“Sosial müdafiə sahəsində şəffaflığın təmin edilməsi və elektron həllərin tətbiqi” mövzusunda vətəndaş cəmiyyəti institutları ilə görüş keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində “Sosial müdafiə sahəsində şəffaflığın təmin edilməsi və elektron həllərin tətbiqi” mövzusunda vətəndaş cəmiyyəti institutları ilə görüş keçirilib.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Nazirlik yanında İctimai şuranın sədri, professor Elşad Məmmədov, QHT-lərin nümayəndələri iştirak ediblər.
A.Əliyev Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası olaraq, əmək, məşğulluq, sosial müdafiə sahələrində şəffaflığın təminatı, korrupsiyaya şərait yaradan halların qarşısının alınması məqsədilə son illər həyata keçirilən islahatları diqqətə çatdırıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST Konsepsiyasının sosial xidmətlərin innovativ yanaşmalar əsasında tam şəffaf, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan verdiyi vurğulanıb.
2018-2024-cü illərdə dövlət sosial xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib. Nazirliyin 160 xidmətindən 145-dən və ya 90 faizdən çoxunun elektronlaşdırıldığı qeyd olunub. 2019-cu ildən yaradılan 50-dən çox proaktiv xidmət vasitəsilə sosial ödənişlərin müraciət olunmadan və sənəd təqdim edilmədən e-sistem üzərindən təyin olunduğu bildirilib. “142” Çağrı mərkəzinin iş mexanizminin təkmilləşdirilməsi, Nazirliyin fəaliyyətində ictimai iştirakçılığın təmin olunması sahəsində atılan addımlar diqqətə çatdırılıb. Nazirliyin rəsmi saytında bütün sosial proqramlara aid bölmələrin olduğu, bu bölmələrdə həmin proqramlar, onların icra mexanizmi, müraciət qaydaları və s. dair məlumatların açıqlandığı qeyd olunub.
E.Məmmədov DOST mərkəzlərində göstərilən xidmətlərin, sosial sahədə e-texnologiyaların geniş tətbiqinin xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, çevikliyinin və şəffaflığının təmin olunmasına imkan yaratdığını vurğulayıb.
Sosial müdafiə sahəsində antikorrupsiya tədbirlərinə, DOST Konsepsiyasına və elektron həllərin tətbiqinə dair təqdimatlar edilib. Son illər Nazirliyin qurumlarına bir çox beynəlxalq standartlar, o cümlədən antikorrupsiya idarətmə sistemi üzrə ISO 37001 beynəlxalq standartı üzrə sertifikat təqdim edildiyi qeyd olunub. Elektron həllərin tətbiqi barədə geniş məlumat verilib.
Qeyd olunub ki, həmçinin nazirliyin bütün xidmətləri e-sosial portalında reyestr formasında təqdim olunur. Portalın əsas səhifəsində axtarış alqoritmləri daha da təkmilləşdirilib ki, bu da nəticələrin sürətli və dəqiq şəkildə təqdim olunmasını təmin edir.
Nazirliyin «Sosial Bot» layihəsi, peşə və kvalifikasiya standartlarının reyestri, özünüməşğulluq proqramı çərçivəsində aktiv alanlar və s. barədə məlumatlar da e-sosial portalına inteqrasiya edilib. Şəffaflığın artırılması məqsədilə dövlət xidmətləri portalında Nazirlik üzrə xidmətlərə dair məlumatların mütəmadi olaraq yenilənməsi işləri görülür.
«Əmək və Məşğulluq» altsitsteminin əmək bazarı iştirakçılarının məşğulluq xidmətlərindən çevik və şəffaf şəkildə yararlanmaları üçün üstünlükləri qeyd olunub.
Görüşdə qeyd olunan mövzuda müzakirələr aparılıb, rəy və təkliflər bildirilib.