Mədəniyyət Nazirliyi yanında İctimai Şura

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın 2022-ci ilin planlarına dair toplantısı keçirilib - FOTOLAR

Yanvarın 12-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın 2022-ci ilin planlarına dair toplantısı keçirilib.

QHT.az  xəbər verir ki, əvvəlcə İctimai Şuranın sədri Gəray Əlibəyov şuranın tərkibində fəaliyyət göstərən işçi qrupları barədə məlumat verib.

Bildirib ki, ictimai şuranın tərkibində 4 işçi qrupu fəaliyyət göstərir. Onlardan birinə tanınmış aktyor və bədii qiraətçi, Əməkdar artist Azad Şükürov rəhbərlik edir: “Bu işçi qrupu sənətə marağı olan gənclərə ustad dərsləri keçəcək. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədlinin rəhbərlik etdiyi ikinci işçi qrupun fəaliyyəti mədəni irsimizlə bağlıdır. Növbəti işçi qrupuna Xalq artisti Vidadi Həsənov rəhbərlik edir və bu işçi qrupu Azərbaycanda fəaliyyət göstərən teatr tamaşaları və festivalların keçirilməsilə məşğul olur. Beynəlxalq əlaqələr adlanan sonuncu qrup isə Əməkdar incəsənət xadimi, musiqişünas Cahangir Səlimxanovun rəhbərliyi altında fəaliyyət göstərir”.

İclasda çıxış edən Azad Şükürov deyib ki, o, Mədəniyyət və İncəsənət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və digər qabiliyyət yönümlü təhsil ocaqları ilə danışıqlar aparıb. Qeyd edib ki, qrupun məqsədi regionlardakı istedadlı gəncləri üzə çıxararaq, onların mədəniyyət və incəsənət sahəsində təhsillərinə yardımçı olmaqdır. “Çox zaman belə gənclər hara müraciət edəcəklərini bilmirlər. Bu səbəbdən də bölgələrdə görüşlər keçirilərək istedadlı gənclərə universitetlərə daxil olmaq üçün bütün məqamları izah etməyi düşünürük. Həmçinin yaxşı olardı ki, bölgələrdə yaşayan mədəniyyət xadimləri ilə də görüşlər keçirilsin. Bu, onların təcrübələrini bölüşməyə və bölgələrdə teatrların canlanmasına səbəb olardı. Biz istedadlı, qabiliyyətlı gənclərə dəstək olmalıyıq ki, bütövlükdə mədəniyyətimiz inkişaf etsin”, - deyə Azad Şükürov söyləyib.

Mədəniyyət Nazirliyinin şöbə müdiri İsmayıl Əbdüləzimov çıxış edərək şura tərəfindən irəli sürülən təkliflərə münasibət bildirib: “İctimai şura ilə birgə əməkdaşlıq problemlərin həlli yollarının tapılmasına kömək ola bilər. Vətəndaşlar bizim birgə fəaliyyətdən yararlanmalıdırlar. Bütün işimiz vətəndaş yönümlü olmalıdır. Faydalılıq artdıqca problemlər də azalacaq. Biz İctimai Şuranın həll yönümlü təkliflərini dinləməyə hazırıq. İnanıram ki, qarşılıqlı əməkdaşlıq nəticəsində birgə problemlərin öhdəsindən gələcəyik”.

Milli Məclisin deputatı Fazil Mustafa mədəniyyət sahəsində bir sıra problemlərin olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, İctimai Şuranın fəaliyyəti bu problemlərin aradan qaldırılmasına təkan verəcək.

Tədbirdə Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın cari ildə reallaşdıracağı işlərlə bağlı geniş məlumat verilib və fikir mübadiləsi aparılıb.


Paylaş