İctimai Şura tərəfindən müxtəlif bölgələrdə monitorinqlərin keçirilməsi planlaşdırılır.
Mədəniyyət Nazirliyinin fəaliyyətində şəffaflığı daha da artırmaq, müvafiq sahələrdə ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə ötən il nazirlik yanında İctimai Şura yaradılıb. İctimai Şura mədəniyyət sahəsində müxtəlif məsələlərlə bağlı müzakirələr təşkil etmək, müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə təkliflər vermək hüququna və qanunvericiliklə müəyyən edilən digər hüquqlara malik məşvərətçi qurum olaraq fəaliyyət göstərir. Ümumilikdə 9 üzvü olan şuraya "Mədəni İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Gəray Əlibəyov sədrlik edir.
G.Əlibəyovun sözlərinə görə, İctimai Şuranın əsas fəaliyyət istiqaməti nazirliklə ictimaiyyət arasında səmərəli əlaqələrin təşkili, şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin, vətəndaşların qanuni maraqlarının nəzərə alınmasıdır. İctimai Şura məşvərətçi qurum olaraq ictimai əsaslarla (ödənişsiz) fəaliyyət göstərir: "Qeyd edim ki, Mədəniyyət Nazirliyi yanında ilk dəfə yaradılan İctimai Şuranın fəaliyyəti mədəniyyət sisteminə nəzarəti gücləndirir, eyni zamanda nazirlik və onun tabeliyində olan qurumlarla QHT və digər ictimai təşkilatlar arasında səmərəli əməkdaşlığın qurulmasına yardımçı olur. Şura bu sahədə həm şəffaflığın təmin edilməsi, həm də keyfiyyətin artırılması istiqamətində tədbirlər həyata keçrir. Yenilikçi layihələrin yerinə yetirilməsi üçün edilən müraciətlərin icra olunması istiqamətində müvafiq işlər görür".
Gəray Əlibəyov bildirib ki, "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"yə uyğun olaraq bu ilin iyul ayında Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. İctimai Şuranın fəaliyyətinin təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin dörd və mədəniyyət sahəsində ixtisaslaşan vətəndaş cəmiyyəti institutlarının beş nümayəndəsindən ibarət Seçki komissiyası tərəfindən müsabiqə zamanı təqdim olunan sənədlər qiymətləndirilib. G.Əlibəyov qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplayan namizəd kimi İctimai Şuranın üzvü seçilib. İctimai Şuraya seçkilərin ikinci mərhələsi zamanı isə qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplayan 8 namizəd İctimai Şuranın üzvü seçilib. Hazırda Şuranın ümumilikdə 9 üzvü var. Bu üzvlər "Zirvə" mədəniyyət və incəsənət İctimai Birliyinin sədri Şahin Qədirov, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Yolçuyev "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin sədri Cəmilə Abdulova, "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva, "Gələcəyə baxış" Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova, "Əlil Təşkilatları İttifaqı"nın sədri Davud Rəhimli, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeynidir.
Sədrin dediyinə görə, Şura milli mədəniyyətimizin müasir inkişaf konsepsiyasına yönəlik bütün təklif və ideyaları dəstəkləyir, bu işlərin gerçəkləşməsi üçün təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir: "Şura tərəfinfən mədəniyyət sahəsi üzrə monitorinqlər keçirilir və nəticələr Nazirliyin rəhbərliyinə təqdim olunur. İctimai Şura üzvlərinin təşəbbüsü ilə ekspert qrupu yaradılıb. Ekspert qrupunda Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, fond, nəşriyyat rəhbərləri, muzey, teatr direktorları təmsil olunur. Şura tərəfindən qərara alınıb ki, ekspert qrupunun tərkibində rəssamlıq, heykəltaraşlıq, ədəbiyyat, teatr, kino, mədəniyyət və incəsənətin digər sahələri ilə bağlı işçi qrupu yaradılsın. Qrup yaradılmazdan öncə sözügedən sahələr üzrə monitorinq keçirilsin və işçi qrupu ictimaiyyətin istəklərini qarşılaya bilməsi üçün fəaliyyətini keçirilən sorğunun nəticələrinə uyğun qursun. İşçi qruplardan birinə Əməkdar artist Azad Şükürov rəhbərlik edəcək. Qərara alınıb ki, işçi qrupu tərəfindən regionlarda Mədəniyyət və İncəsənət Universitetində təhsil almaq arzusunda olan 11-ci sinif şagirdləri üçün ustad dərsləri təşkil olunsun. Ustad dərsləri Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri tərəfindən keçiləcək". Mədəniyyət Nazirliyi yanında İctimai Şura ilə Mədəniyyət və İncəsənət Universitetinin birgə fəaliyyətinin möhkəm zəmin üzərində qurulması məqsədilə tərəflər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq müqaviləsi imzalanıb. Bundan başqa, Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri ilə birgə keçiriləcək tədbirlər, xüsusilə konservatoriyaya daxil olmaq istəyən şəxslər üçün ustad dərslərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb: "Qeyd edim ki, artıq İctimai Şuranın teatr, kino, fondlar, nəşriyyat və kitab işi, incəsənət sahəsi, beynəlxalq əməkdaşlıq, habelə muzey işi və mədəni sərvətlər üzrə işçi qrupu fəaliyyət göstməsi planlaşdırılır. Artıq iki işçi qrupu yaradılıb. Bu işçi qrupunlardan birinə Xalq artisti Vidadi Həsənov rəhbərlik edir. Bu günlərdə işçi qrupu tərəfindən özəl teatrların festivalının keçirilməsi məsələsi gündəmə gətirilib. Festivalın gələn il keçirilməsi planlaşdırılır. Bu tədbirin keçirilməsi özəl teatrların öz işlərini inkişaf etdirməsinə və fəaliyyətlərini genişləndirməsinə təkan olacaq. Festivalda aktyorlar, mədəniyyət xadimləri, incəsənət adamları, ziyalılar, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edəcəklər. Festivalın başlıca məqsədi Azərbaycanda festival ənənəsinin genişlənməsinə vasitəçi olacaq".
Gəray Əlibəyov vurğulayıb ki, İctimai Şura tərəfindən müxtəlif bölgələrdə monitorinqlərin keçirilməsi planlaşdırılır. Eyni zamanda, işğaldan azad olunan ərazilərdə olan dağıdılmış abidələr ilə bağlı materialların hazırlanması, erməni vandallığının nümayiş etdirilməsi üçün müsabiqələr keçiriləcək: "Şura üzvləri mədəniyyət sahəsində, mədəni irsin təbliği ilə bağlı səmərəli iş aparmaqla yanaşı, insanların maariflənməsi istiqamətində də müvafiq işlər görmək niyyətindədir".
Şura sədrinin söylədiyinə görə, bugünədək İctimai Şura tərəfindən bir sıra tədbirlər, görüşlər, monitorinqlər keçirilib. Şura üzvləri ilə teatr direktorları arasında görüş olub: "Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliğidir. Eyni zamanda, tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici vətəndaşlar tərəfindən yaxından tanınıdılmasıdır. Şura tərəfindən bu istiqamətdə müvafiq tədbir həyata keçirilir".
Şura sədri qeyd edib ki, yaxın vaxtlarda Mədəniyyət Nazirliyinin internet səhifəsində İctimai Şura bölməsi yaradılacaq və nəticədə təkliflərin daha operativ şəkildə rəhbərliyə çatması təmin ediləcək: "İctimai Şura Nazirliklə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, onun fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, qərarların qəbulu zamanı ictimai rəyin, vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətlərindəki fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək".
S.QARAYEVA / 525-ci qəzet