Günel Səfərova: Cəmiyyətdə ictimai şuranın vəzifəsini bilməyənlər çoxdur

Ölkədə dövlət qurumları yanında ictimai şuraların yaradılması və artıq daha aktiv fəaliyyətə başlaması prosesi davam edir. Təhsil Nazirliyi yanındakı ictimai şura yeni yaranan heyyəti ilə artıq işə başlayıb. Şuranın sədri Günel Səfərova ilə müsahibəni təqdim edirik.

Təqdimat: Günel Səfərova ixtisasca hüquqşünasdır. Daha çox insan hüquqları sahəsində ekspert kimi tanınır. “Vətəndaş” İctimai Birliyinin sədridir.

 

-Günel Xanım, məhz Təhsil Nazirliyi yanında ictimai şuraya daxil olmaq istəyiniz necə yarandı?

 - Sözsüz, özümə “hansı nazirliklər ilə ortaq fəaliyyətim ola bilər” sualını vermişdim. Amma məhz Təhsil Nazirliyində  təmsil olunmaq istəyinə təkan verən səbəblərim vardı. Mən təhsillə cəmiyyətin dəyişməsinə inanan biriyəm. Təhsil və maariflənmə insanın düşüncəsinə ciddi təsir edə bilər. İllərdir, təlimlər keçmişəm, həmin təlimlərin effektiv nəticələrini görmüşəm. Müxtəlif mövzulu təlimlərdən sonra özünü kəşf edən, potensialını öyrənən və özünü müxtəlif sahələrdə sınayan və tapan insanlar vardı, təlimdən qazandıqları hesabına biznesini yaradanlar oldu.

Təhsilə diqqətimi yönəldən və fikirlərimdə köklü şəkildə dəyişiklik edən digər səbəb bir neçə il əvvəl baş verən məktəbli Elinan hadisəsi oldu. Elə bil, cəmiyyət olaraq bu hadisə bizi silkələdi, yeni bir “bullinq” kəlməsini işlətməyə başladıq. Anladıq ki, bizim həyatımızda bu məqamlar varmış, şagird müəllim, şagirdlə şagird arasında psixoloji zorakılıq, fiziki qısnama həmişə olubmuş, sadəcə biz bunun fərqinə varmamışıq.

 

Beləliklə, qeyd etdiklərim sonrası qərar verdim ki, Təhsil Nazirliyi yanında ictimai şuraya  seçkilərdə iştirak edim. Mən çox demokrat adamam. Seçki şəffaflığı tərəfdarıyam, məni tanıyanlar bu mövzuda platformamı tam bilməsələr də, mənə etimad göstərdilər. Bizim cəmiyyətdə insan əsaslı idarəetmədən daha çox narazılıq olur, yəni ilk olraq insanın keyfiyyəti sonra işi diqqətə alınır. Bu əsas tutularaq, seçkilərdə daha çox mənim kimliyimə, ictimai fiqur kimi qiymət verdilər. Bu inamı doğrultmağa çalışırıq.

 

 

-İctimai Şura sədri kimi məsuliyyələrinizi izah edərdiniz?

 

- İctimai Şura sədrləri arasında qadın rəhbərlərdən biriyəm. Əlbəttə ki, hansısa komandaya rəhbərlik məsuliyyətində cins amilindən söhbət gedə bilməz, sevindiricidir ki, xanımlar da idarəetmədə yer alıb, liderliklə yanaşı bütün hallarda fəaliyyət istiqəmətləri şura üzvləri ilə birgə müəyyən edilir.

Hazırda bizim İctimai Şuranın 9 üzvü var. Üzvlər arasında nüfuzlu alimlərimiz, millət vəkilimiz, gənc müəllimlərimiz var. İctimai Şuranın üzvlərindən 3 nəfəri keçmiş şura üzvləridir.

 

İctimai şuraya tam fəaliyyətimizi verə bilmərik

 

Dörd aydır, fəaliyyətə start vermişik. Əlbəttə, hələlik tanışlıq, kimin hansı sahədə töhvə verməsi yolundayıq. Bu vaxta qədər şurada kəskin fikir ayrılığı müşahidə etməmişəm, hər kəs bacardığı qədər hansısa məsələ ilə bağlı təkliflərini verir.

