Naftalanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində dəyirmi masa keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qanunun aliliyinə sadiqlik: Etik qaydalar və dövlətçilik” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə ŞİH-nin əməkdaşları, İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi bilavasitə Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri ilə bağlıdır.
Qeyd olunub ki, dövlət qulluğu sahəsində aparılan sistemli islahatlar, şəffaf və peşəkar idarəetmənin qurulması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
Vurğulanıb ki, vətənə və dövlətə sədaqətli xidmət nümunəsi göstərən cənab Prezident hər bir dövlət qulluqçusu üçün örnəkdir. Onun rəhbərliyi ilə bu sahədə aparılan siyasət dövlət qulluğunun sürətli inkişafını və ictimai etimadın artmasını təmin edir.
Tədbirdə “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda çıxış edən Şəhər İcra Hakimiyyətinin əməkdaşı Şahmar Ədilov respublikamızda dövlət qulluğu sistemində tətbiq edilən müasir yanaşmalar, qəbul olunmuş normativ hüquqi aktlar və dövlət qulluqçularına göstərilən diqqət və qayğı haqqında ətraflı məlumat verib. O, etik davranış normalarının dövlət qulluqçularının fəaliyyətində şəffaflıq, dürüstlük və məsuliyyətin təmin olunmasında mühüm rol oynadığını xüsusi vurğulayıb.