Elektron ictimai nəzarət dövrü

Azərbaycanda iki mühüm istiqamət - hüquqi dövlət quruculuğu və fəal, güclü vətəndaş cəmiyyətinin formalaşdırılması bir-birini tamamlayır. Respublikamızda 1995-ci ildə referendum yolu ilə qəbul olunan Konstitusiya və dövlət başçısının imzaladığı digər sənədlərlə hüquq sisteminin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi, demokratik prinsiplərin həyat normasına çevrilməsi üçün münbit zəmin formalaşdırılıb. Bütövlükdə, ölkəmizdə qanunçuluğa əsaslanan idarəetmə mexanizminin daha səmərəli formalarının yaradılmasını hədəfləyən islahatlar davamlı səciyyə daşıyır.

 

Eyni zamanda,  dövlət ölkədə fəal vətəndaş cəmiyyətinin qurulmasına güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısında etdiyi çıxışlarında bütün sahələrdə ictimai iştirakçılığın və ictimai nəzarətin gücləndirilməsinin önəmini dəfələrlə diqqətə çatdırıb. Ölkədə fəal vətəndaş cəmiyyətinin formalaşdırılması dövlətin müəyyənləşdirdiyi prioritetlərlə üst-üstə düşür. İdarəetmədə səmərəliliyin təmin olunması, inklüzivliyin və vətəndaş məmnunluğunun artırılması, korrupsiyanın əhatə dairəsinin daraldılması, problemlərin operativ qaydada aradan qaldırılması kimi hədəflərə nail olunmasında ictimai iştirakçılığın gücləndirilməsi ən effektiv mexanizmlərdən biri qismində çıxış edir.

 

İctimai şuraların şəbəkəsi genişlənir

Müxtəlif dövlət qurumları yanında ictimai şuraların yaradılması respublikamızda idarəçilikdə cəmiyyətin təmsilçiliyinin təmin olunması istiqamətində atılan mühüm addımdır. Respublikamızda 2014-cü il iyunun 1-dən qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun icrasında ilk vaxtlarda müəyyən problemlər yaşanırdı. Bu istiqamətdə yeni mərhələ 2021-ci ildən başlayıb. 2021-ci ilədək mərkəzi icra hakimiyyətləri yanında cəmi 12 ictimai şura fəaliyyət göstərib. Ötən il isə digər 8 mərkəzi icra hakimiyyəti yanında ictimai şuralar yaradılıb və onlara seçkilər keçirilib. Hazırda 20 mərkəzi icra hakimiyyəti yanında ictimai şuralar fəaliyyət göstərir. Həmçinin yerli icra strukturları yanında da ictimai şuralar təşkil olunur. Təcrübədən bəlli olur ki, ictimai şuraların təşkili müxtəlif mərkəzi və yerli icra hakimiyyəti qurumlarının fəaliyyətində şəffaflığın artmasına, hesabatlılığın təmin olunmasına, son nəticədə səmərəliliyin yüksəlməsinə müsbət təsir göstərir. Paralel şəkildə, cəmiyyətdə mərkəzi və yerli icra hakimiyyəti strukturlarına inam və rəğbət artır.

 

Gələcəkdə ölkəmizdə ictimai şuraların inkişafı üçün daha optimal şərait yaradılacaq. Bu barədə  Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və ictimai şura üzvləri üçün təşkil edilən təlimlərin bağlanış mərasimində bildirib. Vüsal Quliyev yekun təlimdə çıxış edərək, müasir dövrdə ictimai şuraların əhəmiyyətini, xüsusilə dövlət qurumlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasında onların rolunu qeyd edib. Bildirib ki, ictimai şuralar vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prossesinin vacib institutlarından birinə çevrilməkdədir.

 

İctimai nəzarətdə yeni çağırışlar

Eyni zamanda, müasir dövrün trendləri ictimai nəzarət sahəsində də yeni çağırışlar yaradıb. Bu çağırışlar bütün dünyada olduğu kimi, respublikamızda da informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə bağlıdır. Respublikamızın 4-cü sənaye inqilabının hədəflərinə doğru inamlı addımlar atması, ölkə üzrə internet şəbəkəsinin əhatə dairəsinin genişlənməsi və keyfiyyətin yüksəlməsi idarəetmədə ictimai iştirakçılığın genişlənməsi üçün yeni imkanlar açıb. Əvvəllər ayrı-ayrı fərdlərin operativ qaydada proseslərin iştirakçısına çevrilməsi fiziki cəhətdən mümkün deyildi. Bunun üçün ən azından zaman tələb olunurdu. Vətəndaşlar hansısa bir müraciətlərini əlaqədar qurumlara çatdırmaqdan ötrü uzaq yol qət etməli, qəbula yazılmalı və digər prosedurlara əməl etməli idilər. Müraciətlərin məktubla və yaxud telefonla çatdırılması da lazımi səmərə vermirdi. İndi İKT texnologiyaları bütün bu kimi məhdudiyyətlərə son qoyub. Belə ki, informasiya-kommunikasiya texnologiyaları hər bir vətəndaşa operativ qaydada idarəetmə prosesinin iştirakçısına çevrilmək şansı qazandırıb. Əlavə edək ki, hazırda ölkə əhalisinin təxminən 80 faizinin internetə çıxış imkanı var. Vətəndaş öz evində oturaraq cəmi bir neçə dəqiqə ərzində istək və arzularını, qarşılaşdığı problemlər barədə məlumatları əlaqədar qurumların nəzərinə çatdıra bilər. Belə müraciətlər onlayn qaydada qeydə alınaraq onların icrası təmin olunur.

