İctimai Şuralar regionlarda ictimai iştirakçılığa yeni töhfələr verirlər

Son illər respublikamızın ictimai-siyasi həyatına daxil olmuş yeniliklərdən biri də icra strukturları, komitə və nazirliklər yanında ictimai şuraların yaradılması olmuşdur. Sosial sifarişdən qaynaqlanan bu yenilik   nəticəsində  vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti genişlənmiş, QHT-lərin  dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesində   iştirakçılığı artmışdır. Bu günlər  sosial və ictimai –siyasi həyatın müxtəlif sahələrində olduğu kimi, yeni yaradılmış ictimai şuralarda da  görülmüş işlərə, həyata keçirilmiş tədbirlərə  dair hesabatlar verilir, yeni il üçün qarşıda duran vəzifələr müzakirə olunur.

Salyan Rayon İcra Hakimiyyəti yanında yaradılmış İctimai Şura  da 2022-ci ildə görülən işlər barədə ictimaiyyətə məlumat vermişdir.   Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda  ictimaiyyət nümayəndələri də  iştirak etmişlər.

İctimai Şuranın sədri Rüstəm Məlikov, üzvlərdən Məhəmməd Ağayev, Allahverdi Piriyev, Sevda Quliyeva, Arif Əsgərov, Sevinc Bünyatova, Vəfa Əbilova, Məmməd Zayidov, ictimaiyyət nümayəndələrindən Nübar Bayramova və Könül Qafarova   çıxış edərək bildirmişdir ki, yola saldığımız ildə  Salyan Rayon İcra Hakimiyyəti  yanında yaradılmış İctimai Şura mövcud əsasnaməyə uyğun olaraq fəaliyyət göstərməklə,   işlərini vətəndaşlarla  yerli icra hakimiyyəti və digər dövlət təşkilatları ilə əlaqəli  şəkildə qurmağa çalışmışdır.

Yola saldığımız ildə  İctimai Şura üzvləri rayon icra hakimiyyəti və digər dövlət qurumlarının təşkil etdiyi vətəndaş qəbullarında, ümumrayon və digər ənənəvi tədbirlərdə, xüsusən  şəhidlərimizə həsr olunmuş yığıncaqlarda iştirak və çıxış etmişlər. Şəhid ailələrini ziyarət etmək, kədərlərinə şərik olmaq, onların sosial problemlərinin həllinə, malik olduqları imtiyazlardan maksimum istifadə edilməsinə dəstək  olmaq Şuranın əsas fəaliyyət sahəsi olmuşdur. 
İctimai  Şura üzvləri  şəhid mayor Müseyib Zeynalovun ailəsində olmaq, anası Səfurə xanımla görüşmək, şəhid oğlumuz Sabir Salahovun atası Hikmət Salahovu ziyarət etmək, Aprel şəhidimiz Rəşid Mehdiyevə, birinci Qarabağ şəhidi Asəf Xankişiyevə, şəhərin Yunis Zərğərli küçəsinin  şəhidlərinin xatirəsinə ucaldılmış xatirə lövhəsinin açılışına  həsr olunmuş mərasimdə iştirak etməklə  tədbirlərə ictimai məzmun vermişlər.

İl ərzində Arbatan, Marışlı, Seyidsadıqlı  kəndlərinin ictimaiyyəti ilə keçirilən görüşlərdə ictimai iştirakçılığın mahiyyəti barədə insanlarla maarifləndirici söhbətlər aparılmış və onları narahat edən bir sıra məsələlər dinlənilmişdir. Kənd adamları ərazidə ekoloji problemlərdən danışmış və Kür çayının ərazisindən keçən “bala Kür” adlanan qolunun antisanitar vəziyyətindən narahat olduqlarını bildirmişlər. Həmçinin kənddə yeni iş və  xidmət yerlərinin açılması istəyi də ifadə olunmuşdur. Qaldırılan məsələlər ictimailəşdirilmiş, aidiyyəti təşkilatlar qarşısında qaldırılmış, həlli ictimai nəzarətə götürülmüşdür.

    İctimai Şura mövcud əsasnamənin tələblərinə uyğun olaraq  vətəndaşların qaldırdıqları problemlərin həlli və irəli sürülən müxtəlif məzmunlu təklif və təşəbbüslərin  müzakirəsinə həsr olunmuş   dörd iclas  keçirmişdir. Şuranın  yığıncaqlarının ikisində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov iştirak etmiş və şura üzvləri tərəfindən qaldırılan  məsələlilərə müsbət münasibət bildirmiş, ictimai əhəmiyyət daşıyan məsələlərin həlli üçün müvafiq tapşırıqlar vermişdir. Yeri gəlmişkən qeyd edək ki, RİH başçısı   Şura üzvlərinə yeni  üzvlük vəsiqələrini  təqdim etmişdir

Ötən il sosial şəbəkədə “Salyan Rayon İcra Hakimiyyəti yanında İctimai Şura” adlı  yeni səhifənin yaradılması  respublikamızın vətəndaş cəmiyyətinin yaxından həyata keçirməyə başladığı    ictimai  iştirakçılıq və ictimai nəzarət funksiyasında  vətəndaşlarla təmasın yeni, ilk müsbət  təcrübələrindən biri kimi   qarşılanmışdır.  

Hesabat ilində Şura üzləri ictimai iştirakçılığa aid ümumrespublika əhəmiyyətli regional tədbirlərdə iştirak və  maraqlı təkliflərlə çıxışlar etmişlər.  Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Şirvan şəhərində təşkil etdiyi “QHT dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai  nəzarət mexanizminin gücləndirilməsi” adlı respublika zona konfransında Salyan Rayon İcra Hakimiyyəti yanında  yaradılmış İctimai Şuranın fəaliyyəti müsbət təcrübə kimi təqdir edilmişdir.  Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Ağentliyinin  maliyyə yardımı ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Regionlarda ictimai iştirakçılığın təşviqi” layihəsi çərçivəsində keçirilən tədbirə  qatılmış, təcrübə mübadiləsi aparılmış və şura üzvlərinin bilik və bacarıqlarının  inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.
Yığıncaqda İctimai Şuranın fəaliyyətinin daha səmərəli və praktik olması üçün təkliflər verilmiş, müzakirə olunan məsələyə dair müvafiq qərar qəbul edilmiş, yeni ildə görüləcək işlərin istiqamətləri müəyyənləşdirilmiş və    iş planı təsdiq edilmişdir.


Paylaş