Elşad Məmmədov: Sosial xərclərin artırılmasına həmişə ehtiyac var

“Nazirlik yanında bir il yarıma yaxındır ki, fəaliyyət göstəririk. Bu müddətdə həm ictimai sektordakı problemləri daha yaxından müşahidə etdik, həm də yanında olduğumuz nazirliyin aidiyyəti qurumları ilə əməkdaşlığımızı qurduq. Bu məsələdə nazirliyin müvafiq idarələri və mərkəzi aparatın özünün konstruktiv dəstəyi oldu. Əlbəttə ki, yaradılan şəraiti qənaətbəxş hesab edirik və bu dəstək olmadan bizim əhalinin sosial problemlərinin həlli ilə yaxından tanış olmaq fürsətimiz olmazdı.” Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında ictimai şuranın sədri Elşad Məmmədov deyib.
 

Təqdimat: Elşad Məmmədov “Ümman” Əlilliyi olan uşaqlara qayğı İB-nin rəhbəridir. O, həmçinin Əmək və Əhalinin Müdafiəsi nazirliyi yanında ictimai şura sədri kimi fəaliyyətini davam etdirir.  

Şura sədri onu da əlavə edib ki, əhalinin ayrı-ayrı kateqoriyalarının aidiyyəti problemləri, həmçinin prioritet məsələ olan Vətən müharibəsi iştirakçılarının, qazilərimizin vəziyyəti ilə bağlı məsələlər olub.


Məncə, ötən müddət ərzində bizim ictimai şura üzvləri fəaliyyətində aktivlik göstərdi, nazirliklə əməkdaşlığımızda da nailiyyətlər əldə etmişik.
Deyə bilmərəm ki, biz bütün problemlərin həllinin öhdəsindən gəlmişik. Xeyr, görüləcək iş çoxdur. Əhalinin sosial problemlərinin çoxluğu qlobal xarakter daşıyır, bizdə də həmçinin müxtəlif mövzuda bitməyən problemlər var. Bu sahədə insan faktorunun olması, həmçinin nazirlik barədə neqativ fikirlərin dolaşması, vətəndaşlar arasında narazılığın çoxluq təşkil etməsi məqamları da var. Əlbəttə, bu sektor iri islahatlar tələb edən sahədir, elektronlaşma, rəqamsallıq, yeni sistemə keçid olsa belə,  şəffaflığın təminatı gərəkdir. Narazılıqların yaranmasında əsas səbəb müraciətlərə operativ cavab verilməməsi, ləngimələrdir ki, bu da proseslərin mərkəzləşməsi zərurətini yaradır.
Biz də öz adımıza şəffaflığın təminatına çalışırıq və zənnimcə bu sahədə ictimai şura üzərinə də böyük yük düşür.”


Şuranın daha effektiv işləməsinə təsir edən amillərdən birinin zaman qıtlığı olduğunu vurğulayan E. Məmmədov bildirib ki, rəhbərlik etdiyi şuranın 15 nəfər üzvü var. “Şurada təmsil olunan ictimai sektor üzvlərinin öz işlərinin də olması, bəzi hallarda hamısının tədbirə, toplantıya qatılmasını çətinləşdirir. Amma zaman problemi olsa da, şura üzvləri arasında birgə işimizə hansısa töhfə vermək istəyi yüksəkdir, indiyədək biganəlik müşahidə etməmişəm. Şuranın üstün cəhəti odur ki, biz oliqarxlar, məmurlar toplusu deyilik, biz də ictimaiyyət arasından gəlmişik. Orada baş verənlərə bələdik, vəziyyəti qiymətləndirmək iqtidarındayıq, buna həm elmi, həm nəzəri, həm də praktiki təcrübəmiz yetir.”


