Mədəniyyət Nazirliyi yanında İctimai Şura

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”

Mədəniyyət Nazirliyi yanında İctimai Şura Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birgə “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edib. Tədbirdə kitabxana əməkdaşları, İctimai Şura üzvləri, sahə mütəxəssisləri və b. iştirak edib.

 

Tədbir iştirakçıları öncə kitabxana ilə yaxından tanış olub. Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qənbərova qonaqlara kitabxananın yaranma tarixi, inkişafı, mövcud fondu, şöbələri barədə geniş bilgi verib, uşaqların oxu mədəniyətinin artırılması və onların həyatında kitabın rolu haqqında fiklirlərini bölüşüb: “Əsas məqsədimiz kitab xəzinəmizi qorumaq, uşaqlara sevdirmək və  gələcək nəsillərə bu gələnəyimizi doğru-düzgün şəkildə ötürməkdir”.

 

Tədbirin aparıcısı – Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı müzakirə olunan mövzu ilə bağlı aparılan dövlət siyasəti, görülən işlər və mövcud problemlərdən danışıb. O, öz çıxışında çağdaş uşaq ədbiyyatının janr problemlərindən söz açıb, qalib ölkənin uşaqları üçün ruhlandırıcı əsərlərin yazılması kimi məsələlərə toxunub.

Digər çıxışçılar – İctimai Şuranın sədr müavini Vüqar Qədirli, İctimai Şura üzvləri – filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzər, Samirə Mustafayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli, Xanoğlan Əhmədov uşaq oxusunun durumu, dünya uşaq ədəbiyyatından tərcümə problemləri və s.-dən danışıblar.

 

Tanınmış şair, pedaqoq, filologiya elmləri doktoru, professor Zahid Xəlil, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova, uşaq yazıçısı, şair-tərcüməçi Sevinc Nuruqızı, Respublika Uşaq Kitabxanasının Elmi işlər üzrə direktor müavini, Əməkdar Mədəniyyət işçisi, uşaq yazarı Zahirə Dadaşova, ADPU-nun Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, dosent Şöhrət Məmmədova, Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlhamə Ağazadə və b. “Çağdaş uşaq ədbiyyatının janr problemləri: uşaqlar üçün irihəcmli əsərlər niyə yazılmır?”, “Bu gün üçün uşaq ədəbiyyatının oxusu hansı səviyyədədir?”, “Oxunun səviyyəsini qaldırmaq üçün hansı kütləvi tədbirlərə ehtiac var?”, “Bölgələrdə uşaq oxusunun durumu”, “Dünya uşaq ədəbiyyatından tərcümə problemləri. Tərcümə edilən əsərlərin uşağın inkişafına təsiri”, “Kiçikyaşlı uşaqlar üçün bədii örnəklər niyə yazılmır?”, “Müəllifli uşaq şeirləri, sanamalar, yanıltmaclar,  nazlamalar, oxşamalar, laylalar kimi janrların sıradan çıxmaması üçün hansı tədbirlər görülməlidir?”, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün ədəbi örnəklərin seçilməsi, nəşri problemləri” mövzuları üzrə çıxış edib.

 

Çıxışçılar müvafiq mövzular üzrə əldə edilən uğurlardan, müşahidə olunan qayğılardan, uşaq ədəbiyyatı oxusunun mövcud durumundan, uşaqlarda oxu səviyyəsinin yüksəldilməsi yönündə hansı tədbirlərin görülməli olmasından, kiçikyaşlılar üçün günün tələblərinə, çağırışlara cavab verən bədii örnəklərin azlığından və b. həllivacib məsələlərdən, problemlərdən danışıb, müxtəlif təşəbbüs və təkliflərlə çıxış ediblər. Çıxışlarda həmçinin, Respublika Uşaq Kitabxanasının “Uşaq kitab karvanı” layihəsinin bərpasının vacibliyinə vurğu edilib.

Müzakirələrin sonunda qərara alınıb ki, tədbirdə səslədirilən mövcud problemlərin Elm-Təhsil Nazirliyi və Gənclər-İdman Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şura üzvləri ilə birlikdə, habelə digər platformalarda müzakirəsi məsələsinə baxılsın.


Paylaş