ADRA yanında İctimai Şura üzvü “İctimai iştirakçılıq: şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı” mövzusunda konfransda iştirak edib
“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi “İctimai iştirakçılıq: şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı” mövzusunda konfrans keçirib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirilən layihənin rəhbəri Cəsarət Hüseynzadə çıxışında bildirib ki, şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı vətəndaş iştirakçılığın təmin edilməsi üçün vacib alətlərdəndir. Azərbaycanda ictimai iştirakçılığın inkişafı üçün güclü iradə olduğu üçün vətəndaş iştirakçılığın bütün mərhələləri üçün nümunələrə rast gələ bilirik. Bu gün bir çox dövlət qurumları ilə vətəndaş cəmiyyəti təşkilatlarının birgə fəaliyyəti nəticəsində tərəfdaşlıq, təmsilçilik və ictimai nəzarət mexanizmləri işləyir. Təşkilat sədri bildirib ki, yaxşı nümunələrin inkişaf etdirilməsinə və resursların artırılmasına ehtiyac var. Cəsarət Hüseynzadə qeyd edib ki, layihə çərçivəsində mərkəzi icra hakimiyyəti orqanlarında ictimai iştirakçılıq şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı parametrləri baxımından monitorinq edilib. Monitorinqə 23 dövlət qurumu cəlb olunaraq onların fəaliyyətinin elektron resurslardan monitorinqi aparılıb. Monitorinqin nəticələri ilə bağlı müvafiq təkliflər hazırlanaraq həmin quruma təqdim olunacaq. Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev çıxışında bildirib ki, ümumilikdə son 2 il ərzində ictimai iştirakçılıq təmin edilməsi istiqamətində ciddi addımlar atılıb. “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” na əsasən ictimai şuraların sayı əhəmiyyətli dərəcədə artıb. İctimai Şuraların fəaliyyət dairəsi genişlənib. Çatışmazlıqların aradan qaldırılması üçün birgə iş aparılır. Çıxışlar və müzakirələrdən sonra tədbirin sonunda təltifetmə mərasimi keçirilib.