İctimai şura üzvləri LDU-da imtahanların gedişini izləyib

Lənkəran Dövlət Universitetində (LDU) fəaliyyət göstərən ictimai nəzarət qrupu- İctimai şura tam yenilənmiş tərkiblə 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə bu gün LDU-da keçirilən imtahanların gedişini canlı izləyib.

Bu barədə  LDU-dan məlumat verilib.


Universitetdən bildirilib ki, ictimai şuranın sədri, Lənkəran şəhər Xarici Dillər Təmayüllü gimnaziyanın direktoru, respublikanın əməkdar müəllimi Mənsur Ağayev və şura üzvləri- Azərbaycan Respublikasının xalq artisti, Lənkəran   Dövlət Dram Teatrının aktyoru Qabil Quliyev, Lənkəran şəhər S.Kazımbəyov adına texniki-riyaziyyat təmayüllü liseyin direktoru, respublikanın əməkdar müəllimi, fizika-riyazıyyat elmləri namizədi Akif Xalıqov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran Regional Bölməsinin müdiri Qağayı Məmmədov universitetin tədris korpuslarında imtahanların gedişi, imtahan mərkəzinin fəaliyyəti, Operativ Qərargahın işi ilə yaxından tanış olublar.


İmtahan tarixlərinin və saatlarının sessiyanın gedişi ərəfəsində tələbələrin özləri tərəfindən təyin olunması, tələbələrə imtahanın vaxtı, keçiriləcəyi otağın nömrəsi və s. barədə bir gün öncədən sms-lərin göndərilməsi İctimai şuranın üzvlərinin diqqətini xüsusilə cəlb edib. Lənkəran Dövlət Universitetində gördüklərindən razı qalan şura üzvləri tələbələrə uğurlar arzu edərək imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyi, tələbələr üçün lazımi şərait yaradıldığı üçün universitet rəhbərliyinə minnətdarlıq bildiriblər.

Fotolar

Paylaş

2024-cü il üzrə ən fəal İctimai Şura hansıdır?