İctimaishura.az saytının  4 yaşı tamam olur

Bu gün ictimai şuralar ilə bağlı Azərbaycanın ilk və yeganə onlayn platforması olan ictimaishura.az (PublicCouncil.AZ) saytının  yaradılmasının 4 ili tamam olur.

 

Bu barədə Platformanın yaradıcısı, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə məlumat verib:

“Platformanın yaranması ideyası Cənab Prezident İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çağırışından ilhamlanaraq ortaya çıxdı. Bu platformanın ideyası şəxsən mənə məxsusdur! Düşündüm ki, belə bir platforma həm vətəndaş cəmiyyətinə, həm də dövlət qurumlarının fəaliyyətinə mühüm dəstək verə bilər.

 

Hesab edirəm ki, bu layihə uğurlu oldu və imzamızı qoymağı bacardıq. Hər zaman çalışdıq ki, fərqli və faydalı işlər görək, cəmiyyətimizə davamlı töhfə verək. İnanıram ki, bu platforma öz nüfuzunu daha da artıraraq vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında mühüm bir körpü rolunu oynamağa davam edəcək.

 

Bu platformanın əsas məqsədi, ictimai şuraların fəaliyyətini daha şəffaf və səmərəli etmək, ictimai nəzarətin güclənməsinə töhfə verməkdir. Dörd il ərzində bir çox yeniliklər və layihələr həyata keçirdik. ictimaishura.az (PublicCouncil.AZ) vasitəsilə ictimai şuraların fəaliyyəti ilə bağlı məlumatların mütəmadi olaraq yayımlanması, ictimai müzakirələrin təşkili və ictimaiyyətin proseslərə cəlb olunması üçün vacib bir vasitə yaradıldı.

Bu müddət ərzində platforma ictimai iştiakçılıq ilə bağlı diqqət çəkən bir layihə oldu. İctimai nəzarətin təşkili sahəsində uğurlu təcrübə kimi nümunə göstərildi.

 

Əldə olunan nailiyyətlər təkcə bizim deyil, bu platformaya inanan, dəstək verən bütün tərəfdaşların və ictimai şuraların uğurudur. Biz birgə əməkdaşlıqla daha böyük nəticələr əldə edə biləcəyimizə inanırıq.

Gələcəkdə də platformanın funksionallığını genişləndirmək, yeni xidmətlər və alətlər təqdim etməklə fəaliyyətimizi davam etdirəcəyik. Hədəfimiz, ictimai şuraların daha effektiv işləməsi, vətəndaşların problemlərinin vaxtında həll olunması və ictimai nəzarətin güclənməsinə daha da böyük dəstək verməkdir.

 

Bu gün bir daha xüsusi minnətdarlıqla bizimlə əməkdaşlıq edən dövlət qurumlarına və ictimai şuralara dərin təşəkkürümü bildirirəm. Onların dəstəyi və əməkdaşlığı olmadan bu platformanın uğurlu fəaliyyəti mümkün olmazdı. İnanıram ki, gələcəkdə də birgə səylərimiz nəticəsində daha böyük nailiyyətlər əldə edəcəyik və ictimai nəzarətin gücləndirilməsi sahəsində davamlı uğurlar qazanacağıq.”

 


Paylaş

2024-cü il üzrə ən fəal İctimai Şura hansıdır?