“Həbsxanada olan insanlarla daim dialoqdayam -İctimai Şura üzvü

“Həbsxanada olan insanlarla daim dialoqdayam və bu işi həmişə könüllü görmüşəm” -  MÜSAHİBƏ

Qadın hüquqları sahəsindəki yorulmaz fəaliyyəti ilə tanınan Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, ictimai xadim Novella Cəfəroğlu Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü seçilib. Müsahibəsində Novella Cəfəroğlu bu istiqamətdə illərlə həyata keçirdiyi təşəbbüslər, həbsxanalarla bağlı fəaliyyəti və gələcək planları barədə danışıb.

 

Ədliyyə Nazirliyi yanında İctimai Şura seçkilərində qalib gəlmisiniz. Səmimi qəlbdən təbrik edirik! Bu, sizin üçün nə deməkdir və İctimai Şurada fəaliyyətinizə hansı əsas prioritetləri müəyyən etmisiniz?

Çox sağ olun təbriklərinizə görə! Bu seçkidə bizə səs verənlərə də, verməyənlərə də təşəkkürümü bildirirəm! Bilirsiniz, illərdir bu işi görmüşük – baxmayaraq ki, Şura üzvü olmamışıq. Amma mənə şəxsən icazə verilirdi ki, istədiyim zaman həbsxanalara gedim, oradakı insanlarla görüşüm, onların sözlərini həm mətbuatda işıqlandırım, həm də onlara kömək edim. Bizim cəmiyyət vaxtında qadın və gənclər təcridxanasında çox işlər görüb. Qadınlar üçün tamaşalar hazırlamışıq, onlarla birlikdə səhnəyə çıxmışıq. Onlara xalça toxumağı öyrətmək üçün müəllim aparmışıq, xalça toxumağı öyrətmişik. Bizim müraciətimizlə 3 yaşına qədər uşaqların analarının yanında qalması üçün qanun qəbul olunub. Gənclərə sənəd almaqda yardım göstərmişik. Hesab edirəm ki, bundan sonra da çox iş görmək olar!

Jurnalistlərlə görüşlər keçirmək, hər bir insanın – əgər istəyirlərsə – faciəsini araşdırmaq, seminarlar təşkil etmək, narkotiklərlə bağlı maarifləndirmə aparmaq çox vacibdir. Bilirsiniz ki, bir çox insanlar narkotik daşımaları səbəbindən həbsdədir. Qanunu və ədaləti heç olmasa bir qədər bərpa etmək lazımdır. Mən həmişə həbsdə olan insanlarla dialoqdayam. Bacardığım qədər kömək etmişəm və edəcəyəm!


Şurada medianın və QHT-lərin təmsilçiliyi sizcə hansı məsələlərin gündəmə gətirilməsində daha təsirli ola bilər?

Şurada media və QHT-lərin birlikdə işləməsi vacibdir. Gələn şikayətlərin araşdırılması, bütün tədbirlərdə və görüşlərdə media nümayəndəsinin iştirakı mütləqdir. Rayonlarda Ədliyyə Nazirliyinin əməkdaşları ilə birgə görüşlər keçirmək, vətəndaşların ərizə və Ədliyyə Nazirliyinə ünvanlanmış məktublarının həllinə çalışmaq çox vacibdir.


İctimai Şura üzvü olaraq nazirlik vətəndaş cəmiyyəti arasında körpü rolunu necə gücləndirməlidir?

Əsas məsələ bir yerdə çalışmaqdır! Qanun çərçivəsində komissiyalarda iştirak etmək, insanların istəklərini çatdırmaq və çalışmaq. Ayda 2-3 dəfə görüşüb vacib məsələlərin həllinə çalışmaq həm İctimai Şuranın nüfuzunu artırar, həm də insanların istəklərinin yerinə yetirilməsinə xidmət edər. Biz bunu hər zaman çalışmışıq edək – Şura üzvü olmayanda da! Bilirsiniz, məni ən çox sevindirən hal o oldu ki, mənim doğum günümə ən çox təbriklər məhz həbsdə olan insanlardan gəldi. Çünki hər zənglərinə cavab vermiş, nə isə kömək edə bilmişdik!

 

Novella xanım, vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik. Sizə yeni tərkibdəki İctimai Şurada fəaliyyətinizdə uğurlar arzulayırıq.

Mən təşəkkür edirəm. QHT.az-a və jurnalistlərə fəaliyyətimizi işıqlandırdıqları üçün minnətdaram.

 

 

Pərvanə Fərhadqızı

 


Paylaş

Aktiv sorğu yoxdur.