İctimai Şura müxalifət deyil ki, işini ancaq tənqid üzərində qursun - Ekspert

Nazirliklər yanında İctimai şuralar yaradılıb. Amma bu qurumların işi cəmiyyətdə birmənalı qarşılanmır. Sözügedən qurumlar adından da göründüyü kimi, nazirliklərin fəaliyyətinə ictimai nəzarət həyata keçirməli, yeri gələndə tənqid etməlidir. Ancaq müşahidələr göstərir ki, bütün İctimai şuralar sanki nazirliyin bir strukturudur və ancaq rəsmi qurumu tərifləməklə məşğuldur.  

 

 

İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin rəhbəri, QHT.az və ictimaishura.az saytlarının rəhbəri Cəsarət Hüseynzadə Modern.az-la söhbətdə məsələyə münasibət bildirib.

 

O xatırladıb ki, İctimai şuraların yaradılması 2014-cü il iyunun 1-dən qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” Qanuna və 30 may 2014-cü tarixində Nazirlər Kabineti tərəfindən qəbul edilən “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə əsaslanır.

 

“2014-2019-ci illərə diqqət etsək, bu dövrdə 33 mərkəzi icra hakimiyyəti orqanından 11-də İctimai şuralar yaradılmışdı. Demək olar ki, həmin dövrdə əksər mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan İctimai şuralar qapalı formatda və vətəndaş cəmiyyətinin əksər hissəsinin iştirakı olmadan formalaşmışdı.

 

Bu il martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev çıxışında ictimai nəzarətə toxunması və eyni zamanda ölkə başçısı tərəfindən təsdiq olunan “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” İctimai şuralar ilə bağlı yeni mərhələnin başlanğıcı oldu”.

 

Ekspert deyib ki, prosesə ötən ilin sonunda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin mərkəzi icra hakimiyyəti orqanlarında ictimai nəzarətin həyata keçirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, mövcud hüquqi bazanın təkmilləşdirilməsi məsələləri ilə bağlı həmin qurumların rəhbər şəxsləri ilə görüşdən sonra yenidən start verildi. Əsas tələb də seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi oldu”.

 

C.Hüseynzadə qeyd edib ki, 2021-ci ilin 5 ayı ərzində 7 mərkəzi icra hakimiyyəti orqanı yanında İctimai şuralara seçkilər keçirilib və yaxın müddətdə bir neçə qurumda da prosesin yekunlaşması gözlənir.

 

“Sözsüz ki, ortaya sual çıxır ki, ötən dövrdə bu ictimai şuraların fəaliyyəti qənaətbəxş olubmu? 

Əlbəttə ümumilikdə götürsək, elə də yaxşı nəticələri qeyd edə bilmərik.

 

Ayrı- ayrı məqamlara görə Ədliyyə Nazirliyi yanında İctimai komitə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Təhsil Nazirliyi yanında İctimai şuraların daha çox fərqləndiyini və fəal olduğunu qeyd etmək olar”.

 

Ekspert də təsdiqləyib ki, tez-tez sosial şəbəkələrdə və mediada İctimai şuraların işinin nazirlikləri tənqid və nəzarət etmək olduğu halda, “ancaq təriflər yağdırırlar” kimi iradlar yazılır.

 

“Əlbəttə, bununla bağlı suala birtərəfli cavab vermək də çətindir. Amma bütün hallarda İctimai şuraların ancaq müvafiq qurumun himayəçisi kimi çıxış etməsi də düzgün deyil. Eyni zamanda, İctimai Şuradan və orada təmsil olunan vətəndaş cəmiyyəti institutları nümayəndələrindən də tənqidçi obraz yaratmaq olmaz. Çünki İctimai Şura müxalifət deyil ki, işini ancaq tənqid üzərində qursun. Vətəndaş cəmiyyətinin əsas vəzifəsi inkişaf naminə olan təkliflərin və benefisarlarının hüquqlarının təminatı istiqamətdə təkliflərin dövlət siyasətinin həyata keçirilməsində tətbiqinə nail olmaqdır. İctimai Şura üzvlərinin hər hansı təkliflərlə çıxış etmələri də məhz həmin sahədə qeyd olunan sahədə problemin olmasına bir işarədir”.

 

C.Hüseynzadə bildirib ki, İctimai Şura üzvlərinin mətbuat və sosial şəbəkə üzərindən təmsil olduğu sahə üzrə tənqidlər səsləndirməsinə ehtiyac yoxdur:

 

“Çünki İctimai Şura bu tənqid və təkliflərin səsləndirilməsi üçün bir platformadır. Bu platforma səlahiyyətli şəxslərə daha yaxın bir imkandır. İctimai fəallar, QHT rəhbərləri mövcud problemləri həm də ona görə sosial şəbəkələr və mətbuatla qaldırırlar ki, onların səlahiyyətli şəxslərə birbaşa çıxışı yoxdur. Lakin İctimai Şura üzvlərinin bu imkanları olduğu üçün problemləri mətbuat və sosial şəbəkə vasitəsilə daha çox qaldırmadığı da anlaşılandır.

