Ölkədə vətəndaş cəmiyyəti təşkilatlarının aktivliyi son illər fəaliyyəti gözəçarpan ictimai şuralarda da özünü göstərir. Qeyri-hökumət təşkilatları üzvlərinin şəffaf seçki yolu ilə seçilməsi nəticəsində formalaşan ictimai şuraların işi ilə yaxından tanış olmadan qənaətə gəlmək olmaz. Bu səbəbdən Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Ramil İskəndərli ilə söhbəti təqdim edirik.
-Ramil Bəy, miqrasiya spesifik sahədir, ictimai şurada təmsil olunmaq öz istəyinizlə olub?
- Bir müddətdir ki, hüquqşünas təlimçi kimi DMX ilə əməkdaşlığım var idi. Mən Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin rəhbəri kimi könüllü əsaslarla Miqrasiya Məktəbində təlim verirəm. Həmçinin, orqanın Azərbaycanla qonşu olan ölkə və regionlardan olan 13 dövlətə xidmət edən Miqrasiya üzrə Regional Təlim Mərkəzi də var ki, ora həm təlimçi, həm də iştirakçı kimi cəlb olunmuşam.
Bu səbəbdən Xidmətin iş prinsipləri baradə təcrübəm olduğundan keçən ilin iyul ayında ictimai şuraya namizədliyimi verdim. Düşündüm ki, mənim bu sahəyə töhfə vermək imkanlarım var. Seçki prosedurlarına uyğun olaraq şura sədri seçildim və doqquz nəfərlik ictimai şura üzləri ilə birgə fəaliyyətə start verdik. Mənimlə birgə üzvlərimiz bu sahədə təcrübəsi olan şəxslərdir: Əliyev Fuad (“Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” İctimai Birliyi), Fərzəliyev Əli (“Avrasiya Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi), Gözəlova Günel (“Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi), Hüseynova Məhsəti ( “Gənclərin Töhfəsi” İctimai Birliyi), Kətanov Məmməd ( “Azərbaycan Qızıl Aypara Cəmiyyəti) , Mehtiyeva Rahilə (“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi), Şükürov Adil ( “Miqrasiya Könüllüsü” İctimai Birliyi) və Vəliyev Asim (“Gənc Diplomatların Peşəkarlığının İnkişafına Dəstək” İctimai Birliyi).
-Hələ də ictimai şuranın mahiyyəti ilə bağlı həm cəmiyyətdə, həm də dövlət qurumlarında birmənalı fikir formalaşmayıb. Bəzən şuranın görə biləcəyi işlərə şübhə olur, və ya ümid olmur, əngəllər də öz yerində. Fəaliyyətiniz üçün aidiyyatlı qurum tərəfindən istədiyiniz şərait yaradılıbmı?
- Konkret bizim şuraya gəldikdə, əvvəldə də qeyd etdiyim kimi DMX ilə əməkdaşlığım bu məsələdə etimadıma əsas verdi. Şuramız formalaşandan sonra da rəhbərlik ilə ilk görüşlərdən hiss etdik ki, DMX də ictmai şuranın işində maraqlıdır və dəstək verməyə hazırdır.
Ümumilikdə götürdükdə isə, təəssüf ki, ictimai şuraların əhəmiyyəti və yardımçı funksiyası bəzi hallarda gözardı edilir, halbuki QHT –lərin məqsədi dövlət siyasətinin həyata keçirilməsində iştirak etməkdir. Həmçinin vətəndaş cəmiyyətlərinin siyasətin formalaşması və icrasında da rolu var. “İctimai iştirakçılıq haqqında” qanun çoxdan qəbul olunsa da, sevindiricidir ki, son illər ictimai nəzarət mexanizmləri və ictimai şuralarla bağlı proses sürətlənib, QHT-lərə fürsət verilib. Bu məsələdə düşüncədə, qavramada xeyli müsbət dəyişikliklər var.
Sözsüz, elə işlər var ki, görünüş yaratmaq məqsədini güdür, işə həvəslənənlərin bəzən başqa gözləntiləri olur. Qanuna görə, elə adından da göründüyü kimi şurada olmaq ictimai əsaslıdır, bəzən bu prinsip unudulur, missiyanın mahiyyətini anlamayanlar hələ də var. İctimai şura könüllü işdir, ora can atıb sonra hansısa başqa gözləntilərlə fəaliyyət mümkün deyil.
İctimai şuranın büdcə məsələsi tələb kimi daha çox səsləndirilir. Bəzi işləri təmsil olunan qurumdan nə isə gözləmədən də görmək olar. Könüllülük üzvlərin təşəbbüskarlğını diktə edir, bu biznes deyil axı. Belə yalnış təsəvvürlərin olması, ictimai şuranın da fəaliyyətinin effektivliyini azalda bilər. Vəzifəmiz qurumla vətəndaş arasında körpü rolunu oynamaqdır, bu yanaşma olsa, problemlər tez həllini tapar. Bizim də səriştəmiz çatan qədər işimizi görməliyik.
-Siz ictimai şura olaraq hansı töhfələr verə bilirsiz?
- Bizim işlədiyimiz qruplar daha çox miqrantlardır. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən daxil olan müraciətlər əsasən onların ölkədəki statuslarına və qarşılaşdıqları çətinliklərin həllinə yönəlik məsələlərdir. Şura üzvləri ilə birgə Dövlət Miqrasiya Xidmətinin işləri ilə yaxından tanışlıq imkanı yaradıldıqdan sonra dərhal fəaliyyət planı qurduq.
Ötən müddət ərzində görülən işlərdən bir neçəsini nəzərə çatdırmaq istəyərdim. Şura olaraq ilk dəfə Naxçıvana səfər etdik. Belə ki, Naxçıvan regional miqrasiya baş idarəsinin, həmçinin orada fəaliyyət göstərən ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən miqrasiya bölməsinin əməkdaşları ilə görüşdük. Həmçinin, Naxçıvan Qanunsuz miqrantların saxlanılması mərkəzinə baxış keçirdik. Monitorinq zamanı şərait və xidmət səviyyəsi ilə yaxından tanış olduq.
Xatırladım ki, öncə Bakı şəhəri Qanunsuz miqrantların saxlanılması mərkəzinə səfər etmişdik. Hesabatımızda bu barədə əhatəli qeydlərimiz var. Həmin müəssisələrdə ayrıca uşaq otaqlarının belə olması diqqətimizi çəkdi. Saxlama mərkəzlərinə baş çəkmələrdən sonra belə müəssisələrdə uşaqlara nəzərən həssas yanaşma üzrə qaydalar layihəsini hazırlayıb təqdim etdik. Əslində, bu praktikada artıq tətbiq olunan prinsiplər idi. Amma nəzəri şəkildə tövsiyələr və prinsiplər gələcəkdə miqrasiya haqqında qanunverilikdə bu və ya digər şəkildə nəzərdə tutulması gözlənilir.
İctimai iştirakçılığın bir formasi olan yazılı məsləhətləşmələr var ki, bu geniş tətbiq olunmur. Amma biz yazılı məslətləşmə formasında Xidmət tərəfindən “Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları” ilə bağlı öz rəyimizi bildirmişik. Fikir və rəylərimizin nəzərə alınması sevindiricidir. Bu işimizə marağı artırır.
-İctimai şurada üzvlərin birgə işi nə qədər əhəmiyyətlidir? Bəzən bir şəxs bir neçə ictimai şurada təmsil olunur.
Umimiyyətlə, qanunvericilikdə dəyişikliklərə ehtiyac hələ də müzakirə olunur.
- Bir şəxsin bir neçə ictimai şurada təmsil olunması qanunla qadağan deyil. Bəlkə adamın buna enerjisi var, bir neçə sahədə dəstək verməyə qadirdir. Yaxud əksinə, qanunvericilik imkan verirsə bu o demək deyil ki, bundan sui istifadə olunsun.
İctiami şura üzvü olmayan insanları da ekspert kimi bu proseseslərə cəlb etmək olar, necə ki, biz bunu bir neçə dəfə etmişik. Bu addım birgə işə xidmət edir.
