DOST Agentliyində ƏƏSMN yanında İctimai Şura üzvləri ilə görüş keçirilib - FOTOLAR
DOST Agentliyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov şura üzvlərinə Agentliyin faəliyyəti, görülən işlər barədə məlumat verib.
O bildirib ki, cari ilin oktyabr ayında DOST Agentliyinin təşkilatçılığı ilə “SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün” adlı beynəlxalq konfrans keçiriləcək. Konfrans süni zəka, texnoloji transformasiya və insan cəmiyyəti sahələrində ixtisaslaşmış yerli və beynəlxalq ekspertləri, alimləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək. “SOCGOV 2025” süni zəkanın cəmiyyətin sosial həyatına təsiri və sosial transformasiya sahəsində aktual mövzuların müzakirə olunacağı nüfuzlu platformasına çevriləcək.
Fərid Məmmədov DOST mərkəzləri tərəfindən göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi, DOST konsepsiyasının digər beynəlxalq uğurları və s. yenilikləri İctimai şura üzvlərinin diqqətinə çatdırıb.
İctimai şuranın sədri Elşad Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və tabeli qurumların vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa xüsusi diqqət yetirməsindən məmnunluğunu bildirib. O, həmçinin şuranın fəaliyyəti barədə məlumat verib, bu cür görüşlərin əhəmiyyətini vurğulayıb.
Tədbirdə həyata keçirilən sosial islahatlar, sosial dəstək tədbirləri və gələcək əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparılıb, İctimai şura üzvlərinin təklifləri dinlənilib.