Dini qruplar şəhid ailələrinin həssas vəziyyətindən istifadə edir, diqqətli olmalıyıq - İctimai Şura sədri

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yanında ictimai şuranın sədri Sevinc Alızadə ilə müsahibəni təqdim edirik.
Sevinc Orucova ixtisasca vəkildir. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür.
O, “Yaşat Fondunun” Himayəçilər Şurasının üzvüdür.
Aprel şəhidi polkovnik –leytenant Raquf Orucovun həyat yoldaşı olan Sevinc xanım “Zəfər”Şəhid ailələrinə Dəstək İB-nin sədridir.
Bir ildir, Dini Qurumlarla iş üzrə Dövlət Kömitəsi yanında yaradılmış ictimai şuraya sədrlik edir.
 
 
-Sevinc xanım, yəqin ki, dini məsələlər üzrə ictimai şuranın məsuliyyəti daha çətin olar?
 
-Xeyli müddətdir, təşkilat olaraq Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Mənəvi dəyərlərin təbliği fondu ilə əməkdaşlığımız vardı. Bir çox layihələrə imza atmışıq. Mənə Komitə yanında ictimai şuraya rəhbərlik etmək təklifi verildi, bu etimadı geri çevirmədim. Ümid edirəm ki, artıq bir ilə yaxındır, bu işdə də bacardığım məsuliyyəti göstərə bilirəm. Çünki hər işdə məsuliyyət tələb olunur, bunu hansısa ad, post üçün yox, şəxsi tələbkarlığın üzərinə qurmalısan.
 
Mən həm də Yaşat Fondunun himayəçilər şurasının üzvüyəm. Həmçinin Vəkillər Kollegiyasının Rəyasət heyyətinin üzvü kimi öz peşəm vəkil kimi vəzifələrim də var. Sadəcə bu vaxta qədər təcrübəm və təəssüratlarımda məni üzən bir məqamı paylaşmaq istəyərdim. Təəssüf ki, cəmiyyətdə etibar, etimad probemi var. İnsanlar bir-birinə inam hissini itiriblər, verilən sözlərin unudulması, tutulmaması kimi hallar var deyə, mənim bütün vəzifələrimdən qabaq bir şəhidin həyat yoldaşı olmağım insanlarda inam və ümid hissini oyadır. İctimai şura sədri işimə gəlincə, bu missiyamız da ictimai əsaslar və könüllülük prinsiplərinə söykənən bir fəaliyyətdir. Ən vacibi isə, dini mövzu və din məsələsi bütün dünyada olduğu kimi bizdə də ən həssas məsələlərdən biridir.
 
Burada cəmiyyət üçün din pərdəsi altında edilən neqativ, zərərli əməllər də ola bilər, başqa sözlə, məsələnin təhlükəli tərəfi də var. Bu səbəbdən mövzu tək ictimai şura üzvləri deyil, bütün ictimiyyətin diqqətində və nəzarətində olmalıdır.
 
 
-Bu vaxta qədər ictimai şuranızın görüdüyü işlər, əldə olunan nəaliyyətlər barədə məlumat verərdiniz.
 
-Bilirsiz ki, bir çox sahədə olduğu kimi dini məsələrdə də steriotiplər var. Var dedikdə, kifayət qədər çoxdur. Kimi üçünsə dəyər hesab etdiyi, başqası üçün dəyər ola biməz. Din bir inancdır, ibadətdir. Dini etiqad azadlığından isə sui istifadə yolverilmzdir. Mən dini inancı hər fərdin şəxsi məsələsi hesab edirəm, bu səbəbdən hər kəsin dini əqidəsinə, inancına hörmətlə yanaşmalıyıq.
Bir il əvvəl ictimai şura yarananda mən təklif etdim ki, biz ölkədəki dini qurumlarla görüşüb, onların işi ilə tanış olmalıyıq. Biz paytaxtda və bölgələrdə olan dini birliklərlə görüşlər keçirdik. Hər bir görüşdən hesabatlar hazırladıq. Şuramızın 7 üzvü var və birgə qərarlarımız olur. Bu vaxta qədər müxtəlif təşkilat, dövlət qurumları ilə məhsuldar görüş və müzakirələrimiz olub.
 
Bu yaxında Təhsil Nazirliyi və Ailə , qadın və Uşaq problemləri üzrə dövlət Kömitəsi yanında ictimai şuralar ilə görüş təşkil etdik. Görüşdə azyaşlı uşaqların, eləcə də qızların ailələrdə dini adətlərin təsirinə düşməsinin qarşısının alınması məsələsi də müzakirə olundu. Misal üçün, mən dəfələrlə azyaşlı məktəb uşaqlarının məcburi şəkildə qapalı geyindirilməsinin şahidi olmuşam. Sumqayıtda oğlumu məktəbə aparanda bir qızın hər dəfə məktəbə çatanda baş geyimini açdığını görürdüm.
 
Bu çox üzücü mənzərədir. Uşaqların hüquqları tanınmalıdır, uşaqlar hər məsələdə olduğu kimi, dini inanc, ibadət məsələsində məcburiyyət hiss etməməlidirlər, ailələr onlara seçim şansı verməlidir. Dinin doğru təbliği məsələsi isə bu günün hələ də ən vacib problemi olaraq qalır.
 
-Necə düşünürsüz, orta məktəblərdə din və dini qurumlarla bağlı ilkin dini biliyin tədrisi lazımdırmı? Bu təklif hələ də müzakirə olunur.
 
