Açıq məkanda fəaliyyət göstərən iri reklam operatorlarının ilk birgə toplantısı baş tutub
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi yanında İctimai Şuranın təşəbbüsü ilə ilk dəfə açıq məkanda fəaliyyət göstərən iri reklam operatorlarının birgə toplantısı keçirilib. Samir Cəfərovun sədrliyi ilə keçirilən toplantıda Azərbaycanda fəaliyyət göstərən iri reklam operatorlarının rəhbər şəxsləri iştirak ediblər. Onların böyük əksəriyyəti İctimai Şura tərəfindən irəli sürülən ölkə ərazisində fəaliyyət göstərən açıq məkan reklam operatorlarını bir araya cəmləyən assosiasiyanın yaradılması təklifini dəstəkləyiblər. Qeyd olunub ki, bu assosiasiyanın yaradılması nəinki reklam operatorlarının kommunikasiyasına, eyni zamanda dövlət qurumu ilə bazar iştirakçıları arasında əlaqələrin daha da gücləndirilməsinə zəmin yaradacaq. Yeni birlik reklam bazarında qiymətlərin tənzimlənməsi işinə də öz töhəsini verəcək. Görüşdə həmçinin qeyd olunub ki, açıq məkandakı reklam qurğularının vahid interaktiv platformada cəmlənməsi işinə başlanılıb. Həmin platforma xəritə üzərindən açıq məkandakı reklam daşıyıcılarının yerləşdiyi ərazi, onların məxsus olduğu reklam operatorları, həmçinin boş qurğular barədə ümumi məlumatlara əlçatanlığı təmin edəcək. Eyni zamanda beynəlxalq təcrübədən yararlanaraq, açıq məkandakı reklamlara baxış sayını müəyyənləşdirəcək qurğunun da artıq ölkəmizə gətirildiyi və yaxın zamanda onun təqdimatının olacağı vurğulanıb. Görüşdə ADRA-nın fəaliyyət istiqamətləri çərçivəsində tələb və təklifdən irəli gələn məsələlərin həllində sahibkarlara dəstək verməyə daim hazır olduğu qeyd edilib. Qərara alınıb ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi yanında İctimai Şuranın növbəti toplantılarından birinə açıq məkanda az sayda reklam qurğusu olan operatorlar da dəvət edilsin.