Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvləri Gəncə və Yevlax regional miqrasiya idarələrinə monitorinq səfəri ediblər
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvlərinin 18-19 fevral tarixlərində Gəncə və Yevlax regional miqrasiya idarələrinə monitorinq səfəri təşkil edilib. Səfərin məqsədi idarələrin iş prinsipi ilə tanış olmaq, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətin keyfiyyətinin qiymətləndirilməsi və vətəndaş məmnunluğunun öyrənilməsi olub.
Səfər çərçivəsində İctimai Şura üzvləri regional idarələrə müraciət edənlərin qəbulu prosesini müşahidə edib, onlara göstərilən xidmətlər, həyata keçirilən inzibati prosedurlar, o cümlədən mütəmadi təşkil edilən səyyar xidmətlər və maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilib.
Həmçinin Şura üzvləri 1 və 2 saylı Gəncə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Miqrasiya bölmələrinin işi ilə yaxından tanış olublar. Fəaliyyət istiqamətləri haqqında ümumi məlumat verən əməkdaşlar təşkil olunan işin müxtəlif aspektləri, təqdim olunan elektron xidmətlər barədə məlumatları diqqətə çatdırıb və Şura üzvlərini maraqlandıran sualları cavablandırıblar.
Bundan başqa, Şura üzvləri Yevlax şəhərində yerləşən müvəqqəti yerləşdirmə mərkəzində yaradılmış şəraitin qiymətləndirilməsi məqsədilə monitorinq həyata keçiriblər. Şuranın üzvləri tənzimlənməyən vəziyyətdə olan miqrantların mərkəzə qəbulu və yerləşdirilməsi prosesi, onların hüquqlarının qorunması, mərkəzin yataqxana korpusları, tibb otaqları, görüş otağı, istirahət otaqları, yeməkxana, təminat anbarı və digər yerlərlə tanış olublar.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə ictimai nəzarətin təmin edilməsi məqsədilə yaradılmış İctimai Şura tərəfindən mütəmadi həyata keçirilən monitorinqlər göstərilən xidmətlərin şəffaflığının və hesabatlılığının artırılmasına töhfə verir.