“İctimai Şurada təmsil olunmaq həm böyük etimad, həm də məsuliyyətdir” - MÜSAHİBƏ

“Ümman” Əlilliyi olan Uşaqlara Qayğı İctimai Birliyinin sədr müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Elşad Məmmədov QHT.az-a müsahibəsində İctimai Şurada üçüncü dəfə təmsil olunmasının onun üçün nə dərəcədə əhəmiyyətli olduğunu və qarşıya qoyduğu prioritet fəaliyyət istiqamətlərini bölüşüb. O, həmçinin vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında kommunikasiyanın rolu və bu sahədə İctimai Şuranın funksiyası barədə fikirlərini açıqlayıb.

 

QHT.az: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura seçkilərində qalib gəlmisiniz. Bu, sizin üçün nə deməkdir və İctimai Şurada fəaliyyətinizə hansı əsas prioritetləri müəyyən etmisiniz?

Elşad Məmmədov: İctimai Şurada üçüncü dəfə təmsil olunmaq mənim üçün həm böyük etimad, həm də ciddi məsuliyyətdir. Sosial cəhətdən həssas əhali qrupları ilə birbaşa işləyən bir təşkilatın təmsilçisi kimi Şuraya təkrar seçilmək, mənə göstərilən etimadın göstəricisidir. Bu etimadın dəyərini anlayır və yüksək qiymətləndirirəm. İctimai Şuranın əsas vəzifəsi cəmiyyətin sosial çağırışlarını və ehtiyaclarını müvafiq dövlət qurumlarına çatdırmaq, ictimaiyyətlə dövlət strukturları arasında effektiv kommunikasiyanı təmin etmək və bu prosesdə fəal iştirak etməkdir. Yeni dönəmdə bu istiqamətdə daha sistemli və davamlı fəaliyyət göstərmək niyyətindəyəm.

 

QHT.az: Şurada medianın və QHT-lərin təmsilçiliyi sizcə hansı məsələlərin gündəmə gətirilməsində daha təsirli ola bilər?

Elşad Məmmədov: Yeni tərkibdə sosial media və QHT nümayəndələrinin geniş təmsil olunması, İctimai Şuranın fəaliyyətinə müsbət təsir göstərir. Cəmiyyətdə tanınan, sosial şəbəkələrdə və mediada fəal olan şəxslərin Şurada yer alması, ictimai fikrin formalaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Bu, Şuranın gündəmə mühüm ictimai məsələlərin gətirilməsi və onların daha geniş müzakirəyə çıxarılması baxımından fəaliyyətini gücləndirəcək. Öz növbəmdə mən də bu məqsədlərə xidmət etməyə davam edəcəyəm.

 

QHT.az: İctimai Şura üzvü olaraq nazirlik vətəndaş cəmiyyəti arasında körpü rolunu necə gücləndirməlidir?

Elşad Məmmədov: İctimai Şura nazirliklə vətəndaş cəmiyyəti arasında körpü rolunu oynamalıdır. Bu körpünün möhkəmləndirilməsi üçün nazirlik tərəfindən sağlam əməkdaşlıq impulslarının verilməsi olduqca vacibdir. Sevindirici haldır ki, İctimai Şurada təmsil olunduğum müddət ərzində bu impulsları müşahidə etdim. Nazirliyin İctimai Şura ilə birgə fəaliyyətində şəffaf və effektiv platforma qurmasında oynadığı rolu xüsusilə qeyd etmək istərdim. Eyni zamanda cəmiyyətin İctimai Şuraya olan inamı da böyük əhəmiyyət kəsb edir. Əgər cəmiyyət bizə inanmasa, bizə müraciətlər etməsə, fəaliyyətimizin effektivliyi sual altında qala bilərdi. Hazırda bizə edilən çoxsaylı müraciətlər bu inamın və etimadın bariz göstəricisidir. İctimai Şurada yenidən təmsil olunmağımı da məhz bu etimadın və göstərilən fəaliyyətin məntiqi nəticəsi hesab edirəm.


QHT.az: Elşad müəllim vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik. Sizə yeni tərkibdəki İctimai Şurada fəaliyyətinizdə uğurlar arzulayırıq.

Elşad Məmmədov: Məni növbəti dəfə İctimai Şuraya layiq görən hər kəsə – həm Şura adından, həm də şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmaq üçün bütün gücümlə çalışacağam. Təşəkkürlər!

 

 

Pərvanə Fərhadqızı

 


Paylaş

Aktiv sorğu yoxdur.