Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şura

İctimai Şura bir qrup Zəngilan sakininin istəyi ilə qərb rayonlarında şəhid ailələrini ziyarət etmək üçün səfərlər təşkil edib - FOTOLAR

     Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şura, sakinlərin təklifi əsasında Zəngilanın işğaldan azad edilməsində canını fəda edən qəhrəman döyüşçülərimizin xatirəsini anmaq və ziyarətlər üçün qərb rayonlarına səfər təşkil edib.

     Bərdə və Ağstafa rayonlarına səfərlər rəmzi olaraq 9 May faşizm üzərində Qələbə günü həyata keçirilib. İctimai Şuranın sədri, jurnalist və müharibə iştirakçısı Sənan Məhərrəmov və şuranın fəal üzvü, həmçinin rayonun sabiq baş memarı Dilşad Həsənova, “Zəngilanın səsi” qəzetinin baş redaktoru, şair-dramaturq Salam Cavadlı, Azərbaycan Jazıçılar Birliyinin Zəngilan rayon şöbəsinin sədri, veteran polkovnik və şair jurnalist Mahir Cavadlı, Azərbaycan Silahlı Qüvvələrinin veteran polkovnik-leytenantı və müharibə iştirakçısı Daşqın Abbasov, Zəngilan ziyalıları arasında rayonun sabiq notariusu Səidə Məmmədova və həkim Elçin Cavadlı, Müdafiə nazirliyinin əməkdaşı və ictimai fəal Əntiqə Hüseynova, o cümlədən ictimai fəal və vətənpərvər təbliğatçı Nilufər İmanova, vətənpərvər iş adamı Elxan Bayramov və müharibə iştirakçısı Fariz Məhərrəmov səfərlərdə iştirak edib.

     44 günlük Vətən müharibəsində Zəngilan uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş döyüşçülərimizin anım səfəri zamanı Bərdə və Ağstafa rayonlarının Şəhidləri xiyabanı ziyarət olunub. Bərdə şəhərində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Xüsusi təyinatlı dəstəsinin kiçik giziri Xudayar Yusifzadənin, Ağstafanın Poylu kəndində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Xüsusi təyinatlı dəstəsinin giziri Məhəmmədəli Ələkbərovun və Böyük Kəsik kəndində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Xüsusi təyinatlı dəstəsinin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı və Zəngilan şəhərinə şanlı Azərbaycan bayrağını sancan Azər Yusiflinin məzarı üzərinə gül dəstəsi düzülüb, onların fədakarlığı haqqında xoş sözlər söylənib. Kənddə şəhidlərin adına xatirə bulaqları və ev muzeyləri də ziyarət olunub.

     Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşdə onlara Zəngilan sakinləri və rayon rəhbərliyinin bu fədakarlığı daima ehtiramla andıqları bildirilib. Şəhidlərin ailələrinə şair-drmaturq Salam Cavadlı onların igid övladlarından bəhs edən “Ölməzlik haqqı qazanan oğullar” kitabını, səfər iştirakçıları isə sovqatlar təqdim edib. Şəhidlərin ailə üzvləri bu görüş və ziyarəti böyük mənəvi dayaq kimi yüksək qiymətləndirib, diqqət və qayğıya görə Zəngilan ictimaiyyətinə minnətdarlığını ifadə edib. Onlar Zəngilan uğrunda döyüşlərdə şəhadətə qovuşan övladlarının adlarının Böyük Qayıdışdan sonra rayonda əbədiləşdirilməsi arzusunda olduğunu söyləyib.

     Səfər zamanı 1992-ci ilin 10-11 Dekabr tarixlərində Zəngilan rayonunun Dardan yuxarı adlanan ərazisindəki kəndlərə düşmən hücumu zamanı şəhid olan Ağstafa sakini, Zəngilanda baş sahə müvəkkili işləmiş polis kapitanı Təbiət Qurbanovun məzarını da ziyarət edərək, onun ruhuna dualar oxunub.

     İctimai Şura digər rayonlara səfərlər edib Zəngilanı azadlığa qovuşduran qəhrəman şəhidlərimizi və onların ailələrini ziyarət etmək, həmçinin qazi və döyüşçülərimizlə görüşmək üçün rayon ictiamiyyətinin təklifini gündəmdə saxlamaqla, bu vətənpərvər tədbirlərin təşkil olunmasına davam edəcək.


Paylaş