Mədəniyyət Nazirliyi yanında İctimai Şura

 İctimai Şura tərəfindən ictimai dinləmə keçirilib - FOTOLAR

Martın 1-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi yanında İctimai Şura tərəfindən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib.  

Tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, İctimai şuranın sədri, millət vəkili, akademik Nizami Cəfərov, baş idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbər və əməkdaşları iştirak ediblər.   

Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalının moderatorluğu ilə keçirilən dinləmədə tədbirin məqsədi haqqında məlumat verilib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa çıxış edərək müasir dövrdə cəmiyyətin mədəniyyətə münasibətinin böyük əhəmiyyət kəsb etdiyini deyib. Bildirib ki, mədəniyyətin cəmiyyətdə dəyər qazanmasında insanların yanaşmasının mühüm təsiri var: “Bədii-estetik zövqü formalaşdıran insanların sayı azaldıqca cəmiyyətdə intellektual səviyyə də aşağı düşür. Sonradan bu səviyyəni bərpa etmək uzun zaman alır və çətin olur. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu gün bizə yeni ideyalar lazımdır. Bu ideyalar təkcə iqtisadi-siyasi sahədə deyil, həmçinin mədəniyyət və təhsildə də özünü büruzə verməlidir. İnsanların sosiallaşması üçün mədəni səviyyəni yüksək səviyyədə saxlamaq lazımdır. Xüsusilə, regionlarda bu sahəyə diqqət yetirilməlidir”. 

Digər çıxışlarda mədəniyyət sahəsində gənclərə göstərilən diqqət və qayğıdan, incəsənət təhsilinin problemləri, baş idarənin tabeliyində fəaliyyət göstərən qalereya, teatr, kitabxana, musiqi və incəsənət məktəblərin iş prinsipləri, qanunvericilikdə nəzərdə tutulan müddəaları əsas tutmaqla yeniliklərin tətbiqi, sahə üzrə mövcud problemlərdən söz açılıb. İştirakçılar mövzular üzrə fikir və təkliflərini bölüşüblər. 

Sonda çıxış edən akademik Nizami Cəfərov İctimai Şura tərəfindən qeyd olunan məsələlərlə bağlı müzakirələrin keçiriləcəyini diqqətə çatdırıb.


Paylaş