 

Bilirsiz ki, ictiami şura ödənişli əsaslarla deyil, könüllü əsaslarla fəaliyyət göstərir, bu səbəbdən  kimsəni bütün işlərini kənara qoyub şuranın işi ilə maraqlnmağa məcbur etmək olmaz. İctimai şuraya tam fəaliyyətimizi verə bilmərik, çünki hər kəsin işi var. Mən QHT rəhbəriyəm, hüquqşünasam, QHT Agentliyində təmsilçiliyim var, Müşahidə Şurasının üzvüyəm, həmçinin müxtəlif layihələrdə ekspert kimi çalışıram.

 

Təhsillə bağlı problemlərin çoxluğunu, saysız iradların olduğunu hamımız bilirik

 

-Şuranız bu vaxta qədər hansı addımları atıb?

- Təhsillə bağlı problemlərin çoxluğunu, saysız iradların olduğunu hamımız bilirik. Hələlik cari işlərlə məşğuluq. Biz ilk işə ictimai dinləmələrlə başladıq. İlk mövzumuz orta məktəblərdə təlim, tərbiyə mövzusu oldu. Bu mövzu aktual idi, çünki bir müddət əvvəl sosial şəbəkələrdə məktəblərdəki  video çəkilişlər sürətlə yayılmışdı. Həmin videolarda sinif otaqlarında dəcəllik edən, müəllim, şagird davranışları əks olunmuşdu. Əslində, uşaqların emosional, yaş dövrünə görə hərəkəti, davranışları təbiidir. Çünki, hər zaman məktəbli uşaqların dəcəllikləri olub, bizim zamanımzda da olub, sadəcə çəkiliş üçün telefonumuz olmayıb, bunu nəzərə alaraq, anlayış göstərmək gərəkdur.

 

Birinci ictimai dinləmədə maraqlı təkliflər aldıq. Telefon gətirən şagirdlərə kobud davranıb, telefonunu əlindən alınca, onun səmərəli istifadəsinə çalışmaq olar. Misal üçün, dərs mövzusunu internet vasitəsiylə daha interaktiv etmək olar, uşaqlara tapşırıq verməklə tədrisin keyfiyyətini artırmaq olar. Uşaqla dil tapmaq, onun telefonundan səmərəli istifadəsi çox vacibdir. Digər məsələ, uşaqlarla birgə sinifin davranış qaydalarını müəyyən etmək təklifidir. Bu yolla sinfin qaydalarını yaratmaq olar ki, uşaqlar öz etdiyi əmələ məsuliyyətlə yanaşsın.

 

Təhsil Nazirinin iştirakı ilə məktəblərə ianənin verilməsi məsələsini də müzakirə etdik. Təhsil Naziri icma əsaslı məktəblərdə fond pulunun yığılmasını dəstəklədi və təəssüf ki, bu fikir cəmiyyətdə müxtəlif və yalnış reaksiyaya səbəb oldu. Halbuki, məsələnin əsasında məktəbin inkişafı idi.

 

Biz Avropa təhsilini istəyirik, amma bu təhsilin baha olduğunu bilmirik. İcma əsaslı məktəblərin yaradılması məsələsi vacibdir. Çünki məktəb dövlət strukturu olsa da, biz bilməliyik ki, məktəb hər kəsindir. Hazırda Təhsil İnstitutu ilə birgə araşdırma hazırlayırıq. Türkiyənin ailə -okul birliyi modelini tətbiq etmək istəyirik, hətta Türkiyədən bu sahədə mütəxəssis gətirdik.  

Məktəblərdə yığılan fond pulunun şəffaflığı təmin edilsə, valideyn də həmin pulun istifadəsinin hesabatını bilsə, cəmiyyətdə fikir dəyişəcək. Elə model hazırlamaq istəyirik ki, o model işləsin. Xarici modellər çoxdur, amma bizim məktəblərə uymaya bilər. Sonra pilot formatda tətbiq etmək istəyirik.

 

Müraciətlərdən 10-undan 8-i şəxsi istəyə bağlıdır.

 

-Təhsil sahəsi ölkədə ən çox müzakirə olunan, şikayət olunan sahədir. Yəqin artıq xeyli müraciətlər almısız?

- Bəli, xeyli sayda müraciət, şikayət, istəklər alırıq. Müraciətlərin demək olar ki, hamısı konkret faktlar və imza ilə gəlir.

 

Müraciətlərdən 10-undan 8-i şəxsi istəyə bağlıdır. Bizim bütün müraciətlərə reaksiyamız və cavabımız olur. Təəssüf ki, şəxsi istəklə bağlı müraciətlər bizlik deyil. Elə çox şikayətlər bizim səlahiyyətimiz, vəzifəmiz xaricindədir. Hələ də cəmiyyətdə ictimai şuranın vəzifəsini, bizim profilimizi bilməyənlər çoxdur. Bizim işimiz problemin həlli yox, onun necə həll olunmasına nəzarət etməkdir.

