Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr və müavini müşavirədə iştirak ediblər - FOTOLAR
23 sentyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində şəhid ailələrinin üzvlərinə, qazilərə və müharibə veteranlarına göstərilən diqqət və qayğının daim nəzarətdə saxlanılması, qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar Rayon İcra Hakimiyyəti başçısı müavinlərinin, Aparatın şöbə müdirlərinin, sahə və qəsəbə inzibati dairə nümayəndəliklərinin, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, bələdiyyə, Gənclər və İdman İdarəsi, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsi və rayonda fəaliyyət göstərən xidmət sahələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilmişdir.
Tədbir iştirakçıları torpaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş qəhrəman oğullarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Müşavirəni giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, qazilərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Binəqədi rayonunda da şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları diqqət mərkəzində saxlanılır, onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur və onları narahat edən problemlər dərhal həll olunur.
Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev və müavini Təranə Paşayeva öz çıxışlarında qeyd etdilər ki, bu gün Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı müharibə əlilləri və şəhid ailələri tərəfindən razılıqla qarşılanır. Ölkənin iqtisadi gücü artdıqca bu kateqoriyadan olan şəxslərə ödənilən müavinətlərin, sosial ödənişlərin də məbləği artır. Bununla bağlı dövlət başçısı tərəfindən son iki il ərzində bir neçə dəfə müvafiq sərəncamlar imzalanıb.
Müşavirə müzakirə formasında davam etdi, sahə və qəsəbə inzibati dairə nümayəndəliklərinin, bələdiyyələrin rəhbərləri qarşıya qoyulan məsələlərin həlli istiqamətində görülən işlər haqqında məlumat verdilər. Sonda müvafiq qurumlara tapşırıqlar verildi.