Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şura

"Erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

     Zəngilan rayon Icra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "Erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbirdə iştirak edib.

     Tədbirdə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin, eləcə də Zəngilan rayonunun bir sıra təşkilatlarının rəhbər və əməkdaşları iştirak edib. Natiqlər müasir dövrümüzün ən aktual problemlərindən biri olan “erkən nikahın” qızlarda yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və digər hüquqpozuntuları barədə, həmçinin sağlam gənclik naminə keçirilən bugünkü tədbirin böyük əhəmiyyətindən və dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə erkən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olduğunu bildirib. 

     Erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildirilib ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.

     Çıxış edənlər qeyd edib ki, uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olub. Bu istiqamətdə bir çox qanun və normativ hüquqi aktlar da qəbul olunub. İnsanların övladlarını erkən yaşda ailə qurmağa məcbur etmələri, həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaratdığı diqqətə çatdılırıb.

    Çıxışların ardından erkən nikah və onun törətdiyi fəsadlardan bəhs edən “Erkən nikaha yox deyək !” videoçarx nümayiş olunub. Tədbir mövzunun diskussiya forması ilə yekunlaşıb.

Fotolar

Paylaş