“İctimai Şura fəaliyyətini üç əsas istiqamət üzrə quracaq” - İctimai Şura sədri

"18.02.2026 tarixində nazirlikdə nazir və onun müavinləri ilə çox yaxşı və məhsuldar görüşümüz oldu. Görüş zamanı kifayət qədər geniş və çoxşaxəli məsələlərə toxunuldu. İctimai Şura bu görüşün gündəliyindən və səsləndirilən fikirlərdən irəli gələrək fəaliyyət planında müəyyən korrektələr etməli olacaq. Çünki, baxmayaraq ki, çox güclü və peşəkar tərkibimiz var və maliyyə ilə bağlı bütün istiqamətləri əhatə edən mütəxəssislərdən ibarətdir, fiziki olaraq bütün məsələləri tam əhatə edib onların öhdəsindən gəlmək çətin ola bilər. Görüş zamanı yeni məsələlər də gündəmə gəldi".

Bu sözləri Maliyyə Nazirliyi yanında İctimai Şura sədri İnqilab Əhmədov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, biz fəaliyyət planımızı əsasən üç istiqamət üzrə qurmuşuq və bu il əsasən həmin istiqamətlər üzərində işləyəcəyik. Birinci istiqamət büdcə şəffaflığı və bununla bağlı məsələləri əhatə edir. Burada əsas məqsəd Maliyyə Nazirliyinin büdcə prosesini, büdcə sistemini, büdcə sənədlərini və büdcə ilə bağlı məlumatları vətəndaşlar üçün maksimum dərəcədə əlçatan və anlaşıqlı formada təqdim etməsidir. Bu sənədlər yalnız peşəkarlar üçün texniki material deyil, daha oxunaqlı və başadüşülən mənbə olmalıdır. Büdcə haqqında məlumatlar maksimum açıq şəkildə təqdim edilməlidir:

"Bu məsələ vaxtilə Açıq Büdcə İndeksinin də əsas predmetlərindən biri idi və mən də həmin sahənin mütəxəssisi, indeks üzrə ekspert olmuşam. Ona görə bu istiqamət mənə yaxındır və Azərbaycan üçün də aktual olaraq qalır. Qeyd etmək lazımdır ki, Maliyyə Nazirliyi son illərdə məlumatların açıqlığı istiqamətində yeni təşəbbüslərə start verib. İkinci böyük istiqamət mühasibatlıq, audit və bu sahədə aparılan islahatlarla bağlıdır. Bu çərçivədə həm maarifləndirici tədbirlərin keçirilməsi, həm də təkliflər paketinin hazırlanaraq nazirlik və aidiyyəti qurumlarla bölüşülməsi nəzərdə tutulur".

İctimai Şura sədri həmçinin bildirib ki, üçüncü istiqamət isə Maliyyə Nazirliyi yanında yaradılmış Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi ilə bağlıdır. Bu olduqca həssas və vacib sahədir. Dövlət müəssisələrinin fəaliyyəti və onların maliyyə imkanları Azərbaycanın ən mühüm maliyyə nöqtələrindən biridir. Bu səbəbdən həmin istiqamətdə işləmək bizim üçün də maraqlı və əhəmiyyətlidir:

"İctimai Şura artıq bu istiqamətlər üzrə fəaliyyət planını təsdiqləmə prosesindədir və yaxın zamanda işə başlayacaq. Bu prosesi nazirliklə sıx əməkdaşlıq şəraitində həyata keçirməyi planlaşdırırıq. Çünki bizim bu prosesdə aktiv iştirakımız həm Şura, həm də nazirlik üçün olduqca vacibdir. Mən görüşdə də qeyd etdim ki, istənilən islahatın uğuru onun təsir etdiyi şəxslərdən gələn əks əlaqənin düzgün monitorinqindən asılıdır. Əgər islahat aparılırsa, onun təsirlərinin necə olduğunu bilmək və qiymətləndirmək vacibdir. Bu əks əlaqənin nazirliklə bölüşülməsi və müzakirə edilməsi qərar qəbul edənlər üçün mühüm siqnallardır. Məhz bu siqnallar əsasında qərarlar korrektə edilir, təkmilləşdirilir və nəticədə daha effektiv olur".


Paylaş

Aktiv sorğu yoxdur.