Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şura

"Kitab bizdən, oxumaq sizdən" 

 

"Kitab bizdən, oxumaq sizdən" devizi altında vətəndaş təşəbbüsü kampaniyası keçirilir

“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi Ədliyyə Nazirliyi ilə birgə 2021-ci il "Nizami Gəncəvi İli" çərçivəsində "Kitab bizdən, oxumaq sizdən" devizi altında vətəndaş təşəbbüsü kampaniyası keçirir.

Kampaniyanın məqsədi penitensiar müəssisələrin kitabxana fondlarının müxtəlif bədii, publisistik və digər elmi kitablarla zənginləşdirilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin mütaliə marağının artırılması, məhkumların islah prosesinin və asudə vaxtının səmərəli təşkili, bilik və dünyagörüşlərinin artırılması, onların ayrı-ayrı ixtisaslara, peşə sahələrinə olan marağı nəzərə alınaraq təlim-tədris proqramlarının keçirilməsi onların hüquqlarının etibarlı təminatına xidmət edir.
Ədliyyə nazirliyinin bu sahədə vətəndaş cəmiyyəti institutları ilə sıx işgüzar fəaliyyəti, cəzaçəkmə müəssisələrində məhkumların islah prosesinə, çoxşaxəli, mühüm tərbiyəvi əhəmiyyət kəsb edən tədbirlərə ayrı-ayrı qeyri-hökumət təşkilatlarının yaxından cəlb edilməsi Zəngilan Rayon İcra  Hakimiyyəti yanında İctimai Şuranın da diqqətini cəlb etdi. İctimai şura üzvləri Zəngilan Rayon Gənclər və İdman İdarəsi ilə birgə bu təşəbbüsə qoşulmağa qərar verdi.
İctimai şura və rayon Gənclər və İdman İdarəsi bu aksiya üçün kitabların əsasən Zəngilan rayonunun ensiklopedik məlumatlar və Zəngilanlı müəlliflərin kitablarından olmasını daha məqsədəuyğun hesab edir. Bununla biz cəmiyyətimizin həssas təbəqəsi olan məhkumlara Zəngilanla bağlı məlumatlar çatdıra və yerli müəlliflərimizin yaradıcılığını tanıda bilərik.
Kampaniyaya qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, habelə nəşriyyatlar, kitab mağazaları, şair, yazıçılar və digər  vətəndaşlar qoşularaq oxuduqları kitabları cəzaçəkmə müəssisələrinin kitabxanalarına hədiyyə edə bilərlər.
Bununla əlaqədar kitabları “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin ofisinə (Ünvan: Bakı ş, Mətbuat pr.529-cu məhəllə. Azərbaycan nəşriyyatı, 3-cü mərtəbə, 120-ci otaq), həmçinin +994 55 3251 838 nömrəli telefonlarla əlaqə saxlamaqla təqdim etmək olar.
Kitabları gətirən şəxslərlə "Kitab bizdən, oxumaq sizdən" şüarı ilə hazırlanan xüsusi baner önündə fotolar çəkilərək sosial mediada paylaşımlar ediləcəkdir.

       İctimai şura sizləri aksiyada fəal iştirak etməyə dəvət edir. Cəzaçəkmə müəssisələrinə hədiyyə etmək istədiyiniz kitabları göstərilən ünvana çatdıra bilməsəniz bizimlə əlaqə saxlaya bilərsiniz. Inanırıq ki, İctimai şuranın təşəbbüsü ilə Zəngilan ictimaiyyətinin də cəlb edildiyi belə nəcib və xeyirxah tədbirlərdən kənarda qalmayacaqsınız. Zəngilan rayon İcra Hakimiyyəti yanında İctimai şura fəaliyyətinin bir istiqaməti kimi Respublikanın müxtəlif təşkilatları ilə faydalı əməkdaşlığını davam etdirəcək.


Paylaş