Mədəniyyət Nazirliyi yanında İctimai Şura

Nazir: Aidiyyəti şöbələr ilə İctimai Şura arasında ayda bir dəfədən az olmayaraq görüş keçirilməlidir

23 fevral tarixində mədəniyyət naziri Anar Kərimovun iştirakı ilə Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib.

 

İctimaishura.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan A.Kərimov bu tədbirin əldə edilən uğurlardan sonra ilk görüş olduğunu bildirib. 2022-ci ilin “Şuşa ili” elan edilməsini vurğulayaraq, cari ilin Şuşa bayramı kimi keçiriləcəyi iclas iştirakçılarının nəzərinə çatdırılıb.

 

İctimai Şuranın sədri Gəray Əlibəyov çıxış edərək, şuranın fəaliyyətindən bəhs edib. Şura tərkibində 7 işçi qrupu yaradıldığı bildirilib. Teatr və kino sahəsi üzrə işçi qrupunun keçirəcəyi 1-ci Müstəqil teatrlar festivalı haqda məlumat verilib. 17 özəl teatrın festivalda iştirak edəcəyini bildirilib. Digər işçi qruplarının da görəcəyi işlərdən danışıb. Növbəti 6 ay üçün 100-ə yaxın tədbirin baş tutacağı qeyd olunub.

 

A.Kərimov çıxışında bildirib ki, tədbirlərin sayı yox keyfiyyətinə önəm verilməlidir. İctimai Şuradan gözləntimiz budur ki, ictimaiyyət ilə Mədəniyyət Nazirliyi arasında körpü yaratsın. Vətəndaş cəmiyyətinin səsini bizə çatdırsın. Vətəndaş cəmiyyətinin baxışı bizim üçün vacibdir. İctimai Şura vəzifədir, imtiyaz deyil. İctimai Şuranın vəzifəsi məsuliyyətdir. Bu baxımdan nazirlik ilə konstruktiv əməkdaşlıq edilməlidir.

 

İctimai Şura sədr müavini Şahin Qədirov çıxış edərək bildirib ki, işə götürmə sahəsində problemlər mövcuddur.

 

A.Kərimov həmçinin qeyd edib ki, işə götürülmə üçün platforma, meyar müəyyən edilməlidir. Vətəndaşlar platformaya çıxsın, şəffaf şəkildə işə götürülmə həyata keçirilsin. Bildirilib ki, sistem formalaşmalıdır ki, pərakəndəlik olmasın. Əks halda şəffaflıq və keyfiyyət olmayacaq. Artıq 1 ildi islahatlara başlanılıb. Uşaq musiqi və incəsənət məktəblərinə Dövlət İmtahan Mərkəzi ilə birgə şəffaf şəkildə imtahanlar keçiriləcək. Bu nümunə teatrlar, mədəniyyət klubları və digər mədəniyyət müəssisələrinə də tətbiq olunacaq.

 

Nazir habelə bildirib ki, islahatlar uzunmüddətli xeyirə yol açmalıdır.

 

“Nazirlik keçid dövründədir. İslahatların arxasında sağlam niyyət var. Uzun illərdən qalan problemləri həll etmək lazımdır”.

 

Sədr müavini Əkbər Yolçuyev çıxış edərək, işğaldan azad olunmuş ərazilərdə mədəni irsimizlə bağı möcud olan problemlərdən danışılıb. Birgə həll yolları müzakirə olunub.


Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin əməkdaşı Elgün Əliyev aidiyyəti üzrə görülən işlərdən bəhs edərək bildirib ki, 194 şəhid ailəsi üzvü işlə təmin olunub. Qeyd edilib ki, işə götürülmə ilə bağlı sözügedən fəaliyyət davam etdirilir.

 

Sonda A.Kərimov bildirib ki, aidiyyəti şöbələr ilə İctimai Şura arasında ayda bir dəfədən az olmayaraq görüş keçirilməlidir. Mədəniyyət əyləncə deyil, sərvətdir, mirasdır, güc-qüvvədir. Mədəniyyət çox mühüm məsələdir. Gələcək nəsillər qarşısında öhdəliyimiz var. Məhz buna görə də, İctimai Şura ilə birlikdə produktiv, effektiv, səmərəli fəaliyyət qurulmalıdır.


Paylaş