-Bizim konstitusiyaya görə, din dövlətdən ayrıdır və biz dünyəvi dövlətik. Orta məktəblərdə ayrıca dərsliklərin və dini mövzuda ədəbiyyatın tədrisi mübahisəlidir. Bunun xüsusi mexanizmi, proqramı olmalıdır, bunu da gərək din alimləri müzakirə edib tapmalıdır. Ali təhsil müəsisəsində isə gərəkli kurslar keçilir, misal üçün, vaxtiylə “Müsəlman hüququ”adlı fənn keçmişəm, ayrıca ilahiyyatla bağlı ali təhsil müəsisəmiz də var.
 
Bir daha vurğulamaq istəyirəm, din çox həssas məsələdir, kiməsə “sən doğru ibadət etmirsən”, “doğru yolda deyilsən” demək və qadağalar qoymaq olmaz. Sadəcə doğru məlumatların çatdırılmasına fürsət verilməlidir ki, hansısa dini missioner, ekstrimist boşluqdan istifadə edib niyyətinə çatmasın. Sizə öz müşahidələrimdən demək istəyirəm.
 
İllərdir, şəhid ailələri ilə mütamadi görüş və ziyarətlərimiz olur. Bir də baxırsan ki, getdiyin şəhid ailəsində aparılan söhbətlərin məğzi, istiqaməti dəyişib. Həmin naməlum dini qrupların izlərini gördükdən sonra, məsələ aydın olur. Ən ağrılısı odur ki, həmin qruplar insanların ən çətin, psixoloji sarsıntısından və həssas məqamından məharətlə istifadə edirlər.
 
Bir faktı deyim. Şəhid ailəsinin azyaşlı övladı transplantasiya əməliyyatı olmalı idi. Uğurlu əməliyyatdan çıxmış balamızın xəstəxanadan çıxışını eşitdik və onu görməyə getdik. Məlum oldu ki, bizdən qabaq artıq orada hansısa dini təriqətin nümayəndələri vardı. Hətta onlar təntənəli video, foto çəkilişləri edirdilər. Halbuki, həmin balanın xəstəxanaya yerləşdirilməsinə, onun xilasına biz dəstək olmuşduq, dövlət də bütün xərclərini ödəmişdi. Mən həmin mənzərədən sonra elə bil ayıldım və anladım ki, biz artıq gecikirik, təcili ciddi işlər görmək lazımdır. Axı, dini qruplar hədlərini belə aşmaqla fəaliyyət göstərə bilməz? Nəzarət mütləq gücləndirilməlidir! Ona görə də, biz ayıq- sayıq olmalıyıq. Vətəndaş cəmiyyəti olaraq vətəndaşının dərdini görən, onun hüququunu müdafiə edən tərəfdir. Dini məsələdə də də bu məram əsas tutulmalıdır.
 
 
-Dini kömitənin effektiv işi ilə bağlı cəmiyyətdə müxtəlif müsbət və mənfi fikirlər var, şura rəhbəri kimi işi necə dəyərləndirirsiz?
 
- Doğrudur. Düzü, vaxtiylə mənə də elə gəlirdi ki, komitə daha çox iş görməyə qadirdir, amma iş zəif aparılır. Xatırlayırsız, illər əvvəl, Suriyaya axın başlayanda xeyli neqativ hadisələrin şahidi olduq. Əlbəttə, narahatlıq yaradan dövr idi. İndi artıq bir çox işdə nəzarət mexanizmi gücləndirilib.
 
Düzü, bütün görüşlərdə nəzarətin gücləndirilməsi əsas mövzu olur. Komitənin işi ilə yaxından tanışam və nə yaxşı ki, onun son illər səlahiyyətləri artırılıb.
 
Müvafiq qanunvericilikdə dəyişikliklərin olması da buna təkan verdi. Elə son toplantımızda yeni qərarların tətbiqi məsələsi müzakirə olundu. Bu yaxında ictimaiyyətə də bəzi məqamlar çatdırılacaq. Əsas məsələ odur ki, yaxın vaxtlarda bölgələrdə yerli dini idarə və qurumlarda dini rəhbərlərin təyinatı ilə bağlı attestasiya keçiriləcək. Din xadimlərinin attestasiyasının keçirilmə qaydası da artıq təsdiqlənib.
 
Bizə xüsusən bölgələrdəki dini ab-hava, din sahəsində molla və axundların fəaliyyəti ilə bağlı çoxlu narazılıqlar daxil olur. Misal üçün, molla dediyimiz şəxslərin yas mərasimlərini necə apardığını reyd yolu ilə belə öyrənmək mümkün deyil. Ona görə də, savadlı dini rəhbərlər yerlərdə bu işə nəzarəti fərdi şəkildə qura bilərlər, həmçinin din haqda mədrəsələrdə doğru məlumatlandırmanı təmin etmək olar .
 
-Bu sahədə kadrlar, mütəxəssislər kifayət edirmi?
 
-Var, əlbəttə. İlahiyyat Universitetinin yeni tədris binası istifadəyə verildi, orada çox sayda savadlı alimlər var. Bu sahədə gənc kadrlar da yetişir. Əvvəl dövlətimiz xaricdə dini xadimlərin təhsil alması, ixtisaslaşması üçün pul xərcləyirdi. İndi artıq yerli mütəxəssislərin burada hazırlanmasına üstünlük veriləcək. Ümid edək ki, regionlardakı dini icma rəhbərlərinin fəaliyyəti xeyli yaxşılığa doğru dəyişəcək. İslam dinimiz doğru təbliğ olunacaq.
 
Nə olur olsun, bütün idealogiyaların əsasında milli idealogiyanın zərər görməməsi dayanır.
 
RAMİNƏ EYVAZQIZI
 
 
 
 
 
 
 
 
 
 
Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.