Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi yanında İctimai Şura

“Dövlət, Biznes qurumları və VCT tərəfdaşlığı: inkişaf perspektivləri” mövzusunda keçirilmiş dəyirmi masada ADRA yanında İctimai şura üzvü iştirak edib

Bakıda Avropa İttifaqının maliyyə dəstəyi ilə “VCT Ölçü Meyarı: VCT-lərə əlverişli mühitin yaradılması və onların imkanlarının genişləndirilməsi üçün kompas” layihəsi çərçivəsində hazırlanmış “Vətəndaş Cəmiyyəti Təşkilatları Ölçü Meyarı 2021” adlı Azərbaycan ölkə hesabatında nəzərdə tutulmuş tövsiyyələrlə bağlı “Dövlət, Biznes qurumları və VCT tərəfdaşlığı: inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilmişdir. Gənc Mühasiblər İctimai Birliyi, MG Consalting və Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin təşkilatçılığı ilə ümumilikdə 60-a yaxın iştirakçının müzakirəsi ilə keçirilmiş tədbirdə Dövlət Vergi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbacan Respublikası Dövlət Reklam Agentliyi (ADRA), Gənclər Fondu, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, QHT və biznes qurumlarının nümayəndələri iştirak etmişlər.

Dəyirmi masada çıxış edən İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov, MG Consulting MMC-nin Direktoru Lalə Adilova, Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva, QHT-lərə dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova iştirakçıları salamlayaraq, biznes-QHT əməkdaşlığının, bu sahədə vahid müzakirə platformasının yaradılmasının vacibliyini və müvafiq dövlət qurumlarının bu məsələni hər zaman diqqətdə saxladıqlarını qeyd etmişlər. Tədbirdə təqdimatla çıxış edən MG Consulting MMC-nin hüquqşünası Emin Rzayev biznes-QHT əməkdaşlığı ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyi, mövcud problemlər və bu sahədə beynəlxalq praktika ilə bağlı iştirakçılara məlumat vermişdir.

Daha sonra dəyirmi masa biznes qurumlarının və QHT nümayəndələrinin fəal müzakirəsi şəraitində davam etmiş, onların təklifləri dinlənilmiş və biznes-QHT əməkdaşlığının gücləndirilməsinin vətəndaş cəmiyyətinə faydalı olacağı, belə tədbirlərin davamlı olaraq keçirilməsinin zəruriliyi bildirilmişdir.


Paylaş