Gənclər və İdman Nazirliyi yanında İctimai Şura

 Azər Əliyev: “Daha çox iş görmək istəyirik, unutmayaq ki, biz bu yolda könüllüyük”

“Bir ildir ki, Gənclər və İdman Nazirliyi yanında ictimai şura kimi fəaliyyət göstəririk. On beş şura üzvümüz var, onlardan yeddisi gənclər, səkkizi idman sektoru üzrə mütəxəssislərdir. Bu günə qədər  şura üzvləri ilə 6-dan çox iclasımız olub. Düşünürəm ki,  gənclərlə bağlı məsələlərdə və idman sahəsində məsləhətləşmələr, ictimai dinləmələr mütləqdir. Ancaq bu yolla real vəziyyətlə tanış ola bilərik ki, sonradan təkliflərlə çıxış edə bilək. Hər zaman bu məqamı nəzərə almışıq.” 
 

Bu sözləri Gənclər və İdman Nazirliyi yanında ictimai şuranın sədri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının(NAYORA) sədri Azər Əliyev deyib.
Yaxın gələcəkdə rəhbərlik etdiyi şuranın indiyədək gördüyü işlərlə bağlı ictimaiyyətə geniş məlumat veriləcəyini vurğulayan Azər Əliyev, fəaliyyətin davam etdirilməsi üçün əzmlə çalışdıqlarını bildirib. 
Onun sözlərinə görə, şura üzvləri ilə 50-yə yaxın gənclər təşkilatları nümayəndələri ilə görüşlər təşkil olunub. Şuranın işinin daha effektiv qurulması üçün tək paytaxt deyil, bölgələrə də səfərlər edilib. 
“Tovuz, Mingəçevir, Lənkəran gəncləri, idmançıları ilə görüş zamanı onları maraqlandıran məsələləri, şikayət və problemləri dinləmişik. Hədəfimiz daha çox regionu əhatə etməyə nail olmaqdır. Fəaliyyətimizin növbəti ilində bu tanışlıq davam etdiriləcək. Bizim bölgə gənclərinə dəstəyimiz çox vacibdir, ona görə ki, onlar da diqqətdə olduqlarını bilməlidirlər”, Əliyev əlavə edib.
 
Həllini gözləyən problemlər var

“Nəticə olaraq gənclərin problemləri nə ilə bağlı olur” sualını cavablandırarkən şura sədri bunları deyib: “Həllini gözləyən problemlər var. Misal üçün, Lənkəranda səfərdə olanda gənclərlə bağlı psixoloji konsultasiya xidmətlərinə ehtiyac olduğu deyildi. Bu sahə bahalı xidmət olduğuna görə, gənclər istədiyi kimi yararlana bilmir. Baxmayaraq ki, regionlarda gənclər evləri var, amma orada psixoloq ştatları olsa belə təkminləşməyə ehtiyac var. Həm də pandemiya, İkinci Qarabağ müharibəsi, şanlı qələbəmizdən sonra da psixoloji problem yaşından asılı olmayaraq hərədə bir iz buraxıb. Xüsusən də, gənc nəsil daha həssas olduğundan onlar daha çox sarsılıb.
Müharibənin ağır izlərinin aradan qaldırılması üçün psixoloji dəstək vacibdir. Bunun üçün paytaxtdan psixoloqların getməsi yox, elə regionlarda peşəkar psixoloji yardımın yaradılmasına nail olmaq lazımdır. Biz elə səfərdə olduğumuz müddətdəcə operativ şəkildə müvafiq qurumlarla danışıb bu məsələni həll etməyə çalışdıq.

Tovuzda da qazilərə dəstək məsələsi əsas müraciətlərdən biri olub. Düzdür, Yaşat Fodu bu işlə məşğul olur. Amma görünür, ehtiyac daha geniş formada təmin edilməlidir.
Müraciətlərdən biri də nəqliyyat vasitəsi ilə bağlı olub. Lənkəran İdman Kompleksi idmançılara hərtərəfli xidmət edir, şərait əladır, amma oraya hansısa marşrut xətti işləmir. 
Bilirsiz ki, bölgələrdə də əsas məsələlərdən biri gənclərin  məşğulluq məsələsidir. Məşğulluqla bağlı dövlət qurumları, nazirlik, agentlik səviyyəsində proqramlar həyata keçirilir. Amma yenə də bu sahədə problemlər var. Müraciət olunan məsələlərdən biri gənclərimizin 4 illik bakalavr təhsili sonrası qazandığı diploma uyğun işlə təminat məsələsidir.