 

Diplomların tanınması ilə bağlı, MİQ imtahanı ilə bağlı çox müraciətlər, suallar olur.

Bir məqam da var, nazirlik iş aparır, amma ictimaiyyətin xəbəri yoxdur. Misal üçün, dərsliklərlə bağlı nazirliyin sorğuları var, amma ictimai dəstək, rəylər zəifdir, biz vasitəçi rolunu oynayırıq.

Bu yaxında təhsil yönümlü QHT –lərlə göüşlər keçirmişik. Təhsil strategiyamızı müzakirə etdik. Xeyli təkliflər toplandı. Təhsil platformasının yardılması  təklifi var, bu koordinasiya işini gücləndirməyə xidmət edəcək.

 

 

Maliyyə resurslarımız yoxdur, amma nazirliyin resursundan istifadə edirik.

 

-Təhsil Nazirliyi sizə işinizdə dəstək verirmi? Texniki resurslarla təmin olunmusunuz?

- Sevindirici odur ki, TN işlərimizə dəstək verir. Qurumun müvafiq şöbələri ilə əməkdaşlıq, vasitəçilik missiyamız davam edir. Biz fərdi şikayətlər üzərində iş qursaq, bizim işimiz itib batacaq. Çünki Nazirliyin qaynar xətti var, ora lazım olan müraciətlər qəbul olunur. Biz həmin şikayətlərin təmin olunması, reaksiyasina nəzarət edirik.

 

Maliyyə resurslarımız yoxdur, amma nazirliyin resursundan istifadə edirik. Ən azı tədbirlərin təşkili üçün ali təhsil binalarından, təhsil ekspertlərinin rəylərindən yararlanırıq.

 

Hazırda Nazirliyin bir sıra layihələrinə baxış, monitorinq keçiririk. Misal üçün, Coğrafiya üzrə Beynəlxalq olimpiadaya şagird hazırlayan Yaşar müəllimlə tanış olduq. Deməli, yerli zovodun içində kurs  yaradılıb, kurs zavodun ətrafında aztəminatlı ailələrin övladlarını pulsuz ali təhsil müəsisələrinə hazırlayır. Maraqlı nümunəni geniş tətbiq etmək lazımdır.

 

Təhsil Nazirliyi müəllimlərə qrant verir, onların monitorinqini keçiririk. Bu gözəl bir layihədir, müəllimlərin tədrisin keyfiyyətini artırmaq üçün maraqlı ideyaların qiymətləndirilməsidir. 

 

Mənim qarşıda duran istəklərimdən biri, bütün qurumlarda olan İctimai Şuraların toplantısını keçirilməsidir. Çünki təhsil elə sahədir ki, o digər sahələrlə bağlıdır. Misal üçün, tədris zamanı  mədəniyyət nazirliyinin dəstəyindən istifadə, DİN yanında ictimai şura ilə birgə uşaqlara yol hərəkəti qaydalarını öyrətmək, ekologiya nazirliyi yanında ictimai şura ilə məktəblilərin ətraf mühitlə bağlı layihəsini təşkil etmək və sairə.

 

Sentyabr ayından fəaliyyətimizin daha effektiv olacağına ümidliyəm.

 

-İctimai şuraların fəaliyəti ilə bağlı müvafiq qanun yetərlidirmi, hansısa boşluqlar varmı?  

-“İctimai İştirakçılıq haqqında” qanunda mütləq dəyişiklər, əlavələr olmalıdır. Qarşıdan gələn payız sessiyasında Milli Məclis ictimai şuraların səlahiyyətlərinı müəyyən etməli, nəzarət funksiyası daha detallı əksini tapmalıdır.

 

Sentyabr ayından fəaliyyətimizin daha effektiv olacağına ümidliyəm.

Qeyd edim ki, iki il sonra ictimai şura üçün növbəti seçkilər keçiriləcək. Biz çalışırıq ki, bu iki il ərzində iş prinsiplərimizi, strategiyanı elə quraq ki, bizdən sonra gələnlər üçün fəaliyyət daha sistemli, rahat olsun.

 

RAMİNƏ EYVAZQIZI

İctimaishura.az

 

 

Fotolar

Paylaş