İctimai Şura Zəngilan Şəhər Uşaq Musiqi Məktəbinin fəaliyyəti ilə tanış olub
Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Zəngilan Şəhər Uşaq Musiqi Məktəbində olublar.
Məktəbin direktoru Rövşən Həziyev 1961-ci ildə yaradılmış şəhər musiqi məktəbinin 1993-cü ildə fəaliyyətini müvəqqəti dayandırdığını, 1997-ci ildən isə yenidən işinə davam etdiyini bildirib. O qeyd edib ki, hazırda məktəbdə 7 ixtisas üzrə 34 müəllim 157 şagirdə musiqi təhsilindən dərs verir. Bir sıra ənənələri olan 60 yaşlı məktəbin yetirmələri arasında baş leytenant Adıgözəl Aşur oğlu Bəşirov kimi Vətən müharibəsi şəhidləri də var.
Tədris işləri üzrə direktor müavini Aybəniz Kərimova şagirdlərin musiqi məktəbində tədris edilən tar, saz, kamança, xanəndəlik, qarmon, fortepiano və nağara alətlərinin sirrlərini öyrənməyə böyük maraq göstərdiyini, eləcə də əlamətdar günlərə həsr edilən kompozisiyalarda böyük həvəslə çıxış etdiklərini bildirib. O həmçinin şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlərin şəhid ailələri arasında məmnunluqla qarşılandığını deyib.
Söhbət əsnasında qeyd edilib ki, Zəngilan Şəhər Uşaq Musiqi Məktəbinin yetirimələri arasında təhsillərini musiqi istiqaməti üzrə İncəsənət Universitetitnin xoreoqrafiya, qarmon və kamança ixtisaslarında davam etdirən şagirdlər də var. Məktəb rəhbərliyi bildirdi ki, şagirdlərin çıxışlarını bəyənən Bülbül adına Orta İxtisas Musiqi Məktəbi ötən il 5 nəfəri tar, piano və xanəndəlik ixtisaslarında təhsilə cəlb edib.
İctimai Şura üzvlərinin müəllimlərlə söhbətində məktəbin bir sıra müsbət cəhətləri arasında müsabiqələrdə uğurla çıxış etmələri və müəllim kollektivinin həm də vətənpərvərlik istiqamətində fəaliyyətindən danışıldı. Zəngilan rayonu üzrə fəaliyyət göstərən Mincivan Qəsəbə və Bartaz Kənd Uşaq Musiqi Məktəblərinin müəllim kollektivi ilə birgə bir neçə dəfə hərbi hissələrdə konsert proqramı ilə çıxış etmələri musiqi müəllimlərimizin xoş təsir bağışlayan işlərindən biridir.
Direktor R.Həziyev onu da söylədi ki, hər ay müəllimlərin birgə təşəbbüsü ilə iki şəhid ailəsində və aztəminatlı ailələrdə görüşlərdə olur, onlara əsasən mənəvi dəstək göstərməyi özlərinə vətəndaş borcu bilirlər.
İctimai Şuranın sədri Sənan Məhərrəmov və fəal üzvü Dilşad Həsənova Zəngilan Şəhər Uşaq Musiqi Məktəbindəki şəraitlə tanış oldular və zərurət yaranarsa aidiyyatı qurumlar qarşısında təklif və yarana biləcək çətinliklərin həllinə dəstək verməyə hazır olduqlarını bildirdilər.