Bizim araşdırmalarımız onu göstərir ki, gənclərimizin iş, məşğulluq probleminin əsasında vaxtında doğru ixtisasa yiyələnməməkdir. Başqa sözlə, ixtisas seçimi vacibdir, bu mənada geniş, əhatəli olan və bu mövzuda konsultasiyalara, onlayn platformalara ehtiyac var.

Gənclər seçdiyi ixtisasa yiyələndikdə, sonrakı həyatında karyera qurmaq şansı və  potensialını daha rahat əldə edə bilirlər”, şura sədri açıqlamasında deyib.
Mövzu gənclərdən düşmüşkən, bir çox qurumlarda, eləcə də təşkilatlarda hələ də təmsilçilikdə gənclər azlıq təşkil edir. Maraqlıdır, ictimai şura üzvləri arasında gənclər varmı?
Məsələyə aydınlıq gətirən A. Əliyev bildirib ki, şura üzvləri arasında gənclər çoxluq təşkil etməsə də, gənclərə dəstək verməkdə maraqlı olan təşəbbüskarlar var. “Doğrudur, gənclər təşkilatlarında ön sıralarda təmsil olunmasında əngəllər olur. Amma bütün hallarda bizim təşkilat da gənclərin aktivliyini artırmağa, onlar arasında bərabər imkanların yaradılmasına çalışırıq. Gənclər təşkilatlarının təlimatlandırılması, onların müxtəlif beynəlxalq layihələrdə iştirakına dəstək veririk.”  
 
Ofislə təminat məsələsi hələlik yoxdur
Nazirliyin şuraya verdiyi dəstəyə gəlincə, A.Əliyev bildirib ki, qanunvericilikdə dəqiq məqam yoxdur ki, nazirlik, dövlət qurumu  yanında olan ictimai şuraya hansısa texniki, maddi dəstək verə bilər. 
“Ofislə təminat məsələsi hələlik yoxdur, amma buna baxmayaraq, biz öz işlərimizi öz iş yerimizdə görürük. Bəzən görüşləmizi onlayn formatda keçiririk. Əlbəttə, yaxşı olardı ki, konkret yerimiz olsun, amma hələlik bu həlli tapılmayan məsələ deyil. Nəzərə almalıyıq ki, ictimai şura könüllülük əsasında olduğu üçün biz bütün hallarda xidmət, tövhə verməyə çalışmalıyıq. Müvafiq qanunvericilikdə olan boşluqdan biri də, fəaliyyəti olmayan ictimai şura üzvünün işinə necə xitam verilməsi məsələsidir. Buna da aydınlıq gətirilməlidir.
 
İctimai şura üzvlərinə nazirlik tərəfindən vəsiqələrin verilmə prosesi gecikdirilsə də, ..
Onu da qeyd edim ki, nazirlik bizim regionlara ezamiyyə xərcimizi, nəqliyyatla təminat məsələmizi həll edir.  Bizim təkliflərə hər zaman açıq olduqlarını bildirirlər. Nazirlə iki dəfə görüşümüz olub. Açıq platforma şəkilində geniş müzakirəmiz olub, bu yaxında daha bir görüşümüz nəzərdə tutulur. Ictimai şura üzvlərinə nazirlik tərəfindən vəsiqələrin verilmə prosesi gecikdirilsə də, artıq 2 aydır vəsiqələr hazırdır. Şura üzvləri vəsiqələrin nazirlik səviyyəsində təqdim olunmasını arzuladığı üçün bu proses yekunlaşmayıb. 
İctimai şuranın daha effektiv  fəaliyyəti ilə bağlı təkliflərə gəlincə, şura sədri əlavə edib ki, əsas təklif ictimai şuraların ikiillik fəaliyyətinin bir qədər uzun müddətə, təqribən 3 ilə qədər uzadılmasıdır.
“Çünki ictimai şura üçün birinci ildə vəziyyətlə tanışlıq, sonrakı illər isə fəaliyyət, strategiyanın qurulmasıdır. Həm də ilk işi quranlar sonra gələnlər üçün çox əngəli aşmış olur. Gedilən yol da eynidir. Əsas məsələ sonradan gələn komandanın həmin fəaliyyətin davamlılığını qorumasıdır.”

Raminə Eyvazqızı

Fotolar

Paylaş