Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib
Avqustun 11-də Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın onlayn formatda ilk iclası keçirilib. İclasında iştirak edən nazir müavini İntiqam Babayev yeni tərkibə uğurlar arzulayıb. Nazir müavini ictimai şuranın nazirliklə ictimaiyyət arasında daha da səmərəli qarşılıqlı fəaliyyətin təşkili, gənclər və idman sahəsində dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, vətəndaşların hüquqlarının müdafiəsi məqsədilə nazirlik yanında ictimai əsaslarla fəaliyyət göstərən məşvərətçi qurum olduğunu qeyd edib.
İctimai şuranın hər bir üzvünün daha fəal olmağa dəvət edən nazir müavini, qarşılıqlı fəaliyyət nəticəsində gənclər və idman sahəsində dövlət siyasətinin həyata keçirilməsində ictimai şuranın faydalı rol oynayacağına ümidvar olduğunu bildirib.
Sonra gündəlikdə duran aşağıdakı məsələlər qəbul edilib və müzakirəyə çıxarılıb:
1. Reqlamentin qəbul edilməsi;
2. Sədrin seçilməsi;
3. Sədr müavinin seçilməsi;
4. Katibin seçilməsi.
İlk olaraq reqlament müzakirə edilərək qəbul edilib. Sonra seçkilər keçirilib. Səsvermənin nəticələrinə görə, İctimai Şuranın sədri vəzifəsinə Azər Əliyev (Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası) seçilib. Azad Mənaflı (“İsmayıllı İntellektual oyunlar klubu" İctimai Birliyi) sədr müavini, İntiqam Cavanşir (Dünya Gənc Türk Yazarlar Birliyi) isə katib vəzifələrinə seçiliblər.