiq etməklə müharibə cinayətləri törədildi.

     Təssüflə qeyd edirik ki, Azərbaycan xalqına qarşı  bir əsrdən artıq davam edən soyqırım, insanlıq əleyhinə və müharibə cinayətləri davam etsə də indiyədək beynəlxalq müstəvidə bu cinayətlərə siyasi qiymət verilməmiş, onu törədən canilərin mühakiməsi üçün hər hansı tədbirlər həyata keçirlməmişdir.

     Biz, Azərbaycan ictimaiyyətinin təmsilçiləri olaraq beynəlxalq təşkilatları, o cümlədən beynəlxalq qeyri-hökumət təşkilatlarını, xarici ölkələrin müvafiq qurumlarını ikili standartları kənara qoyaraq Azərbaycan xalqına qarşı törədilmiş soyqırım, insanlıq əleyhinə və hərbi cinayətlərə obyektiv münasibət bildirməyə səsləyirik.

 

 

Bakı,

31 mart 2022-ci il

 

 

 


Paylaş