İctimai Şura rayonun müxtəlif tədbirlərinə qatılıb - fotolar
Ötən həftə ərzində Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri bir sıra tədbirlərdə iştirak edib.
Prezident İlham Əliyevin tapşırığına əsasən sakinlərin sosial problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənovun, müxtəlif idarə və müəssisələrin rəhbərlərinin, eləcə də inzibati ərazi dairələriinin nümayəndələrinin itirakı ilə 17 Mart tarixində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yaşayan Zəngilan rayon sakinləri arasında səyyar görüşdə müraciətlər dinlənilib.
Ərazidə müvəqqəti məskunlaşan zəngilanlılar onları narahat edən problemlər barədə icra başçısına müraciət ediblər. R.Həsənov məsələlərin həlli üçün aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlar verib.
Səyyar görüşün ardından Sumqayıtın Şəhidlər xiyabanı ziyarət olunub. Zəngilan Rayon İcra Hakimiyyətinin və YAP Zəngilan rayon təşkilatının təşəbbüsü və rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin, eləcə də İctimai Şuranın iştirakı ilə Qarabağ müharibəsi şəhidi Elçin Quliyevin, 2016-cı il Aprel döyüşlərinin şəhidi Rəşid Baxşəliyevin, Vətən Müharibəsi şəhidləri Emil Abduləzimli, İmamalı Hüseynovun və Rəhim Dadaşovun məzarları önünə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.
19 Martda isə Zəngilan rayonunun bütün idarə, müəssisə və təşkilatlarında Novruz bayramı silsilə tədbirlərlə qeyd olunub. Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış massivində ümumrayon bayram şənliyində rayon İcra hakimiyyətinin başçısı, RİH əməkdaşları, rayon üzrə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəsisə, təşkilat rəhbərləri, İctimai şuranın üzvləri, icra nümayəndəliklərinin əməkdaşları, o cümlədən rayon ictimaiyyəti və sakinlər iştirak edib.
Bayram tədbirində müxtəlif idman növləri üzrə rayonun idmançıları, eləcə də Novruzun əsas personajları olan Kosa və Keçəlin məzhəkəli oyunları, kəndirbazların çıxışları, incəsənət ustalarının təqdimatında bayram konserti ilə davam edib. Şənliyinin sonunda ənənəvi bayram tonqalı yandırılıb.
Zəngilan rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri tədbirin təşkili və idarə olunmasında fəal iştirak edib.