Aynur Sabitova: İctimai iştirakçılıq günümüzün tələbidir

Bakıda “İctimai iştirakçılıq: şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı” mövzusunda konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyi tərəfindən keçirilib.

 

Konfransda Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova Ədliyyə Nazirliyinin ictimai iştirakçılıq ilə bağlı fəaliyyəti haqqında çıxış edib.

QHT.az həmin çıxışı təqdim edir:

“İlk növbədə, hamını salamlayıram.
Konfransın mövzusu olduqca aktualdır. Çünki ictimai iştirakçılıq, şəffaflıq, açıqlıq günümüzün tələbidir və bunlar bir-biri ilə sıx bağlıdır.
Cənab Prezident hər zaman çıxışlarında vurğulayır ki, ictimai nəzarət olmalıdır, ictimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz.
Ona görə də bu prinsiplər Ədliyyə Nazirliyinin fəaliyyətinin əsas prioritetlərindəndir. “İctimai iştirakçılıq haqqında” Qanun qəbul olunmamışdan öncə ədliyyə nazirinin təşəbbüsü ilə yaradılmış İctimai Şuramız deyilənlərin bariz nümunəsidir.


İlkin vaxtlarda ictimai nəzarətin həyata keçirilməsi yalnız penitensiar müəssisələrlə məhdudlaşırdısa, sonradan ictimaiyyətin iştirakı ədliyyənin bütün sahələrini əhatə etmişdir. Bu gün vətəndaş cəmiyyətinin üzvləri nazirliyin müxtəlif monitorinq qruplarında, komissiyalarında fəal təmsil olunur.
Onlar həmçinin, qulluğa qəbulla bağlı imtahanlarının gedişini izləyir, nazirliyin kollegiyasının, apellyasiya şurasının iclaslarında və digər tədbirlərimizdə mütəmadi iştirak edirlər.
Bir sözlə, deyə bilərəm ki, bizim elə tədbirimiz olmur ki, orada İctimai Şura, digər vətəndaş cəmiyyəti institutları iştirak etməsin, öz təklif və tövsiyələrini verməsinlər.


Təkcə onu qeyd edim ki, qarşıdan noyabrın 22-si peşə bayramımız yaxınlaşır, bu ərəfədə 3 tədbirimiz olacaq və onların hər birinə, sözsüz ki, vətəndaş cəmiyyəti institutları dəvət olunmuşdur. Fürsətdən istifadə edib, faydalı əməkdaşlığa görə minnətdarlığımı bildirirəm.
İctimai iştirakçılıq özü-özlüyündə həm də şəffaflığı, hesabatlılığı ehtiva edir. Bu mənada Cəsarət müəllimin əməyi danılmazdır. İctimai iştirakçılıq sahəsində demək olar ki, gündə çoxsaylı məlumatları ondan alırıq. İctimai Şuralarla, QHT-lərlə bağlı saytların fəaliyyəti bu sahədə məlumatlılığı yetərincə təmin edir. Görülən işlər, islahatlar, yeniliklər barədə əhali məlumatlandırılır.
Bütün bunlar əlbəttə ki, şəffaflığa xidmət edir, eyni zamanda bununla bir növ ictimaiyyət qarşısında hesabatlılıq təmin olunur.


Məlum olduğu kimi, şəffaflığı təmin edən ən münasib vasitələr məhz internet saytlar, sosial şəbəkə hesabları və digər innovativ metodlardır.
Ədliyyə Nazirliyinin rəsmi internet saytı kifayət qədər informativ və interaktivdir. Vətəndaşlar üçün zəruri və əhəmiyyətli olan məlumatlar, bölmələr və xidmət funksiyaları saytda vardır. İl ərzində ondan bəhrələnənlərin sayı yüz minlərlə ölçülür, hətta milyonu keçir.
Bundan savayı, bizim qurumlarımızın da sahəvi internet saytları var ki, orada da aidiyyəti məlumatlar açıqlanmaqla şəffaflıq təmin edilir.
Əlbəttə ki, bütün bunlar həm də, informasiyanın əlçatanlılığına xidmət edir. Təbiidir ki, informasiya cəmiyyət üçün nə qədər açıq olarsa, bir o qədər qurumun fəaliyyətinin şəffaflığı, eyni zamanda hər kəsin informasiyaya əlçatanlığı təmin olunmuş olur.


Lakin etiraf etmək lazımdır ki, müasir günümüzdə sosial şəbəkələr digər informasiya mənbələrini üstələmişdir. Bu gün sosial şəbəkələr gündəlik həyatımızın bir parçasına çevrilib. Hər kəs sosial şəbəkə istifadəçisidir və bütün məlumatları məhz oradan alır, öyrənir və paylaşır.
Hətta sosial şəbəkələr bir debat məkanına, müzakirə meydanına çevrilmişdir, orada vətəndaşla, cəmiyyətlə, media ilə təmasda canlı formatda ictimai müzakirələr keçirilir. Ədliyyə Nazirliyi də bu formatdan geniş istifadə edir.
Hörmətli həmkarlar, əlbəttə ki, fəaliyyətimizin əsasında, ilk növbədə, vətəndaş məmnunluğu, insanlara layiqli xidmət dayanır. Görülən işlərin nə dərəcədə mükəmməl və ya qüsurlu olub olmadığını ictimaiyyət özü qiymətləndirir. Yaxşı olanda bu bizə əlavə stimul verir ki, gördüyümüz işləri daha da təkmilləşdirək. Nöqsan olanda da, çalışmalıyıq ki, onu aradan qaldıraq və bu da təbii ki, Sizlərin köməyi ilə, birgə əməkdaşlığımız nəticəsində mümkündür.


Hələlik bu qədər, əlavə fikir söyləməyə ehtiyac olarsa, münasibət bildirməyə hazıram.
Layiq görüldüyüm təltif bütövlükdə birgə əməkdaşlığımıza, Ədliyyə Nazirliyi ilə vətəndaş cəmiyyəti institutları arasında səmərəli əlaqələrə verilən qiymətdir. Ədliyyə Nazirliyinin rəhbərliyi hər zaman ictimai iştirakçılığa böyük önəm verir. Biz də bu sahədə fəaliyyətimizi ona uyğun həyata keçiririk və çalışırıq ki, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirək.”

 

Qeyd edək ki, Konfransda Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova “İctimai iştirakçılıq sahəsində səmərəli fəaliyyətə görə” İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin Fəxri Fərmanı ilə təltif edilib.


Paylaş

Aktiv sorğu yoxdur.