Məhərrəmov Sənan Nizami oğlu 25 İyul 1974-cü ildə Zəngilan şəhərində ziyalı ailəsində anadan olub. 1980/91-ci illərdə Zəngilan şəhər 1 nömrəli orta məktəbini, 1986/91-ci illərdə Zəngilan şəhər 7 illik Musiqi məktəbini (qarmon ixtisası üzrə), 1997/2002-ci illərdə isə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bakalavr dərəcəsi üzrə bitirib.
29 Oktyabr 1993-cü ildə Zəngilan rayonu Ermənistan ordusu tərəfindən işğal ediləndən bu günədək müvəqqəti olaraq Bakı şəhərində yataqxanada məskunlaşıb. 1993/97-ci ilərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub, Vətən müharibəsinin birinci dövrünün ön cəbhədə iştirakçısı, ikinci mərhələsinin isə arxa cəbhə fəallarından olub. N saylı xüsusi təyinatlı hərbi hissənin tərkibində xidməti zamanı 1995-ci ilin Mart hadisələrində dövlət çevrilişinə cəhdin qarşısının alınmasında iştirak edib.
Əmək fəaliyyətinə orta məktəbi bitirəndən hərbi xidmətə çağırılanadək Zəngilanda 65 saylı SMD-də fəhlə kimi başlayab, hərbi xidmətdən sonra ali təhsillə paralel bir neçə il kondisioner quraşdırılması və təmiri üzrə usta köməkçisi və usta kimi çalışıb. 2002/2009-cu illərdə Azərbaycan Televiziyasının “Səhər” Musiqili informasiya Redaksiyası, İdman redaksiyası və yeni yaradılan İdman Azərbaycan televiziya kanalında ilk illər müxbir, sonra isə redaktor və efir aparıcısı olub.
2013-cü ildə APA İnternet Televisiyasının idman şöbəsinin radaktoru və efir aparcısı işləyib. Media fəaliyyətinin ilk onilliyində AzərTac Dövlət İnformasiya Agentliyi və ölkənin bir sıra mətbu orqanları ilə kənar müəllif kimi yaradıcı əməkdaşlıq edib.
2009-cu ildən idman sahəsində müstəqil jurnalist kimi fəaliyyət göstərir və zəngin beynəlxalq təcrübəyə malikdir. Müxtəlif zamanlarda İnfoSport İnformasiya Portalının və Combat Sports Döyüş Sənətləri Analitik Multi-İdman Platformasının təsisçisi və baş redaktoru (sonuncuda indiyədək), 2009/2013-cü illərdə Azərbaycan Taekvondo Federasiyasının, 2013-cü ildən hazırkı dövrədək isə Azərbaycan Milli Karate Federasiyasının (AMKF) Media və İctimaiyyətlə İşlər katibidir. Bunlardan əlavə, o 80-dək dövlətin daxil olduğu Dünya Şotokan Federasiyasının (WSF) Media işləri üzrə katibidir. Dünyada karatenin təbliği və təşviqi üçün müvafiq beynəlxlalq təşkilatlar qarşısında bir neçə effektli təklifin müəllifidir.
O, həmçinin Zəngilanın RƏFİQ QRUP MMC ilk Müstəqil Media Şirkətinin təsisçisi və direktorudur. Media şirkətinin yaradıcı altstrukturlarından olan Çinar Media Mərkəzinin internet videokanalının redaktor və efir aparıcısı olmaqla, YouTube sosial video platformasında Zəngilanla bağlı 20-dən artıq müxtəlif mövzulu studiya verilişlərinin müəllifi, redaktor və aparıcısıdır. Onun maarifləndirici fəaliyyəti arasında səfərlərdə olduğu ölkələrdən səyahət videobloqları, o cümlədən xaricdə Azərbaycan izlərini araşdırmaq kimi video sujetlər yaradıcılığı da var. Bundan başqa Facebook sosial şəbəkəsində 10 ildən artıqdır ki, Zəngilan rayonunun tarixinin, adət və ənənələrinin unudulmaması və təbliği ilə bağlı fəal işlər aparır.
S.Məhərrəmov kütləvi tədbirlər və idman yarışlarının idarə edilməsinin avtomatlaşdırılması üzrə ixtisaslaşmış Avstriya və İsveçrənin birgə Sportdata Event Technology şirkətinin Azərbaycanda rəsmi nümayəndəsidir. Beynəlxalq İdman Mətbuatu Assosiasiyasının(AİPS), eləcə də Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) və Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF), habelə bu federasiyanın tərkibində Media ilə əlaqələr komitəsinin üzvüdür. Ölkənin tanınmış idman jurnalistlərindən olan S.Məhərrəmovun onlarla xarici ölkələrdəki həmkarları ilə də sıx əlaqələri var.
19 illik media fəaliyyəti dövründə 50-dən artıq dövlətdə müxtəlif növlər üzrə kütləvi idman yarışlarında, beynəlxalq konqres, sərgi və tədbirlərdə Azərbaycanı idman jurnalisti kimi təmsil etməklə yanaşı, əcnəbi jurnalist həmkarlarına ölkənin idman siyasətini, tarix və ənənələrimizi, Ermənistanın düşmən mövqeyini və Azərbaycan reallıqlarını mütəmadi olaraq təbliğ etməkdədir. Hazırda davam edən bu işlərlə birgə, xarici səfərlərdə olarkən müəyyən diaspora fəaliyyəti ilə də məşqul olur, ezamiyyətdə olduğu dövlətlərin Azərbaycanla bağlılığını araşdırır.
2000-ci ilin Yanvar ayından Yeni Azərbaycan Partiyası Zəngilan rayon şöbəsinin üzvüdür. O, Zəngilan rayonunun ictimai həyatında fəal iştirakçılığı ilə yanaşı maarifpərvər, səyyah, novator və filantrop kimi bir sıra müsbət keyfiyyətləri ilə tanınır. Azərbaycan, rus və ingilis dillərini bilir.
Məhsuldar fəaliyyətinə görə müxtəlif ictimai və dövlət təşkilatlarının fəxri fərmanları və mükafatlarına layiq görülüb. Hazırda çalışdığı AMKF-də karate olimpiya idman növünün ölkədə inkişafına, təbliği və təşviqinə verdiyi töhfələrə görə federasiya tərəfindən 3-cü Dan Fəxri Qara Kəmər diplomu ilə təltif edilib. Bəzi güc idman növləri və təkbətək döyüş sənətləri ilə həvəskar məşqul olub.
Ailəlidir, 3 övladı var. Atası Nizami Ədil oğlu Məhərrəmov Rusiya Federasiyasının Tula şəhərində yaşayır və Elmitutumlu Texnologiyalar üzrə akademikdir.