ADRA yanında ilk dəfə yaradılan İctimai Şura üzvləri ilə görüş keçirilib
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi yanında yaradılan İctimai Şuranın üzvləri ilə ilk görüş keçirilib. Agentlik yanında İctimai Şura açıq məkan reklamları ilə bağlı fəaliyyətin səmərəli təşkil edilməsində, dövlət siyasətinin həyata keçirilməsində, eləcə də müvafiq qərarların qəbul olunmasında ictimai rəyin nəzərə alınması ilə əlaqədar vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə yaradılıb. Toplantıda ADRA-nın İdarə Heyətinin sədri Aydın İbadov İctimai Şuranın yaradılmasının əhəmiyyətini qeyd edərək, Agentliyin fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsində maraqlı olduğunu, müxtəlif mövzularda təşkil ediləcək ictimai müzakirələrin dövlət, sahibkar və ictimaiyyət dialoquna töhfə verməklə, bu sahədə əhəmiyyətli platforma olacağına ümidvar olduğunu bildirib. Reklam üzrə ekspertlər, ictimaiyyət nümayəndələri, eləcə də Qeyri Hökumət Təşkilatlarını (QHT) təmsil edən 13 nəfərdən ibarət İctimai Şura üzvləri ilə görüşdə qeyd olunub ki, yeni yaradılan birlik açıq məkan reklamları ilə bağlı müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil edən, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Agentliyə təkliflər verən və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacaq. Görüşdə İctimai Şuranın gələcək fəaliyyət istiqamətləri, reklam ekosisteminin təkmilləşdirilməsində vətəndaş cəmiyyətinin dəstəyi, sahibklarlar arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Şura üzvləri açıq məkan reklamları ilə bağlı məsələlərdə yaxından iştirak edəcəklərini, bununla bağlı məsələlərin ictimai müzakirəsinin daha səmərəli təşkilinə xidmət göstərəcəklərini bildiriblər. Səsvermə yolu ilə reklam üzrə ekspertlər Məmməd Şahməmmədov ADRA yanında İctimai Şuranın sədri, Samir Cəfərov isə sədr müavini seçilib.
Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.