 

Kifayət qədər nümunələr var ki, İctimai Şura üzvlərinin qaldırdığı təkliflər və problemlərlə bağlı mövqeləri müvafiq qurumlar tərəfindən nəzərə alınıb və həlli istiqamətdə addımlar atılıb”.

 

C.Hüseynzadə qeyd edib ki, İctimai şuraların fəaliyyəti üçün kifayət qədər dairə mövcuddur:

 

“Lakin hazırda vətəndaş cəmiyyətinin mövcud imkanları daha keyfiyyətli və uğurlu fəaliyyət üçün yetərli deyil. İctimai şuraların müstəqil fəaliyyət göstərməsi üçün QHT sektorunun alternativ maliyyə imkanlarına sahib olması vacib şərtdir. Hazırda alternativ maliyyə mənbələrinə çıxışla bağlı ölkəmizdə vəziyyət o qədər də yaxşı deyil. “İctimai iştirakçılıq haqqında” Qanunun İctimai şuralardan başqa imkan verdiyi digər ictimai iştirakçılıq formaları ilə bağlı vəziyyət də ürəkaçan deyil. Təəssüf ki, bu sahədə vəziyyətin monitorinqi aparılmır və alterativ hesabatlar da yoxdur. İctimai şuraların fəaliyyətinin yaxşıladırılması üçün resurslar demək olar ki, yoxdur. İctimai şuralara seçkilərin keçirilməsi və onların fəaliyyəti ilə bağlı qanunvericiliyə ciddi dəyişikliklərin olması vacibdir. İctimai şuraların fəaliyyəti üçün şərait inkişaf etdirilməsə, resurslar formalaşdırlmasa, davamlı uğur hekayələrinin olması da gözlənilmir. Ümumilikdə, İctimai şuraların fəaliyyətinin inzibati xərclərinin qarşılanması üçün müstəqil fondun formalaşdırılması vacibdir”

 

C.Hüseynzadənin sözlərinə görə, 2021-ci ildə yaradılan və yenidən formalaşdırılan İctimai şuralarla bağlı danışmaq hələ tezdir.

 

“İctimai şuraların say tərkibi genişlənib, yeni simalar bu prosesə qoşulub. İctimai şuralara seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi ciddi tələb kimi qoyulub və demək olar ki, bu seçkilər ictimai nəzarət altında gerçəkləşir. Bizim təşkilat tərəfindən seçki proseduru ilə bağlı ciddi monitorinqlər aparılıb, problemlər dərhal ictimailəşdirilib. Demək olar ki, qaldırdığımız bütün problemlər həll olunub, seçki prosesi ilə 15-ə qədər iradımıza dərhal mərkəzi icra hakimiyyəti orqanları tərəfindən reaksiya verilib. Amma qanunvericiliyin özündə ciddi çatışmazlıqlar var və təkmilləşməyə ehtiyac duyulur”.

 

Xatırladaq ki, qanunvericiliklə İctimai şuraların aşağıdakı hüquqları var:

 

  • ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi barədə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanına təkliflər vermək;
  • müvafiq ərazidə və sahədə dövlət siyasətinin formalaşması və həyata keçirilməsi barədə təkliflərlə çıxış etmək;
  • müvafiq sahədə dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi barədə hüquqi
  • aktların layihələrinin hazırlanması ilə bağlı təkliflər vermək;
  • ictimai əhəmiyyət kəsb edən məsələlərin həllinə dair vətəndaş cəmiyyəti institutlarının təkliflərini toplamaq, ümumiləşdirmək və mərkəzi və yerli icra hakimiyyəti və
  • yerli özünü idarəetmə orqanına təqdim etmək;
  • dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinin müzakirəsi üçün açıq tədbirlər (ictimai müzakirələr, dinləmələr, seminarlar, konfranslar, dəyirmi masalar və digər tədbirlər) təşkil etmək;
  • ictimai rəyin öyrənilməsi üçün sorğular keçirmək və ya müvafiq təşkilatlara sorğu;
  • keçirilməsi barədə təkliflər vermək;
  • hüquqi aktların layihələrinin ictimai müzakirəsini keçirmək;
  • şuranın işinə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə
  • orqanlarının nümayəndələrini, vətəndaş cəmiyyəti institutlarını, ekspertləri və elmi təşkilatların, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrini, ayrı-ayrı mütəxəssisləri cəlb etmək;
  • öz məqsədlərini həyata keçirmək üçün daimi və müvəqqəti işçi orqanlar (komitələr, komissiyalar, ekspert qrupları, işçi qruplar və s.) yaratmaq;
  • ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) və strateji ekoloji qiymətləndirilmə (SEQ) ilə bağlı ictimai dinləmə təşkil etmək, habelə ictimai ekoloji ekspertizanı “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirmək və onun nəticələri barədə aidiyyəti üzrə məlumat vermək.

Paylaş