ADRA yanında İctimai Şuranın 2023-cü ildə ilk görüşü keçirilib
Martın 10-da baş tutan görüşdə ADRA yanında İctimai Şuranın üzvləri 2023-cü il üçün prioritet məsələlərin müəyyənləşdirilməsi, reklam sahəsində fəaliyyət göstərən sahibkarları narahat edən mövcud problemlərin həlli yollarının araşdırılaraq hüquqi ekspertizasının aparılması və bununla bağlı təkliflərin hazırlanmasından danışıblar. Şura üzvləri açıq məkan reklamlarında dövlət dilindən düzgün istifadə məsələlərinə də toxunublar. Mətnlərin tərcüməsindən əlavə üzərində xarici dildə yazı olan əmtəə şəkilləri yayımlanarkən onların da tərcüməyə və ya latın qrafikası ilə yazılmasına zərurət olub-olmamasından danışılıb. Samir Cəfərovun sədrliyi ilə keçirilən toplantıda bu və digər məsələlərdə beynəlxalq təcrübənin öyrənilməsi üçün xaricdən ekspertlərin dəvət olunması təklif edilib. Qeyd olunub ki, həm illərdir açıq məkan reklamları ilə məşğul olan bazar iştirakçıları, həm də reklam sahəsi ilə məşğul olmağa hazırlaşan gənc nəslə mütəxəssislər tərəfindən təlimlərin keçirilməsi bu sahədə yeni kadrların yetişməsinə öz töhfəsini verəcək. Görüşdə ADRA-nın fəaliyyət istiqamətləri çərçivəsində tələb və təklifdən irəli gələn məsələlərin həllində sahibkarlara dəstək verməyə daim hazır olduğu qeyd edilib.