ADRA yanında İctimai Şura yaradılır
Azərbaycan Respublikası Prezidentinin “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamından irəli gələn aidiyyəti tapşırıqların yerinə yetirilməsi məqsədi ilə, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərindən irəli gələrək Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi yanında İctimai Şuranın yaradılması istiqamətində işlər görülməkdədir.
Belə ki, açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, maliyyə şəffaflığının yüksəldilməsi, informasiya əldə etmək hüquqlarının təminatı vasitələrinin artırılması, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi, açıq hökumətin təşviqi ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadovun müvafiq əmri ilə İctimai Şuraya seçkinin təşkili məqsədi ilə dövlət adından yaradılmış publik hüquqi şəxsin əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılmışdır.
İctimai Şuranın yaradılmasında məqsəd Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin fəaliyyət istiqaməti üzrə hüquqi aktların qəbulu, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin gücləndirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsindən ibarətdir.
İctimai Şura açıq məkanda reklam yayımı sahəsində müxtəlif məsələlərlə bağlı müzakirələr təşkil etmək, müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Dövlət Reklam Agentliyinə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olaraq fəaliyyət göstərəcək.
Seçki Komissiyası tərəfindən İctimai Şura üzvlərinin sayı, namizədlərin, seçicilərin qeydiyyatı və digər təşkilati məsələlər barədə qərar qəbul edilib.
İctimai Şuraya namizədlərin və seçici qismində çıxış edəcək vətəndaş cəmiyyəti institutlarının qeydiyyatı 1 dekabr 2020-ci il tarixinədək davam edəcək.
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi yanında İctimai Şurada üzvlüyə namizədlərə dair tələblər və onların qeydiyyatı qaydası
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanununa, sözügedən Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi yanında İctimai Şuranın üzvlərinin təyin olunması məqsədi ilə vətəndaş cəmiyyəti institutlarının namizədlərinin seçilməsini elan edir.
Namizədlərin seçilməsinə aid tələblər:
- Şuraya irqindən, milliyyətindən, dilindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, reklam, marketinq sahəsində təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşı üzv ola bilər.
- Hər bir vətəndaş cəmiyyəti institutu (qeyri-hökumət təşkilatları, ictimai birliklər, həmkarlar ittifaqları, komitələr, fondlar və s.) qanunvericiliyə əsasən ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
İctimai şuranın üzvlüyünə irəli sürülən namizəd aşağıdakı sənədləri təqdim etməlidir:
1. İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);
2. namizədin şəxsiyyət vəsiqəsinin surəti;
3. namizədin tərcümeyi-halı;
4. namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin surəti;
Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.
Sənədlərin qəbulu və baxılması
Namizədlərin və seçicilərin qeydiyyatı məsələsinə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadovun əmri ilə yaradılmış Seçki Komissiyası tərəfindən baxılır.
Qeydiyyat üçün elektron formada sənədlər [email protected] elektron poçt ünvanına göndərilməlidir. Seçkilərlə bağlı əlavə məlumat almaq üçün Agentliyin çağrı mərkəzi (1412) ilə əlaqə saxlamaq olar. Qeydiyyat üçün sənədlərin qəbulu müddəti 1 dekabr 2020-ci il tarixində başa çatacaq.
Qeydiyyat barədə müraciət nümunəsi: