Bir çox imtiyazlı Zəngilan ailələrinə Ramazan Qida paketləri təqdim edilib
Türkiyə səfirliyi Din Hizmətləri Müşavirliyi (DHM), Türkiyə Diyanet Vakfı (TDF) və Almaniyadakı ən böyük müsəlman təşkilatı Diyanet İşleri Türk İslam Birliyi (DİTİB) təşkilatı, həmçinin Zəngilan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə bir çox imtiyazlı Zəngilan ailələrinə Ramazan Qida paketlərinin paylanması üçün növbəti tədbir təşkil edilib.
DHM-in müşaviri Zeki Yavuzyılmaz, TDF-nin təmsilçisi Abdurrahman Okur, DİTİB-in nümayəndəsi Hakan Akbulut və Zəngilan RİH başçısının müavini Xanım Rüstəmova çıxış edərək Türkiyə - Azərbaycan qardaşlığından, dövlət səviyyəsində və müxtəlif təşkilatların hər zaman müxtəlif sahələrdə bir-birlərinə göstərdiyi dəstəkdən danışıblar.
Sonra 2022-ci ilin Ramazan bayramı proqramının bir hissəsi olmaqla “Mömünlər ancaq qardaşdırlar” şüarı altında 100 qida paketi siyahı üzrə şəhid və qazi ailələrinin, o cümlədən aztəminatlı ailələrin üzvləri və tənha insanlara təqdim edilib. Müxtəlif bölgələrdən tədbirə qatılan Zəngilan sakinləri diqqət və qayğıya görə təşkilatçılara minnətdarlıq bildirib.
Tədbirdə Zəngilan rayon İcra Hakimiyyəti yanında İctimai Şurasının üzvləri və İcra nümayəndəliklərinin əməkdaşları da iştirak edib.