Bizdə ictimai iştirakçılıq deyəndə daha çox prosedur qaydaları müzakirə olunur, səsvermə, seçilən, seçənlərdən danışılır. Mən daha çox praktikanın təkmilləşməsinin tərəfdarıyam. Yalnız qanunvericiliyin tez-tez dəyişməsi, əlavələr edilməsi ilə bir yerə varmaq və inkişaf etmək olmaz. Yaxşı olardı ki, hər şeyi zamana buraxıb təcrübənin formalaşmasına baxardıq. Əslində, qanunun mahiyyətini anlayan üçün orada hər hansı məhdudlaşdırma yoxdur. Sadəcə əsas məsələ ictimai şura və yanında olduğu qurumun maraqları və birgə əməkdaşlığın qurulmasıdır. Bəzən iki ilin yeni şura tərkibinin fəaliyyəti üçün az olduğunu deyirlər, məncə bu müddət effektiv iş quranlar üçün kifayət edir. Tutaq ki, şura və hər hansı qurum qarşılıqlı münasibət qura bilmirsə və ya üzvlərinin özünün işləmək imkan və maraqları zəifdirsə, burada müddətin artırılmasının mənası yoxdur. Hər şeydən qabaq QHT-lər arasında sağlam və şəffaf rəqabətə ehtiyac var, etiraf edək ki, bu məsələdə də bir az geridəyik.
-Yenidən sizin şuradakı missiyanıza qayıdaq. Sizin işdə çətinliklər və müraciətlər əsasən nə ilə bağlı olur?
-Bu gün miqrasiya axını qlobal səviyyədə artıb. Müharibələr, potensial münaqişə riskləri hər an yaranır deyə, insanlar yaşayış yerlərini məcburən dəyişirlər.
Qeyd etməliyəm ki, nəzərə çarpan problemlərin çoxu vətəndaşların öz səhlənkarlığı ucbatından olur. Vətəndaşlıqla bağlı məsələləri, eləcə də qeydiyyat, yaşayış və iş icazələrinin verilməsi ilə bağlı prosedurları doğru bilməyən insanlar vardır. İş icazəsi ilə bağlı onu demək olar ki, yaşamaq izni ilə yanaşı iş icazəsinin gərəkli olduğunu bilmirlər. Bütün məsələlər konkret qanun çərçivəsində həllini tapmalıdır.
Bizim şuranın üzərinə düşən vəzifələrdən biri də insanların maarifləndirməsinə, məlumatlandırılmasına dair işlər görməsidir.
- Qarşıdakı müddətdə nəzərdə tutulan işləriniz barədə məlumat verin.
- Şurada müavinlər Rahilə Mehtiyeva və Fuad Əliyevdir. Katib vəzifəsini Məhsəti Hüseynova üzərinə götürüb. Düşünürəm ki, hər şurada üzvlərin aktivliyi onların potensialından düzgün istifadə edilməsi ilə bağlıdır. Bizim şura üzvlərinin özlərinin təşkilatı var, aralarında illərdir aktiv fəaliyyətini göstərənlər var. Elə biz də şura daxilində onların təcrübəsindən yararlanırıq, onların öz sahələri üzrə işlərinin bölgüsünü etmisik. Bizim sosial şəbəkələrdəki qruplarımız işləkdir, daim müzakirə, görüşlər keçiririk.
Qarşıdakı işlərimizə gəlincə, Fəaliyyət planımıza uyğun olaraq xarici tələbələrlə işləməyi, regional miqrasiya idarələrinə səfərlər və digər fəaliyyətlər nəzərdə tutmuşuq.
Bundan başqa gördüyümüz işlərin davamı kimi maarifləndirici tədbirlərimiz və ictimai dinləmə olacaq. DMX-inin həyata keçirdiyi tədbirlə və təşəbbüslərə qoşulmaq, miqrantların yerli cəmiyyətə inteqrasiyası, mədəni tədbirlərimiz, onların dil kurslarına cəlb edilməsi, Miqarsiya Məktəbində üzvlərimizin təlimçi kimi çıxışı fəaliyyət planımızda yer alıb. Eləcə də, miqrasiya sahəsində qanunvericliyin inkişafı üzrə təklif və tövsiyələrin verilməsini davam edəcəyik.
Raminə Eyvazqızı