İctimai şuraların yaranma mahiyyəti - VİDEO

Şuralar dövlət orqanlarına ictimai nəzarəti həyata keçirirlər.

Hazırda bir çox dövlət qurumu yanında İctimai Şuralar fəaliyyət göstərir. Bəs, görəsən bu Şuralar hansı işləri yerinə yetirir, onlar hansı mexanizm əsasında yaradılır və fəsliyyəti nədən ibarətdir?

Xülasə. İctimai iştirakçılığın müxtəlif formaları var. Məsələn, ictimai rəyin öyrənilməsi, ictimai dinləmələr, müzakirələr, məsləhətləşmələr, qanun sahələrinə rəyin verilməsi və s.

Elə İctimai Şuralar da ictimai iştirakçılığın formalarından biridir.  Bu Şuralar mərkəzi yerli icra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları yanında məşvərətçi qurum kimi fəaliyyət göstərir.

Eyni zamanda qərarların qəbul edilmə prosesində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakının, ictimai rəyin nəzərə alınmasının təyin edilməsi məqsədlərinə xidmət edir.

Bundan əlavə İctimai Şuralar icra hakimiyyəti orqanlarında ictimai etimadın bərqərar edilməsində əhəmiyyətli töfhə verə biləcək alətlərdən biridir.

İctimai Şura daimi fəaliyyət göstərən dialoq platformasıdır və seçki yolu ilə vətəndaş cəmiyyəti qurumlarından,təşkil olunur.

Bu da məsləhətləşmələr zamanı onların peşəkar rəylərini təqdim etmələrinə eləcə də qanunvericiliyin icrasına monitorinq və qiymətləndirmələrinə imkan yaradır.

Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Əliməmməd Nuriyevin sözlərinə görə, ictimai iştirakçılıq haqqında qanun qərarların qəbulu prosesində İctimai Şuranın aktiv rol oynamasına imkan yaradır. Onların rollarının reallaşdırılması, bütünlükdə qəbul edilməsi üçün hər bir nazirlikdə, digər müvafiq mərkəzi yerli icra hakimiyyəti orqanlarında İctimai Şuralar yaradılmalıdır.

2020-ci ilin sonu və 2021-ci ilin əvvəllərindən etibarən müvafiq tapşırıqlara əsasən İctimai Şuraların yaranması prosesi daha da sürətlənməyə başlayıb. Artıq mərkəzi icra hakimiyyəti orqanları yanında kifayət sayda İctimai Şuralar fəaliyyət göstərir.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov qeyd edib ki, İctimai Şuralar dövlət orqanları ilə ictimaiyyət arasındakı səmərəli informasiya mübadiləsinin təmin olunması, cəmiyyəti narahat edən məsələlərin dövlət qurumları qarşısında qaldırılmasında mühüm rol oynayır.

Yəni, bir sözlə desək İctimai Şuralar dövlət qurumları ilə ictimaiyyət arasında işbirliyinin, dövlət siyasətinin effektivliyini müəyyən edən tərəfdir.

REAL


Paylaş