Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi yanında İctimai Şura

ADRA yanında yaradılan İctimai Şuranın 2022-ci ildə gördüyü işlərin hesabatı

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi yanında yaradılan İctimai Şuranın 2022-ci il ərzində ümumilikdə 7 toplantısı baş tutub. Şura üzvləri ilə ilk görüş yanvarın 17-də keçirilib. Reklam üzrə ekspertlər, ictimaiyyət nümayəndələri, eləcə də Qeyri Hökumət Təşkilatlarını (QHT) təmsil edən 13 nəfərdən ibarət İctimai Şura üzvləri ilə görüşdə qeyd olunub ki, yeni yaradılan birlik açıq məkan reklamları ilə bağlı müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil edən, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Agentliyə təkliflər verən və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacaq. Toplantıda səsvermə yolu ilə reklam üzrə ekspertlər Məmməd Şahməmmədov ADRA yanında İctimai Şuranın sədri, Samir Cəfərov isə sədr müavini seçilib.

Rüblük keçirilən görüşlərdə Agentliyin fəaliyyət istiqamətləri üzrə maarifləndirmə, monitorinq və qiymətləndirmə tədbirlərinin təşkili, normativ-hüquqi aktlara zəruri dəyişikliklər, müvafiq mövzular üzrə ictimai dinləmələrin keçirilməsi və digər təşkilati-texniki məsələlərdən danışılıb. İctimai Şura üzvləri qeyd ediblər ki, reklam alıcılarının açıq məkan reklamlarına marağının daha da artırılması məsələsində əsas maneə ölçü meyarlarının, reklam effektivliyinin dəyərləndirilməsi mexanizmlərinin olmamasıdır.

İl ərzində keçirilən görüşlərin biri onlayn təşkil edilib. İkinci rübdə onlayn keçirilən toplantıda prioritet məsələlərin müəyyənləşdirilməsi, reklam sahəsində fəaliyyət göstərən sahibkarları narahat edən mövcud problemlərin həlli yollarının araşdırılaraq hüquqi ekspertizasının aparılması və bununla bağlı təkliflərin hazırlanmasından danışılıb. Qeyd edilən məsələlər üzrə müvafiq qurumlarla görüşlərin keçirilməsinin vacibliyi vurğulanaraq, yaxın gələcəkdə bununla əlaqədar dəyirmi masanın təşkilinin planlaşdırıldığı nəzərə çatdırılıb.

ADRA yanında İctimai Şuranın iyunun 9-da keçirilən iclasında isə Şuranın tərkibində komitələrin və ekspert qruplarının yaradılmasının planlaşdırıldığı qeyd edilib.

Iyulun 27-də Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi yanında İctimai Şuranın sədri Məmməd Şamil oğlu Şahməmmədov səhhəti ilə bağlı istefa verdiyindən birliyin növbəti iclası baş tutub. İclasda yeni sədrin seçilməsi üçün səsvermə keçirilib. İctimai Şuranın sədr müavini olan Samir Tahir oğlu Cəfərov səs çoxluğu ilə şuranın sədri, şuranın üzvü Zahid Cəlil oğlu İsmayılov isə onun müavini seçilib.

İctima Şuranın 4-cü rübdə keçirilən toplantısında Azərbaycanda fəaliyyət göstərən reklam operatorlarını bir araya cəmləyən assosiasiyanın yaradılması təklifi irəli sürülüb. Bununla bağlı reklam operatorlarının dəvət olunması, problemlərinin dinlənilməsi və bu sahədə müvafiq təkliflərin verilməsi qərara alınıb.

İlin sonunda açıq məkanda fəaliyyət göstərən iri reklam operatorlarının ilk birgə toplantısı baş tutub. Onların böyük əksəriyyəti İctimai Şura tərəfindən irəli sürülən ölkə ərazisində fəaliyyət göstərən açıq məkan reklam operatorlarını bir araya cəmləyən assosiasiyanın yaradılması təklifini dəstəkləyiblər. Qeyd olunub ki, bu assosiasiyanın yaradılması nəinki reklam operatorlarının kommunikasiyasına, eyni zamanda dövlət qurumu ilə bazar iştirakçıları arasında əlaqələrin daha da gücləndirilməsinə zəmin yaradacaq. Görüşdə həmçinin qeyd olunub ki, açıq məkandakı reklam qurğularının vahid interaktiv platformada cəmlənməsi işinə başlanılıb. Həmin platforma xəritə üzərindən açıq məkandakı reklam daşıyıcılarının yerləşdiyi ərazi, onların məxsus olduğu reklam operatorları, həmçinin boş qurğular barədə ümumi məlumatlara əlçatanlığı təmin edəcək. Eyni zamanda beynəlxalq təcrübədən yararlanaraq, açıq məkandakı reklamlara baxış sayını müəyyənləşdirəcək qurğunun da artıq ölkəmizə gətirildiyi və yaxın zamanda onun təqdimatının olacağı vurğulanıb. Qərara alınıb ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi yanında İctimai Şuranın növbəti toplantılarından birinə açıq məkanda az sayda reklam qurğusu olan operatorlar da dəvət edilsin.


Paylaş