Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib - FOTOLAR

15 iyul 2021-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının konfrans zalında “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun Azərbaycan Respublikası Nazirlər Kabinetinın qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, İctimai Şuraya seçkilər təşkil edilmişdir.

Qeydə alınmış 43 vətəndaş cəmiyyəti institutunun namizədləri arasında keçirilmiş seçkidə 129 təşkilat səs vermədə iştirak etmişdir.

Seçkini açıq elan edən nazir müavini, seçki komissiyasının sədri İntiqam Babayev İctimai Şuranın əhəmiyyəti, ictimai nəzarətin həyata keçirilməsində dövlət və QHT əməkdaşlığı barədə danışmışdır. Sonra o, 1994-cü ildən nazirliyin yanında yalnız Gənclərlə iş üzrə İctimai Şuranın olduğunu bildirimişdir. O nazirliyin 2 dövlət siyasətini icra etdiyi üçün qanunvericiliyin tələblərinə görə hər 2 sahəni təmsil edən vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın formalaşdırılmasının vacibliyini vurğulamış və seçkinin tam şəffaf və ədalətli keçirilməsi üçün bütün imkanların yaradıldığını qeyd etmişdir.

Keçirilmiş gizli səs vermənin nəticələrinə görə heç bir vətəndaş cəmiyyəti institutunun nümayəndəsi səslərin çoxluğunu qazana bilməmişdir. Qanunvericiliyin tələblərinə görə təkrar seçki 17 iyul 2021-ci il tarixdə, saat 10:00-dan 13:00-na kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının konfrans zalında keçiriləcəkdir.

Ünvan: Fərələi Xan Xoyski 98 (“Gənclik” metrosunun yaxınlığı).

QEYD: 1994-cü ildən Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şura fəaliyyət göstərir. İctimai şuranın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclər təşkilatlarının iştirakını təmin etmək olmuşdur. İndiyədək ictimai şuranın iclaslarında Prezident, Milli Məclis və bələdiyyə seçkilərində gənclərin iştirakı, qanunların və dövlət proqramlarının layihələri, Azərbaycan Gənclərinin Forumlarının keçirilməsi, gənclərin vətənpərvərlik tərbiyəsi, Ermənsitan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair faktların dünya ictimaiyyətinə çatdırılması, gənclərin sosial şəbəkələrdə fəaliyyəti və s. məsələlər müzakirə olunmuş, dünyada və respublikada baş verən mühüm ictimai-siyasi hadisələrə münasibət bildirilmişdir.


Paylaş

Aktiv sorğu yoxdur.