Şuraya edilən müraciətlərə gəlincə, şura sədri bunları deyib: “Bir daha vurğulayıram ki, biz sosial siyasətin reallaşdırılmasında nazirlik ilə ictimaiyyət arasında körpü rolunu oynayırıq. Bu bizim əsas missiyamızdır. Dövlət qanunlarının, proqramlarının icrasının bizim tərəfdən ictimaiyyətə çatdırılmasına da çalışırıq. Əsas prioritet bütün  vətəndaş müraciətlərini diqqətdə saxlamaq və hər birinə cavab verməkdir. Gün ərzində təkcə mənə onlarla müraciətlər daxil olur. Hər müraciətə uzağı sutka ərzində cavab verilir, problemin həlli üçün müraciətlər birbaşa rəhbərlik və aidiyyəti şöbəyə yönəldilir. Doğrudur, əhalinin hansısa kateqoriyasında narazılıq ola bilər, amma biz buna baxmayaraq, əlimizdən gələni etməyə çalışırıq. Açığı, mən də əvvəllər bəzi məsələlərə münasibətimdə tənqidi yanaşırdım, amma proseslərlə yaxından tanış olduqda sektorun çətinliyini görmək olur.”


Müsahibimiz “nazirlik fəaliyyətiniz üçün şərait yaradırmı” sualına isə belə açıqlama verib : “Öz adımdan deyə bilərəm ki, şurada öz fəaliyyət istiqamətlərimizi qurmuşam. Nazirliyə aidiyyəti olan istənilən məsələyə  münasibət və təklif imkanımız var. Dəfələrlə əlilliyin təyinatı ilə bağlı  komissiyada iştirak etmişəm. Orada QHT üzvlərinin də iştirakı təmin olunur. Bir vacib məsələni vurğulamaq istəyirəm. Əlillik təyinatının verilməsində bir çox qurum rəy verir. Amma nədənsə pensiya və əlilliyin verilməsi ilə bağlı narazılıq olanda insanlar nazirlik üzərinə gedir.

 

Narazılığın bir qurumda fokuşlaşmasını ədalətli hesab etmirəm. Nədənsə, vətəndaş özü üçün mənfi olan qərarı alanda başqa formada həll yoluna (red-qeyri-qanuni) çalışır. Əslində bunun da səbəbi odur ki, əvvəlki illərdə saxta əlilliyin verilməsi halları olub və vətəndaş da yenə bu yolla getmək variantlarını axtarır. Bizsə, narazılıq olanda həmişə tələb edirik ki, bizə tutarlı fakt gətirin, biz də məsələnin qanuni və  qeyri-qanunu həll olunması yollarını araşdıraq. Bizə verilən faktları araşdırırıq, məlum olur ki, bəzi insanların sağlamlıq sənədlərinə görə haqlı imtinalar var. Başqa sözlə, insanlar bilməlidir ki, araşdırma və detallı sənədləşmənin səbəbi saxta əlilliyin qarşısının alınması üçündür.


Xüsusən də, əlillik meyarlarına cavab verməyən insanlar müraciət edəndə, belə mübahisələr ortaya çıxır. Doğrudan da, bu gün sosial dəstəyə ehtiyacı olan insanlarımız var və onlara təcili yardım lazımdır, amma bəzi texniki məsələlər gecikmələrə səbəb olur.

Düşünürəm ki, belə insanlar həqiqi mənada ehtiyacı olan insanların haqqını yemiş olur. Bir tərəfdən də, sənədləşmə prosesində tibbi qərarlarla bağlı məsələlərin də nazirliklə əlaqəsi yoxdur, bunu da nəzərə almaq lazımdır.


Bir məsələni də qeyd etmək istəyirəm, cəmiyyətdə ələbaxımlılıq meyli olmamalıdır. Bir də iqtisadi inkişaf olmadan bu vəziyyətlərdən çıxmaq olmaz. İnsanlar hansısa yolla dövlətdən müavinət, sosial yardım almağa çalışmamalı, qanuni gəlirlərlə sosial rifahını təmin etməlidirlər”, deyə, şura sədri bildirib.

