İctimai Şura Mədəniyyət və İncəsənət Universiteti ilə əməkdaşlıq edəcək
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyov, nazirliyin Sənəd və vətəndaşlarla iş şöbəsinin müdiri İsmayıl Əbdüləzimovla bərabər, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Ceyran Mahmudova ilə görüşüb.
Görüşdə iştrak edən universitetin kafedra müdiri Azad Şükürov, Xalq artisti Vidadi Həsənov və universitetin prorektoru professor Gülşən Əliyeva təşkilatlar arasında qarşılıqlı münasibətlərin qurulması və onun perspektiv inkişaf yolları mövzusunda müzakirələr aparıb.
Görüşdə müəyyən tədbirlərin, layihələrin həyata keçirilməsi üçün Mədəniyyət Nazirliyi və Mədəniyyət və İncəsənət Universitetinin struktur bölmələri, tabe təşkilatları ilə əməkdaşlıq edilməsi qərara alınıb. Böyük tədbirlərin təşkili və təbliğində bu cür əməkdaşlığın faydalı olacağı vurğulanıb. Mədəniyyət Nazirliyi yanında İctimai Şura ilə Mədəniyyət və İncəsənət Universitetinin birgə fəaliyyətinin möhkəm zəmin üzərində qurulması məqsədilə tərəflər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq müqaviləsinin imzalanması məsələsi müzakirə olunub. Bundan başqa, Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri ilə birgə keçiriləcək tədbirlər, xüsusilə konservatoriyaya daxil olmaq istəyən şəxslər üçün ustad dərslərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Özəl teatrların festivalının keçirilməsi ilə bağlı məlumat verilib, Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin də bura cəlb edilməsi ilə bağlı razılığa gəlinib. Eyni zamanda, anlaşmaya əsasən 15-20 nəfərdən ibarət könüllülərin İctimai Şuranın fəaliyyətinə cəlb ediləcəyi və İctimai Şuranın üzvlərinin Universitetin keçirdiyi tədbirlərdə iştirakı məsələsi müzakirə olunub.