İctimai Şuranın üzvləri ilə Milli Məclisdə görüş olub - FOTO

Fevralın 16-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri arasında görüş keçirilib.

QHT.az xəbər verir ki, tədbiri açan komitə sədri Tahir Mirkişili VI çağırış Milli Məclisin yaz sessiyasının iş planına daxil olan məsələlərdən birinin ictimai sektorun nümayəndələri görüşlərin keçirilməsi və ictimai iştirakçılığın artırılması olduğunu bildirib. Qeyd edilib ki, qanunverici aktların hazırlanmasında və müzakirəsində ictimaiyyətin iştirakının təmin olunması diqqətdə saxlanılır və müzakirələr zamanı ictimaiyyətin rəyi xüsusi qiymətləndirilir.

 

Tahir Mirkişili komitə ilə Şura arasında kifayət qədər konstruktiv əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. Belə formatda görüşün ilk dəfə təşkil olunduğunu diqqətə çatdıran komitə sədri qanunvericiliyin təkmilləşdirilməsi və yeni təkliflər baxımından əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib. Onun sözlərinə görə, “İctimai iştirakçılıq haqında” Qanunun tələblərinə əsasən, iştirakçılığın əsas məqsədlərindən biri də dövlət siyasətinin hazırlanmasında və icra edilməsində ictimaiyyətin fəal iştirakının təmin olunmasıdır.

 

Komitə sədri vurğulayıb ki, ictimai sektorun iştirakçılığı, islahatların davam etdirilməsi ölkə iqtisadiyyatının daha da inkişafına töhfə verə bilər. İctimai şuralarla bağlı Türkiyənin təcrübəsindən danışan komitə sədri cəmiyyətdə və idarəetmədə ictimai təşkilatların rolunu xüsusi qeyd edib. Bu sahədə görüləcək işlərə toxunan komitə sədri Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə görüşlərin nəzərdə tutulduğunu da diqqətə çatdırıb.

Görüşdə çıxış edən İctimai Şuranın sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov şuranın bir il yarımdır ki, fəaliyyətə başladığını deyib. Qeyd edib ki, “İştirakçılıq haqqında” Qanunun tələblərinə uyğun olaraq, İctimai Şuranın qarşısında duran ən mühüm məsələ sahibkarların normativ hüquqi sənədlərin hazırlanmasına cəlb edilməsidir. Bu istiqamətdə mexanizmlərin hazırlanmasının vacibliyini vurğulayan İctimai Şuranın sədri bildirib ki, sahibkarların əksəriyyəti şuranın fəaliyyətindən xəbərsizdirlər.

 

Şura sədri bu prosesə qoşulmaq üçün diferensiallaşma və rəqəmsallaşmasının zəruriliyini qeyd edib. Diqqətə çatdırıb ki, birgə fəaliyyət ümumi işə, qanunvericiliyin təkmilləşdirilməsinə öz töhfəsini verəcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, deputatlar Vahid Əhmədov, Ziyad Səmədzadə, Məşhur Məmmədov, Rüfət Quliyev, Vüqar Bayramov, Elnur Allahverdiyev və Aydın Hüseynov görüşdə çıxış edərək fikirlərini bildiri, təkliflərini səsləndiriblər.

 

Digər çıxış edənlər - İctimai Şuranın katibi Fərhad Qaraşov, Dövlət Vergi Xidmətinin, Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin sədri Səkinə Babayeva, İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Rəşad Həsənov, “Şəffaflıq – Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin sədri Əliməmməd Nuriyev iştirakçılıqla bağlı rəylərini ifadə edib, qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

 

Söhbət zamanı İctimai Şuranın üzvlərini maraqlandıran suallara aydınlıq gətirilib.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.