 
“İctimai şura(lar) müstəqilliyini qoruya bilirmi” sualına E. Məmmədov aydınlıq gətirib:
“Bəli, şuranın hansısa dövlət qurumunun, nazirliyin “yanında” olması  bəzi insanlarda belə fikir formalaşdırır ki, şura nazirliyin tabeliyindədir, müstəqil deyil. Bizim nazirlikdən hər hansı asılılığımız ola bilməz. Mən özüm bu prosesə qoşulana qədər aidiyyəti qurumlarla bağlı  tənqidi fikirlər söyləyirdim. Amma ictimai şuraya gəldikdən sonra, məlum oldu ki, bəzi məsələlər kənardan göründüyü kimi deyil. Bizim elə məqsədimiz də ictimaiyyətdə nazirlik haqda olan məsələləri şəffaf şəkildə çatdırmaqdır və obyektivlik naminə iş görülməlidir. Bizim işimiz vəkillik də deyil, nazirliyi müdafiə edək. Əsas fəaliyyət problemlərin həllində aidiyyəti qurumların işinə dəstək verməkdir.

 

İctimai şura daha emosional qurumdur, misal üçün, müharibə qazilərinə təcili dəstəyin verilməsini istəyirik, amma qanunlar daha səbirli olmağı tələb edir. 
Bu arada, əlilliyin təyinatı ilə bağlı yeni qaydalar tətbiq olunmağa başlayıb, biz bununla bağlı nazirlik rəsmiləri ilə görüşmüşük və nəticə olaraq deyilir ki, sosial islahatların nəticəsində insanlara verilən müavinətlərin sayı artacaq. Bu bizi şura kimi sevindirir. 

Əlbəttə ki,  dövlətin əhaliyə sosial dəstəyi mütləq olmalıdır. Sosial xərclərin artırılmasına həmişə ehtiyac var, əmək qabiliyyətli insanları məşğulluqdan ayırıb, onlara müavinətin təyinatı yolverilməzdir. Məşğulluq proqramları da kifayət qədər olmalıdır. Əslində bu mürəkkəb bir prosesdir və bu sistemi qurmaq bir qurumun işinə dayana bilməz.” 
Elşad Məmmədov son olaraq belə bir çağırışla müraciət edib: “İctimai sektorda olan hər kəsi qanunvericilikdə yeni yanaşmaların tətbiqinə çağırıram. İctimai şuraların fəaliyyəti ilə bağlı mexanizmlər yenidən işlənməlidir.

 

Söhbət ictimai şuraya  əməkhaqqının verilməsi, maddi resurslardan getmir, daha çox vaxt və imkanın verilməsidir. İctimai nəzarət vacibdir, hər bir dövlət qulluqçusu bilməlidir ki, ona nəzarət var, onda məsuliyyət artmalıdır.

Bu arada qeyd edim ki, “Azərbaycan -2030” , “Milli Fəaliyyət Planı-2026” konseptual sənəddə də strateji istiqamətlər təyin olunub. Həmin proqramda sosial bloka aid məsələlər də var. Biz bu dövlət proqramlarını təhlil edəndə görürük ki, dövlət rəhbəri əhalinin sosial statusunun yaxşılaşdırılmasını, sosial –iqtisadi inkişafı əsas prioritet kimi irəli sürüb.


Azərbaycanın sosial statusa malik olması, insan kapitalına yatırılan investisiya əsas məsələdir, 5 hədəfdən biri insanların sosial vəziyyət, regional sosial siyasət amilləridir. Sosial rifah, sosial status deyəndə maddi tərəf düşünülməməlidir. Sosial müdafiədən danışanda həm də yeni nəsillin formalaşmasında əxlaqi, mənəvi dəyərlərin ön plana çıxarılması nəzərdə tutulmalıdır. Bu məsələni  də diqqətdə saxlamaq ictimai nəzarətin əsas missiyasıdır. 

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.