 

Zəruri informasiya təminatı

Zəruri informasiya təminatı idarəetmədə ictimai iştirakçılığın artırılması üçün çox mühüm halqanı təşkil edir. Açıq deyək ki, bu halqada işlər hələlik arzuedilən səviyyədə qurulmayıb. Yerlərdə maarifləndirmə işləri zəif aparılır. Buna görə də vətəndaşlar ictimai iştirakçılığa az maraq göstərirlər və yaxud buna cəsarət etmirlər.

Artıq bu sahədə də buzun əridiyini söyləmək mümkündür. Hələlik respublikamızda ictimai şuralarla bağlı ilk və yeganə vahid onlayn platforma olan İctimaishura.az fəaliyyət göstərir. Bu platforma USAID tərəfindən maliyyələşdirilən “FHI 360”, “ICNL” və MG Consulting” təşkilatları ilə birgə əməkdaşlıqda həyata keçirilən “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti - ECSOFT” layihəsi çərçivəsində yaradılıb. Platforma ictimai şuralar ilə bağlı informasiya mühitinin formalaşmasında əsas rola malikdir. İndiyədək 500-dən çox xəbər hazırlanaraq sayta yerləşdirilib. Eyni zamanda 38 ictimai şura platformaya inteqrasiya edilib. Həmin ictimai şuraların fəaliyyəti, üzvləri haqqında və digər məlumatlar bazaya daxil edilib.

 

Açıq Hökumət Platformasının koordinatoru, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev ictimai iştirakçılıq və ictimai şuralar ilə bağlı proseslərin müsbət istiqamətdə getdiyini bildirib. Ə.Nuriyev, həmçinin İctimaishura.az platformasının da prosesə töhfə verdiyini və informasiya əlçatanlığının təmin olunmasında müsbət rol oynadığını qeyd edib.

 

 

 

Onlayn ictimai nəzarət platforması

“Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti - ECSOFT”  layihəsi çərçivəsində, həmçinin onlayn ictimai nəzarət platforması (www.enezaret.az) həyata vəsiqə alıb. Yeni platforma 2 iyun 2021-ci il tarixində təqdim olunub. Bu platformanın məqsədi ictimaiyyəti narahat edən müəyyən məsələlərə dair (yol, infrastruktur, abadlıq və s.) vətəndaşlardan video və foto sübutu olan məlumatı qəbul etmək və müvafiq dövlət orqanlarında onların həllinə nail olmaqdır.

Boru sızması, məişət tullantılarının daşınmaması, yol örtüyünün dağılması, aşmış ağaclar, açıq lyuklar və sair problemlərlə rastlaşdıqda vətəndaşlar WhatsApp (055 4502013) və ya sayt vasitəsi ilə (www.enezaret.az) E-nəzarət komandasına məlumatı çatdıra bilərlər. Platformanın vəkilləri isə problemlərin həlli istiqamətində dərhal müvafiq addımlar atırlar.

 

Onlayn ictimai nəzarət platformasının birillik fəaliyyəti uğurlu olub. Bir il ərzində ictimaiyyətə verilən bu böyük fürsət nəticəsində xeyli vətəndaşın müraciəti və şikayəti təmin olunub. Belə ki, onlayn platformaya edilən 800-dən çox müraciət və şikayətlər müvafiq qaydada dövlət qurumlarına çatdırılıb. Bu işdə əməkdaşlıq və tərəfdaşlıq edən orqanlar da dəstəyini göstəriblər. E-ictimai nəzarət platformasının cari ilin iyun-avqust ayları üzrə təqdim etdiyi hesabata əsasən, 12 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılması və bu müraciətlərdə qeyd olunan problemlərin həllində daha fəal olub. Bu siyahıda Bakı şəhər İcra Hakimiyyəti, “Azərsu” ASC, “Azərişıq” ASC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Yasamal, Binəqədi, Nizami, Sabunçu, Xətai, Nəsimi rayon icra hakimiyyətləri, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yer alıblar.

 

MÜBARİZ / Yeni Azərbaycan qəzeti

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.