Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şura

İctimai Şura rayon sakinləri ilə səyyar qəbulda iştirak edib

Zəngilan Rayon İcra Hakimiyyəti Bakının Xətai rayonu Qaçaq Nəbi küçəsində yerləşən 5 saylı Yataqxananın sakinləri ilə səyyar qəbul təşkil edib.

Zəngilan RİH-nin başçısı Ramiz Həsənov çıxışında pandemiya ilə əlaqədar müəyyən müddətdən sonra müxtəlif ərazilərdə məskunlaşan rayon sakinləri ilə səyyar qəbulların bərpa olunduğunu və problemlərin həllinə səy göstərilməyə davam edildiyini bildirib.

5 saylı Yataqxanada müvəqqəti məskunlaşan sakinlər onları narahat edən problemlərdən danışıblar. Qaldırılan məsələlər arasında Zəngilana turların təşkili, yataqxananın zirzəmisinə yığılan suların üfunətli atmosfer yaratması, kanaliziasiya sisteminin bərbad vəziyyəti, əmək, işsizlik, əlillik və sosial müavinətlərlə bağlı çətinliklərlə aid şikayət və istəklər yer alıb.

İcra başçısı R.Həsənov müvafiq məsələlərlə bağlı cavabdeh şəxslərə göstərişlər verib və sakinlərə problemlərin həlli üçün imkanlardan istifadə ediləcəyini bildirib. Qəbuldan sonra Ramiz Həsənov və RİH-in nümayəndələri yataqxananın zirzəmisinə baxış keçirib, haqqında söz gedən ərazidəki problemlərlə yaxından tanış olublar.

Səyyar qəbul və yataqxanaya baxışda həmçinin Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Sənan Məhərrəmov da iştirak edib və şura tərəfindən gündəm məsələlərin həlli üçün müvafiq işlərin aparılması nəzərdə tutulub.

Fotolar

Paylaş